KONKRET.az Azərbaycanda həyata keçirilən kadr dəyişiklikləri mövzusunda Yeni Nəsil Jurnalistlər Birliyinin sədri, ictimai xadim Arif Əliyevin müsahibəsini təqdim edir:
– Arif bəy, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ciddi kadr islahatları aparılır, demək olar ki, hamı bu dəyişiklikləri təqdir edir. Siz bu prosesi necə qiymətləndirirsiniz?
– Biz onun şahidi oluruq ki, həm yaş, həm də təcrübə etibarı ilə yeniləşmə prosesi baş verir. Qəbul olunan son qərarlar bunu göstərir. Əlbəttə, hələlik biz kütləvilik haqqında danışa bilmərik, adətən belə işlər kütləvi şəkildə də həyata keçirilir. Amma proses başlanıb və onun uğurlu nəticələnməsi indiki şəraitdə Azərbaycan üçün böyük şans verə bilər.
Başqa cəhət olaraq deyim ki, siz islahat ifadəsi işlətdiniz. Amma islahat planlı şəkildə və bir neçə sahədə həyata keçirilməlidir. Hələlik bu şaxələnmə özünü göstərmir. Ümid edirik ki, müəyyən mərhələ keçəndən və çətinliklər aradan qaldırılandan sonra şaxələnməni görəcəyik. O mənada ki bu təkcə Azərbaycanın iqtisadi həyatında dəyişikliklərə gətirib çıxarmasın, paralel olaraq ictimai münasibətlərdə, siyasi münasibətlərdə də dəyişikliklərə səbəb olsun. Onda biz əlimizi ürəyimizin üzərinə qoyub deyə bilərik ki, bu həqiqətən planlı və böyük hədəflərə malik islahat prosesidir.
– Yəni kadr dəyişikliklərinin islahat kimi təqdim edilməsini qəbul etmirsiniz?
– Fikrimcə, bu islahatların tərkib hissəsidir. Əgər siz ortaya yeni proqram və yeni təfəkkür qoyursunuzsa, sözsüz ki, bunu köhnə kadrlarla həyata keçirmək mümkün deyil. Xüsusilə, nəzərə alsaq ki, bizim köhnə kadrlar 10, bəzən 20 il vəzifədə əyləşiblər və yalnız köhnə idarəçilik alətlərindən istifadə etməyə alışqan idarəçilərdir. Əlbəttə, onların qarşısına hansı yeni vəzifə qoysan da, yerinə yetirilməyəcək. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bir yaxşı iş tapşırılanda da zibilə çönür. Məsələn, alternativ enerji mövzusu. Çox gözəl proqram oldu, vacib hədəflər götürüldü – Azərbaycan üçün yeni sahə idi. Amma bütün dünyanın gələcəyi alternativ enerji resursundadır. Bunun üçün ölkəmizin özü vəsait ayırdı, bir o qədər də kreditlər alındı. Nəticə nədir? Sizə deyim ki, bugünkü nəticə prosesin başlandığı 10 il əvvəlkindən daha pisdir. 10 il əvvəl daha yaxşı nəticə var idi, amma biz indi əks prosesin şahidi oluruq. Mənzərə də belədir: biz gözəl hədəf götürürük, səviyyəli sənədlər ortaya qoyuruq, yaxşı vəsait ayırırıq, amma sonda idarəçilik düzgün, kadrlar yerində olmadığı üçün nəticə əldə edilmir. Bu mənada kadr dəyişikliyi islahatların tərkib hissəsidir. Biz ayrı-ayrılıqda götürdükdə, kadr islahatı deyə bilmərik. Bu hansısa vəzifəyə, yeni proqrama və təfəkkürə bağlanan prosesin tərkib hissəsidir. Odur ki, bundan kənarda islahatları dərk edə bilmərik. Bir sıra yeni dövr Avropa islahat nəzəriyyəçiləri də bu faktoru qabardaraq qeyd edirlər ki, əksər islahatların tətbiqi adətən kadrların dəyişdirilməsindən başlanır ki, bundan sonra hansısa tormozlanma baş verməsin.
– Ancaq belə yanaşmalar da var ki, yaşlı və təcrübəli kadrları bütövlükdə çıxdaş etmək mənfi fəsadlar yaradar…
– Ümumiyyətlə götürəndə, bu, doğru yanaşmadır. Amma söhbət hansı təcrübəyə malik olan kadrlardan gedir? Əgər söhbət ancaq dəyənək və zorun dilini başa düşən, bu sahədə təcrübə qazanan, korrupsiya və rüşvət sahəsində mütəxəssis olan, xalqın və cəmiyyətin düşüncələri üzərində oynamağa hazır olan, intriqalar sahəsində püxtələşmiş kardlardan gedirsə, onları birmənalı silib atmaq lazımdır.
