Koronavirus pandemiyası ilə əlaqəli bəşəriyyət üçün planetar bir sınaq halına gələn 2020-ci il sona çatdı. Ötən il müəyyən dövlətlər həm pandemiya, həm də digər səbəbdən həddindən artıq pis vəziyyətə düşdü. Bəziləri davam edən geosiyasi yarışda xal itirdi və getdikcə daha çox geri qaldı, bəziləri isə sadəcə heç nə əldə edə bilmədi.
Lakin elə dövlətlər oldu ki, ötən il liderliyə yüksəldi. Bu mənada 2020-ci ildə yalnız yəhərdə qalmağı və xəndəyə düşməməyi, həm də başgicəlləndirici sıçrayış etməyi bacaranların arasında dünya birliyi üçün ilin əsas kəşfi olan Azərbaycan da var.
Son illər və onilliklər ərzində dünya siyasətçilərin, diplomatların, hərbçilərin belə həll edə bilmədiyi dondurulmuş münaqişələrin və regional müharibələrin qalması amilinə alışmışdı. Lakin 2020-ci ildə Azərbaycan bu stereotipləri dağıtdı, yeni reallıqlar ortaya qoydu. Azərbaycan qısa müddətdə 30 il dondurulmuş münaqişənin sonunu gətirdi.
Qarabağdakı 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev “Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil” dedi və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin keçmişdə qaldığını elan etdi. Sonu görünməyən digər beynəlxalq münaqişələrdən fərqli olaraq, Azərbaycan Qarabağ probleminin hərbi-siyasi yolla həllinə nail oldu və dondurulmuş münaqişənin 30 illik problemli dövründən sonra bölgənin dinc həyata qayıtması üçün şərait yaratdı. Azərbaycan bunu yalnız öz potensialına – hərbi, iqtisadi və insani gücünə arxalanaraq etdi.
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinlə Yeni il ərəfəsində telefon danışığında işğaldan azad olunan Qarabağın tezliklə tanınmaz dərəcədə dəyişəcəyini xatırlatdı. Əli Əsədov və Mixail Mişustin Yeni il münasibətilə bir-birlərini təbrik edərək, münaqişədən sonrakı yenidənqurma və Dağlıq Qarabağın iqtisadi inkişafı üçün birgə səylərin vacibliyini vurğuladılar.
Beləliklə, 2021-ci ilin Qarabağın bərpası ili olacağı qənaətinə gələ bilərik. İlin sonunda keçirilən MDB ölkələri Dövlət Başçıları Şurasının iclasında İlham Əliyev bildirdi ki, Azərbaycan bərpa işlərini öz vəsaiti hesabına maliyyələşdirmək niyyətindədir. Ümumiyyətlə, dekabrın 18-də keçirilmiş son MDB sammitində əsas mövzu keçmiş Sovet respublikaları arasında ən böyük sıçrayışın Azərbaycan tərəfindən edilməsi oldu. Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin sədrliyi ilə keçirilən sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan istisna olmaqla, MDB dövlətlərinin bütün rəhbərlərinin iştirak etməsi diqqət çəkirdi.
Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə baş verən əsas hadisələri işıqlandıran “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov “Bakı Emissarı” adlı məqaləsində MDB sammitində qalibin – İlham Əliyevin bir saata yaxın çıxışını ilin xülasəsi kimi dəyərləndirdi. Çünki Qarabağ müharibəsində qazanan təkcə Azərbaycan olmadı. Bu münaqişənin həlli Türkiyə-Rusiya münasibətlərinə yeni naxışlar saldı. Türkiyə ilə Rusiya arasında beynəlxalq münasibətlərdə o qədər də tez-tez rast gəlinməyən “özünəməxsus” bir münasibət quruluşu meydana gəldi. Bu da “münaqişə və rəqabətdə əməkdaşlıq” kimi xarakterizə edilə bilər. Digər tərəfdən Rusiya ilə Türkiyə aralarındakı ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, bir-birilərinə əməkdaşlıq üçün əlavə imkanlar yaratdılar.
Budur ən aktual sualı Vladimir Putinə verməyə hər an hazır olan məşhur jurnalist Kolesnikovun müşahidəsi: “İlham Əliyev asanlıqla və inamla danışdı. Heç bir əlavə söz yox, dəqiq və kəsərli ifadələr…, İlham Əliyevin digər ölkələrin liderlərinin toplantısında qələbə dolu bir nitq söyləməsi fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan MDB sammitində iştirak etmədi. Çünki Paşinyan Əliyevin qarşısında bir daha çarəsiz və zavallı kimi görünmək istəmədi”.
