Payız küləyi təhlükəli uğuldayır
Müasir dövrdə siyasət açıq danışmağı, şəffaflığı sevir. İnformasiya texnologiyalarının xüsusi sürətlə inkişaf etdiyi XXI əsrdə bu sahədə nəyisə ört-basdır etmək qeyri-mümkündür.
Azərbaycanda islahatlar dalğası başlayandan, zamanı çoxdan keçmiş, uzun illər məkrli şəkildə, altdan-altdan müqavimət göstərmək cəhdində bulunan qüvvələrin (onlara “köhnə qvardiya” və oliqarxlar da deyilir) yola salınması prosesinə start veriləndən etibarən ölkədə və xaricdə az-çox siyasətlə məşğul olan hər kəs (istər müxalifət, istərsə də islahatları dəstəkləyənlər) payızda hansısa gərgin və qorxulu hadisələrin baş verəcəyindən danışır. Onlar Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi ölkəmizi təhdid edən, işğalçı Ermənistanın müttəfiqi və havadarı Rusiyanın “əsas adamı” adlandırır, Əli İnsanovla və onun əhatəsində olan revanşist müxalifətlə birləşərək payızda hakimiyyətdən əvəz çıxmağa hazırlaşdığını vurğulayırlar.
Ən təəccüblüsü odur ki, hakimiyyətin icra və qanunverici qanadlarında təmsil olunan rəsmi şəxslər deyilənlərə və baş verənlərə susqun münasibət nümayiş etdirirlər. Onlar iqtidar daxilində hansısa gözəgörünməz bir qüvvənin xalqı hakimiyyətdən narazı salacaq hərəkətlərini idarə etməsini də sükutla qarşılayırlar. Əslində polis əməkdaşlarının Bakı sakinlərinin evinə sübh tezdən basqın yapıb, baş verənləri telefona çəkərək, sosial şəbəkələrdə paylaşması, “AzərTAc” Dövlət İnformasiya Agentliyininın AMEA prezidentinin yolverilməz ifadələrdən istifadə etdiyi müsahibəsini yayması, həmin şəxsin sərt karantin rejimində nəvəsinə toy mərasimi keçirməsi hakimiyyətin nüfuzuna zərbə vurmaq və ona meydan oxumaq idi. Sonra da məlum olur ki, Siyavuş Novruzov kimi YAP funksioneri, MM üzvü və komitə rəhbəri “İlham Əliyevdən icazə almışam” uydurması ilə toya dəvət edilib.
Hakimiyyətin isə müdafiəsinə yalnız …hüquqşünas, ictimai-siyasi fəallığı ilə seçilən, son illərdə Ramiz Mehdiyev-Əli Həsənov çütlüyünə qarşı mübarizə aparan Aslan İsmayılov qalxır. Əgər fikir verirsinizsə, A.İsmayılov hakimiyyətin sözçüsü vəzifəsini yerinə yetirməyə başlayıb. O, keçmiş və indiki məmurların xoşagəlməz addımlarını iqtidar nümayəndələrinin və cəmiyyətin nəzərinə çatdırır, islahatçı qanadı müdafiə etdiyini etiraf edir, onları tələsməyə çağırır, əks halda hadisələrin yaxşı məcrada inkişaf etməyəcəyi, hətta Azərbaycanın dövlət müstəqilliyinin itiriləcəyi ilə bağlı xəbərdarlıqlar edir.
Hüquqşünasın təşvişini anlamaq olur. Azərbaycanın qüdrətli dövlətə çevrilməsini, enerji ehtiyatlarını Avropaya çıxarmasını, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etməsini qətiyyən arzulamayan Rusiyanın rəsmi Bakıya basqısı, ermənilərin əli ilə dövlət sərhədlərimizdə xaincəsinə hücumlar təşkil etməsi, ölkəmizdəki əlaltıları vasitəsilə isə daxildə təxribatlar törətməyə can atması göz qabağındadır.
