Bu günlərdə Azərbaycan tarixi zəfərini yaşayır. Bu zəfərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu və digər sahələrdə gördüyü işlər, apardığı uğurlu daxili və xarici siyasət 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizi təmin etdi. Cənab prezidentin 17 illik fəaliyyəti məhz müstəqilliyimizin möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası və Azərbaycan vətəndaşlarının təhlükəsiz və firavan yaşamasına yönəlib.
Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, cənab İlham Əliyevin adı Azərbaycan tarixinə ərazi bütövlüyümüzü bərpa edən güclü sərkərdə kimi qızıl hərflərlə yazıldı: “Azərbaycan özünün ən şanlı və qürurlu günlərini yaşayır. Bilirsiniz ki, Azərbaycan son 200 ildə ancaq torpaqlarının bir hissəsini itirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan torpaqları işğaldan azad edilb, ərazi bütövlüyümüz təmin olunub. Bununla da 1 milyona yaxın soydaşımızın yenidən öz dədə-baba yurduna dönməsi üçün imkanlar yaranıb. Bu, əlbəttə ki, böyük nailiyyətdir. Bu nailiyyətin də səbəbkarı güclü liderimiz İlham Əliyevdir. Məhz Ali Baş Komandanın qətiyyəti, iradəsi, uzun illər apardığı uğurlu xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində və 44 günlük müharibənin bizim şanlı qələbəmizlə nəticələnməsində öz sözünü dedi. Bilirsiniz ki, Qarabağ münaqişəsinin həll edilməsində müharibə ilə yanaşı çox ciddi siyasi və diplomatik işlər də həyata keçirildi”.
Deputat qeyd edib ki, cənab prezident 44 gün ərzində dünyanın tanınmış KİV-lərinə müsahibələr verdi: “Hətta dövlət başçısından müsahibə götürən jurnalistlər arasında təxribatçı suallar verənlərdə oldu. Lakin Ali Baş Komandan savadı və yüksək diplomatik qabiliyyəti ilə həmin media nümayəndələrinə tarixi dərs keçdi. Bütün təzyiqlərlə tək başına mübarizə aparan cənab prezident bu illər ərzində xalqımıza verdiyi sözü tutaraq ərazi bütövlüyümüzün bərpasına nail oldu. Bu baxımdan 44 günlük Vətən müharibəsində qələbənin təmin edilməsində İlham Əliyevin xidmətləri ilə bağlı gələcəkdə filmlərin çəkilməsi, kitabların yazılması, analitik materialların hazırlanması vacibdir. Çünki biz tarixi bir zaman yaşayırıq. Ona görə də bu qürurverici günləri bizə yaşadan siyasi lider haqqında filmlərin və materialların hazırlanması xüsusi əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək bu möhtəşəm qələbəyə öz töhfəsini verdi. İnanıram ki, bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara imza atacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az