İlham Əliyevin təbirincə desək, “Azərbaycan yeni reallıqlar yaradır”. Bu il Azərbaycan Rusiya ilə birlikdə postsovet məkanında aparıcı rola yüksəldi. Bu, həm də Bakının beynəlxalq aləmdə geosiyasi baxımda artan rolu fonunda baş verdi. Azərbaycanın öz oyun qaydalarını müəyyənləşdirmək və başqasının qaydaları ilə oynamamaq əzmində olduğunu açıq şəkildə sübut etdi. Bunun əyani göstəricisi ATƏT-in Minsk qrupunun rolunun köklü şəkildə qiymətləndirilməsi idi. 1992-ci ildən bəri Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası həyata keçirən, lakin həqiqətən heç bir nəticə əldə etməyən Minsk Qrupu Bakının bu günlərdə yazdığı tarixə həsədlə baxır. Minsk Qrupu həmsədrlərinin Azərbaycan paytaxtına səfəri və İlham Əliyevin onlara verdiyi reaksiya Azərbaycanın beynəlxalq qurumlarla münasibətlərində ilin başqa bir hadisəsi oldu.
İlham Əliyev Bakıdakı görüş zamanı həmsədrlərə dedi ki, “Buraya gəlmək sizin ideyanız idi. Kameralar qarşısında bir daha deyə bilərəm: Minsk qrupunu mən dəvət etməmişəm. Ancaq Minsk qrupunun gəlmək istədiyi barədə mənə məlumat verildikdə, düşündüm ki, bəlkə mənə deyəcəkləri bir şey var. Kameralarda demək istəyirsinizsə, deyin. İstəmirsinizsə, onların getməyini xahiş edəcəm. Sizi dinləyirəm”.
Bir il, hətta yarım il əvvəl Qarabağ nizamlanmasının məşhur Madrid prinsiplərinin bu qədər sürətlə dəyərdən düşəcəyini və mənasını itirəcəyini təsəvvür etmək mümkün deyildi. Və beynəlxalq emissarları Bakıda belə bir qəbulun gözləyəcəyini təsəvvürümə belə gətirə bilməzdim. Ancaq İkinci Qarabağ müharibəsindən sonra İlham Əliyevin hər şeyi öz adı ilə çağırması, üstəlik, bunu beynəlxalq vasitəçilərə şəxsən söyləməsi üçün hər cür səbəbi və tam mənəvi haqqı var. Axı ATƏT-in Minsk qrupu 2020-ci ilə qədər açıq şəkildə münaqişənin həllində heç bir rol oynamadı.
Bu münaqişənin nizamlanmasında Rusiya və Türkiyə yeni formatda vasitəçilər rolunu ortaya qoyan iki əsas xarici oyunçu oldu. Yeni Rusiya-Türkiyə formatı tezliklə Ağdamda atəşkəsə nəzarət etmək üçün açılacaq ortaq bir izləmə mərkəzi şəklində ilk praktik fəaliyyət tipi olacaq. Yeni il ərəfəsində Rusiya və Azərbaycanın baş nazirləri arasında telefon danışığına əlavə olaraq, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında daha bir vacib söhbət oldu. Bu söhbət göstərdi ki, Türkiyəni iblisləşdirmək və Ermənistanda növbəti “soyqırım” həyata keçirmək iddiaları fiaskoya uğradı. Gəlin Sergey Lavrovun türkiyəli həmkarı ilə söhbətindən sonra nə dediyinə baxaq: “Bizim ümumi fikrimiz də budur ki, Dağlıq Qarabağa xarici muzdluların sızdırılmasının qarşısını alaq. Bu məsələdə türk həmkarlarımızla fikirlərimiz tamamilə üst-üstə düşür”. Və əlavə etdi ki, “Ankaranın münaqişə tərəflərinə öz öhdəliklərini yerinə yetirməsinə kömək etmək istəyini alqışlayırıq. Xüsusilə, 10 noyabrda Rusiya Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan saziş çərçivəsində, habelə atəşkəs öhdəliklərinin icrasını izləyən Rusiya-Türkiyə ortaq mərkəzi çərçivəsində”.
İlham Əliyevin dekabrın 10-da Bakıda keçirilən Qələbə paradından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlar Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbədən sonra çoxvektorlu siyasətinin yeni mənasını və keyfiyyətcə yeni məzmununu ortaya qoydu. “Bölgənin dinc bir mühitdə inkişafı üçün vahid bir platformanın yaradılmasını müzakirə etdik. Bu platforma Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan və İran arasında əməkdaşlığı təmin edir. Ermənistan başa çatmış müharibədən düzgün nəticə çıxarsa, Ermənistanla əməkdaşlıq edə bilərik”, – deyə Ərdoğan söylədi.
Bu isə təkcə regionda deyil, bütövlükdə dünyada yeni bir gücün yarandığını göstərdi. Bu regional gücün moderatoru isə şübhəsiz ki, Azərbaycandır.
Sergey Strokan, “Moskva-Baku.ru”, 2 yanvar 2021
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az