Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.
Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.
Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.
Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.