26.04.2025, 23:43 dərc edilib.
Vəzifəsindən uzaqlaşdırılan İmamoğlunun otel toplantısından iki çamadanla ayrılan mühafizəçinin görüntüləri ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Başqanlığı vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun 12 oktyabr 2024-cü ildə Beşiktaşdakı bir oteldə “təşkilat rəhbərləri və gizli maliyyəçilərlə” keçirdiyi gizli görüşə aid yeni görüntülər ortaya çıxıb. Görüntülərdə İBB Xüsusi Katiblik İdarəsinin mühafizə əməkdaşı Çağlar Türkmənin iki çamadanla oteldən çıxdığı müşahidə olunub.
Kamera lentlə bağlanıb
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq sənədlərinə əsasən, təşkilat rəhbəri və pul anbarı kimi tanınan şübhəlilər Tuncay Yılmaz, Ertan Yıldız, Adem Soytekin, Fatih Keleş və Hüseyin Köksal İmamoğlu ilə sözügedən oteldə görüş keçiriblər. Toplantıdan əvvəl mühafizəçi Çağlar Türkmen tərəfindən otelin daxili kameralarının görüntüləri qara lentlə bağlanıb. Bu anlar da təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
İki çamadanla ərazidən uzaqlaşdı
Toplantıdan sonra keçirilən korrupsiya əməliyyatının ikinci dalğasında saxlanılan Çağlar Türkmənin iki çamadanla oteli tərk etdiyi anlar da kameralara düşüb.
Bəs çamadanda nə var idi?
İddialara görə, bu çamadanların içində siqnal kəsici “jammer” cihazları olub. Əkrəm İmamoğlunun toplantılar zamanı texnoloji dinləmələrin qarşısını almaq üçün bu cihazlardan istifadə etdiyi irəli sürülüb. Bildirilir ki, İmamoğlu həm ölkə daxilində, həm də xarici səfərlərində bu cür siqnal kəsiciləri daşıyıb və mühafizəçiləri toplantı keçirilən yerlərə bu cihazları yerləşdiriblər.
Müşviq Tofiqoğlu
KONKRET.az