Və ortaya suallar çıxır. Hakimiyyətin rəsmi nümayəndələri, sözçüləri və ekspertləri haradadırlar? Onlar niyə susurlar? Nədən deputat Vahid Əhmədovdan başqa heç kim ürəklə dövlətimizin müdafiəsinə qalxmır, dostun və düşmənin kim olduğunu açıq söyləmir, mövcud vəziyyətdən çıxış yolunu göstərmir?
Müasir tariximiz siyasi susqunluğun acı nəticələrini AXC–Müsavat hakimiyyətinin çökməsi zamanı görüb. Prezident Əbülfəz Elçibəyin komandasının problemləri vaxtında cəmiyyətə açıqlamaması Surət Hüseynov kimi qiyamçının ortaya çıxmasına və ölkəyə meydan oxumasına səbəb oldu. AXC–Müsavat iqtidarı nə medianın gücündən istifadə, nə də vətəndaş cəmiyyətinin müqavimətini təşkil edə bildi. Dövlətin nümayəndələri rəsmi Moskvanın təhdidlərini, Rusiyanın adamı olan Surət Hüseynovla və sair qüvvələrlə bağlı həqiqəti xalqa vaxtında söyləmədi, əksinə, Fərəc Quliyevin qıcıqlandırıcı bəyanatla çıxış etməsinə şərait yaratdı. 4 iyun qiyamı zamanı əsl həqiqəti xalqa söyləmək əvəzinə nala-mıxa vurdu, hər şeyi bağlı qapılar arxasında həll etməyə çalışdı. Nəticəsi məlumdur: hakimiyyətlərinin ömrü bir il çəkdi və hələ də müxalifətdədirlər…
Amma görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə qayıdışı zamanı nə etdi? O, Gəncə qiyamı başa çatana, dövlətin təhlükəsizliyinə təhdid olan qüvvələr zərərsizləşdirilənədək hər bir məsələni xalqın gözü qarşısında, aşkarlıqla həll etdi. Xalq canlı yayımlanan parlament iclaslarında Surət Hüseynov, Rəhim Qazıyev, İsgəndər Həmidov kimi avantürist, xəyanətkar insanların nəyə qadir olduqlarını gördü. Onların siyasi karyeralarına birdəfəlik son qoyuldu. Təsadüfi deyil ki, 1993-cü ilin oktyabrında baş tutan prezident seçkilərində ciddi müxalifət qüvvələrindən heç kim Heydər Əliyevə rəqib olmaq istəmədi. 1994-cü il hadisələri zamanı isə xalqa birbaşa müraciəti ilə Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasında maraqlı olan böyük xalq kütləsinin Prezident Aparatı qarşısına toplaşmasına nail oldu. 1995-ci ilin mart hadisələri zamanı Heydər Əliyevin mərd, açıq danışığı ölkəmizi daha bir bəladan qurtardı.
Bundan başqa, Heydər Əliyevin komandasında çoxsaylı cəsarətli, dərrakəli, vətənpərvər müşavirlərin (məsələn, Vəfa Quluzadə kimi), politoloqların və ekspertlərin təmsil olunması, onların hər məsələyə kütləvi informasiya vasitələri ilə vaxtında aydınlıq gətirməsi ölkəmizdə sabitliyin yaranmasında və qorunub saxlanmasında böyük rol oynadı. Bəlkə də Ramiz Mehdiyev–Əli Həsənov cütlüyü qəsdən Prezident Administrasiyasından belə mütəxəssislərin uzaqlaşdırılmasına səbəb olub.
Digər təəccüblü məqam “AzərTAc” kimi Dövlət İnformasiya Agentliyinin Ramiz Mehdiyevin məlum müsahibəsini dərc etməsi və çox güman ki, müdaxilə olunandan sonra yazını silməsi oldu. Əgər dövlətin informasiya agentliyinə rəhbərlik edən şəxslər müsahibədəki incə məqamları tuta bilmirlərsə, ölkədəki qüvvələr balansındakı dəyişiklikləri anlaya bilmirlərsə, deməli, məsələ çox qəlizdir. Hazırda büdcəsi və imkanları “AzərTAc”ın büdcəsi və imkanları ilə müqayisəyə gəlməyən müstəqil saytlar bu işi daha böyük peşəkarlıqla həyata keçirirlər.
