İllərdir davam edən savaşlar: Bəşəriyyətin bitirə bilmədiyi müharibələrin sonu necə olacaq? – ARAŞDIRMAbackend

İllərdir davam edən savaşlar: Bəşəriyyətin bitirə bilmədiyi müharibələrin sonu necə olacaq? - ARAŞDIRMA

Bəşəriyyət var olduqca hərbi münaqişələr, savaşlar, ərazi iddiaları kimi xoşagəlməz problemlər də var olacaqdır. Nə qədər qəbul etməsək də, xeyir və şərin, yalan və həqiqətin mübarizəsi kimi sülh və müharibə də həyatın bir parçasıdır. Qədim zamanlardan atalarımızın bizlər üçün qoyub getdiyi mirası, torpaqları qorumaq hər bir xalqın borcudur. Bu səbəbdəndir ki, bəzi münaqişələrin həlli günümüzdə belə tapılmayıb. İnsanlıq tarixinin xoşagəlməz səhifəsi olan müharibələr milyonlarla insanın həyatına son qoyub və qoymağa da davam edir.

KONKRET.az illər öncə başlayan və günümüzdə də davam edən müharibələri araşdırıb.

Sözügedən araşdırmanı təqdim edirik.

*Kəşmir münaqişəsi

Kəşmir məsələsi Hindistan və Pakistan arasındakı toqquşmaları bu gün də aktual saxlayır. Məlumat üçün qeyd edək ki, Kəşmir vilayəti artıq 70 ildən çoxdur ki, Hindistan və Pakistan arasında müharibə səbəbidir. 1947-ci ildə Pakistan və Hindistan dövləti yarandıqdan hər iki dövlət Kəşmirin onun ərazisi olduğunu iddia edib. İki il davam edən münaqişədən sonra Kəşmirin bir hissəsi Pakistan, bir hissəsi isə 1952-ci ildə Hindistan ərazilərinə daxil edilib. Sonrakı illərdə isə Kəşmirin şimal hissəsi Çin tərəfindən ələ keçirilib. Ancaq əhalisinin çox hissəsi müsəlman olan Kəşmirdə zaman-zaman Hindistan ordusu və polislə toqquşmalar qeydə alınır. Bu cür silahlı hücumları isə bir qayda olaraq islamçı silahlı qruplar həyata keçirir.

1965-ci ildə ikinci Kəşmir müharibəsi baş verib. Pakistan ordusu hücuma keçərək Kəşmirə daxil olub. Bir neçə ay davam edən müharibədə heç bir tərəf üstünlük qazana bilməyib.

3-cü Hindistan-Pakistan savaşı isə Banqladeşdə üsyandan sonra baş verib. Daha sonra savaş daha da genişlənib və nəticədə 1971-ci ilin dekabrın 15-də müharibə 90 min Pakistan hərbçi və məmurun əsir düşməsi, Banqladeşin isə Pakistandan ayrılaraq müstəqil dövlət elan olunması ilə başa çatıb.

Bundan sonra Hindistan və Pakistan arasında düşmənçilik daha da dərinləşib və zaman-zaman xüsusən də Kəşmirdə hərbi qarşıdurmaya çevrilib.

Hələlik hər iki dövlət müharibə təhlükəsini geridə qoysa da, ara-sıra hərbi toqquşmaların olduğu reallığını da inkar edə bilmərik. Kəşmir münaqişəsi həllini tapmadıqca hər iki ölkə arasında müharibə riski var olmağa davam edəcək.

*Fələstin-İsrail qarşıdurması

Günümüzün münaqişə və müharibə ocaqlarından biri də Fələstin-İsrail qarşıdurmasıdır. 70 il davam edən müharibənin on minlərlə insanın həyatına son qoymasına baxmayaraq, günümüzdə də davam etməsi təbii olaraq bəzi sulları ortaya çıxarır: Niyə iki xalq ümumi sahəsi 25 min kv. km olan, günəşin şüaları altında yanmış bir ərazi üçün savaşır?

Bu münaqişədə Fələstin döyüşçüləri Qəzza vadisindən İsrail tərəfini raketlərlə atəşə tutur, SAXAL (İsrail müdafiə ordusu) isə cavabında HƏMAS-ı bombalayır. Rusiya, ABŞ və Avropa diplomatları isə həmişəki kimi BMT-də öz “narahatlıqlarını” bildirərək, hansısa qısamüddətli razılığa nail olurlar. Lakin bu razılıq daha çox “tufandan əvvəlki sakitliyə” bənzəyir.