İstənilən xalqın müstəqil dövlətə malik olması və azad yaşaması çox böyük nemətdir. Bir əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olmaq da hər xalqın qisməti deyil. Bu, xalqımıza nəsib olub. Bundan başqa, çağdaş tariximiz dəfələrlə sübut edib ki, dövlət müstəqilliyimizə təhlükə yaranması xalqımızın ayağa qalxmasına, yumruq kimi birləşməsinə səbəb olur.
Əgər payızda xalqın sosial-iqtisadi problemlər üzündən ayağa qalxması və bundan ruspərəst və daha hansısa …pərəstlərin sui-istifadə təhlükəsu varsa, deməli, bununla bağlı dövlət öz sözünü deməlidir. Ölkəmizin müstəqilliyinə təhlükə yaranıbsa, ziyalılar meydana çıxmalıdır. Hərçənd, ölkəmizdə səsini ucaldacaq nüfuzlu ziyalıların azlığı da başqa problemdir və narahatlıq doğurur. Prezidentin köməkçisi Anar Ələkbərovun vaxtaşırı ziyalılarla görüş keçirməsi ənənə halını almağa başlasa da, orada iştirak edənlərin cəmiyyətdə sözünün eşidilmədiyi heç kimə sirr deyil. Ölkəmizdən “beyin axını”, cəmiyyətin deqradasiyaya uğraması göz önündədir. Əgər sovet dönəminin Azərbaycanında görkəmli şair Bəxtiyar Vahabzadə dissident kimi tanınırdısa, əsərləri ilə insanların könlünü fəth edirdisə, bu günün “dissident” yazıçısı əyyaş davranışlı Kəramət Böyükçöldür. Onu heç Mirzə Cəlil Məmmədquluzadənin “kefli İsgəndəri” də adlandırmaq olmaz!
Amma bu proses əsla “əcinnə ovu”na çıxmaq, zorakı hərəkətlərə əl atmaq şəklində həyata keçirilməməlidir. Məmləkətimizin adının beynəlxalq hesabatlarda, nüfuzlu reytinqlərdə mənfi mənada çəkilməsi, dövlətimizin imicinin zədələnməsi ilə nəticələnəcək addımlar atmaq olmaz. Hər şey ortadadır. Əsas məsələ revanşıst qüvvələrin əhalinin narazılığından sui-istifadə etməsinə, radikal müxalifətlə revanşistlərin birləşməsinə yol verməməkdir. Odur ki, payıza qədər xalqın sosial problemlərini sözdə deyil, əməli şəkildə həll etmək istiqamətində hökumətə nüfuz gətirə biləcək müsbət addımlar atmaq, revanşist qüvvələri bütün siyasi, iqtisadi və maliyyə rıçaqlarından qanuni şəkildə məhrum etmək, onların hakimiyyətdəki əlaltılarını siyasi, iqtisadi və media sahələrindəki önəmli vəzifələrindən dərhal kənarlaşdırmaq lazımdır.
Artıq YAP-da bu proses başlayıb. Toy macərası bu yaxınlaradək Ramiz Mehdiyevi dəstəkləyən Siyavuş Novruzovun istefasına gətirib çıxardı. Növbə digərlərinindir…
Bu günlərdə tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində hazırda ABŞ-da yaşayan SSRİ DTK-sının kəşfiyyatçısı Yuri Şvets bildirdi ki, Ukraynanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün 20 nəfər ağıllı, savadlı, korrupsiyaya bulaşmamış və dövlətini Corc Vaşinqton kimi təmənnasız sevən şəxs lazımdır. Bu fikir bizə də aiddir. Prezident İlham Əliyevin komandasında yalnız Azərbaycan dövlətini ürəkdən sevən, ölkəmizin maraqlarına təmənnasız xidmət edən, onu siyasi, iqtisadi və sosial cəhətdən güclü dövlətə çevirməyi bacaran ağıllı, savadlı, qürurlu, təmiz şəxslər təmsil olunmalıdırlar. Onları, sadəcə, axtarıb tapmaq lazımdır.
Yaşasın, müstəqil Azərbaycan dövlətimiz!
Xatirə SADİQ