Bu münaqişədə İsrailin məqsədi öz ərazisini möhkəmləndirmək və dövləti müdafiə etməkdir. Fələstinlilər isə Qəzzada, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə müstəqil dövlət qurmaq istəyirlər. Nəticədə isə 120 mindən çox insanın həyatına son qoyan bu münaqişə hələ də davam edir.

*Rusiya-Ukrayna müharibəsi

Müasir dövrün ən dəhşətli münaqişələrindən biri də Rusiya-Ukrayna savaşıdır. Günümüzə qədər davam edən bu münaqişənin alovlanması 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başladı. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev daxil olmaqla, ölkənin müxtəlif yerlərinə raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb.

Qeyd edək ki, 1991-ci ildən bəri Ukraynanın müstəqilliyi tanınsa da, keçmiş SSRİ dövləti olduğuna görə Rusiya tərəfindən müdaxilə edilən dövlət kimi qəbul edilirdi. 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmaq istəyinə qarşı çıxdıqdan sonra isə demək olar ki, münaqişələrə zəmin yaradıldı. 14 sentyabr 2020-ci ildə Ukrayna prezidenti Zelenski Ukraynanın NATO-ya üzv olması barədə yeni strategiya imzaladı.

24 fevral səhər saat 5 radələrində (Bakı vaxtı ilə), Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynaya hücum etməyə başladığını açıqladı. Putin çıxışında Ukrayna ərazilərini işğal etmək niyyətinin olmadığını dedi. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hava limanlara hücum etdikdən sonra Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi ərazini müharibə zonası olaraq adlandırıb buradakı hava nəqliyyatına məhdudiyyətlər qoydu.

Putinin çıxışından 15 dəqiqə sonra, jurnalistlər Kiyev, Xarkov, Odessa və Krematorskda baş verən partlatışlar haqda məlumat yaymağa başladı. Ukrayna Rusiyanın Mariupol şəhərinə əsgərlər göndərdiyini və Kiyev, Xarkov və Dniprodakı hava limanlarına və hərbi bazalarına qanadlı raket və ballistik raketlər atdığını açıqladı. Hərbi maşınlar Ukrayna vaxtı ilə səhər saat 5-də Krım sərhədindən Ukraynaya girdi. Nəticədə demək olar ki, dünya ölkələrinin Rusiyanın Ukraynaya hücumunu qınadığı, Ukraynanın müqavimət göstərdiyi bu münaqişə hələ də davam edir.

*Şimali-Cənubi Koreya müharibəsi

Koreya Müharibəsi 1950-ci ildə kommunistlərin hakimiyyətdə olduğu Şimal Koreyanın indi iki ölkə arasında sərhəd olan 38-ci paralel boyunca 75.000 əsgərlə Cənuba hücum etməsi ilə başlayıb. Sonrakı aylarda Çin və Sovet İttifaqı tərəfindən dəstəklənən Şimali Koreyadan gələn qoşunlar Amerikanın müharibəyə qoşulmasından sonra geri çəkilib.

Ötən ilin dekabr ayında Şimali Koreya, Cənubi Koreya, ABŞ və Çinin Koreya müharibəsinin “rəsmi” başa çatdığını elan etmək üçün prinsipial olaraq razılığa gəldiklərini söyləsə də, sonrasında bununla bağlı rəsmi açıqlama olmadı.

Koreya müharibəsi 1953-cü ildə imzalanan atəşkəslə başa çatıb və Koreya yarımadası iki yerə bölünməsi ilə nəticələnib. Lakin o vaxtdan bəri texniki olaraq müharibə vəziyyətində olan Şimali Koreya Çin, Cənubi Koreya ABŞ tərəfindən dəstəklənir. Beş milyon əsgər və mülki vətəndaşın həlak olduğu müharibə günümüzdə də hərbi toqquşmalarla davam edir.

*Filippin

Maoçu hərəkat olan Yeni Xalq Ordusu (NPA) ölkədə kommunist rejimi qurmaq üçün mübarizə aparır. Bu münaqişələrdə ən azı 40 min insan həlak olub. Digər tərəfdən, Moro İslam Azadlıq Cəbhəsi (MILF) Filippinin əsasən xristianların yaşadığı cənub bölgələrində muxtar müsəlman bölgəsi yaratmağı hədəfləyir. Yeni Xalq Ordusu (NPA) tərəfindən başlayan mübarizə 1969-cu ildə başlayıb və günümüzdə də davam edir. Moro İslam Azadlıq Cəbhəsinin mübarizəsi isə 1971-ci ildən günümüzə qədər davam edir.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*