– Hüquqşünas Erkin Qədirli ortaya maraqlı yanaşma qoyub. Bildirib ki, əslində yaşlı kadrlar Bakıya kəndlərdən gəliblər, kasıbçılığın bütün mərhələlərini keçiblər, bu səbəbdən xalqa daha yaxın hesab oluna bilərlər, xalq tərəfindən gələn impulsları daha tez hiss edirlər. Yeni kadrlar isə böyük çətinliklər görməyiblər, gözəl həyat tərzi keçiriblər, xarici universitetlərdə yüksək səviyyəli təhsil alıblar…
– Erkin Qədirli yaxşı mütəxəssisdir, dostumdur, amma mən onun bu arqumenti ilə iki səbəbdən razı ola bilmərəm. Birincisi, bayaq dedim ki, bu insan təcrübəlidir, amma hansı təcrübəyə malikdir? Əgər söhbət korrupsiya və rüşvət təcrübəsindən gedirsə, belə kadrlar harada nəyi necə yemək olduğunu bilirsə, onun xalqın içərisindən çıxmasının və ya aydan gətirilməsinin fəqi yoxdur. O, həmin prinsiplər əsasında işləyəcək. Digər tərəfdən, əgər biz Qədirlinin yanaşma tərzini qəbul etsək, onda düşünməliyik ki, xaricdə oxutdurduğumuz, yaxşı həyata alışanlar içlərində bizim üçün təhlükə gəzdirirlər… Yox! Əksinə, mənə elə gəlir ki, köhnə variantı bütövlükdə təzələmək lazımdır. Yəni yaxşı həyat hansısa bir təbəqənin üstünlüyü və ya hüququ olmamalıdır. Əksinə, bu, bütün xalqın hüququdur və yaxşı həyat tərzini görən məmur da başa düşməlidir ki, onun yaxşı həyatının davam etməsi xalqdan asılıdır.
– Son kadr dəyişiklikləri içərisində cəmiyyət və siyasi publika üçün ən maraqlı hadisə Prezident Administrasiyasına uzun illər rəhbərlik edən Ramiz Mehdiyevin AMEA-ya göndərilməsidir. Çoxları Mehdiyevi hakimiyyət daxilində nüfuzlu, təsirli və böyük rıçaqlara malik məmur kimi təqdim edirdi. Bu dəyişikliyi necə qarşıladınız?
– Şübhəsiz ki, onun güclü rıçaqlara malik olması və uzun müddət idarəçiliyin başında durması bir faktdır. Bu hamımızın gözünün qarşısında idi və s. Belə mövqedə əyləşən, geniş əlaqələrə malik olan şəxslərin dəyişdirilməsi də asan məsələ deyil və çox zaman burada hansısa bir taktika tətbiq edilir. Məsələn, bir vəzifədən götürülüb, başqa vəzifəyə yerləşdirilirlər. Düşünmürəm ki, bu onun hansısa idarəçilik səviyyəsində nüfuzunu saxlamağa yönəldilib. Əksinə, nüfuzunu zəiflədib və məncə, burada prosesin daha təhlükəsiz aparılması prinsipi üstün tutulub.
– İslahatların sistemli şəkildə davam edəcəyini düşünürsünüzmü?
– İndi dayanmaq daha təhlükəlidir, nəinki bunu bütün çətinliklərə baxmayaraq davam etdirmək. Dayanmaq çox təhlükəli olduğundan bu nəyisə yaralayıb buraxmağa bənzəyir… Yox, burada bir yol var. Bunlar elə prosesdir ki, başlandısa, ya davam etməlidir, ya onun təşəbbüskarının özünün əleyhinə çevrilməlidir. Dayanmaq nə deməkdir? Bu, məğlubiyyətdir. Məğlubiyyət baş versə, dəyişmək istədiyin qüvvənin daha kəskin şərtlərinə tabe olmalı olacaqsan.
– Yeni kadrlardan gözləntiləriniz nədir?
– Deyə bilmərəm. Bunlar daha çox iqtisadi və birbaşa idarəçiliklə bağlı kadrlardır. Onların bacarıqları haqda mənim geniş təsəvvürlərim yoxdur. Kadr islahatlarının uğuru barəsində o zaman danışa bilərik ki, konkret hansısa proqramın şahidi olaq. Sadəcə kadra demək ki, sən rüşvət alma, korrupsiyaya qoşulma, yoxsa buna görə cəzalandırılacaqsan… əslində bunlar üzdə olan populyar və vacib elementlərdir. Amma bunlar birbaşa idarəçilik göstərişləri deyil. Biz bir ildən sonra deyə biləcəyik ki, Yevlax və Xaçmazın əhalisi yeni idarəçilərə necə qiymət verirlər, o rayonların əhalisinə asan oldu, ya yox. Eləcədə, iqtisadi sahədə baş verən dəyişikliklər haqqında. Baxmayaraq ki, bir il elədə böyük zaman deyil, amma bir ildən sonra deyə biləcəyik ki, bu addımlar ölkə iqtisadiyyatında yeni istiqamətlərə səbəb oldu və ya olmadı. Necə ki, bir neçə il vergilər sahəsində fəaliyyət bizə aydın imkan yaradıb ki, bunu müsbət və ya mənfi qiymətləndirə bilək. Bu dəyişikliklər Azərbaycan büdcəsinə əlavə gəlirlər gəlməsinə, idarəçilik xərclərinin azalmasına səbəb oldumu, ya yox. İndilikdə biz son dəyişikliklər haqda ancaq arzumuzu dilə gətirə bilərik. Hər halda mən bunları ümidverici proses kimi görürəm.
– Sizcə, bu dəyişikliklərin media sahəsinə hansı təsirləri ola bilər?
– Biz dəyişikliklərin mətbuata təsirindən deyil, mətbuatın dəyişikliklərə təsirindən daha çox danışmalıyıq. Bu da, məncə, hələlik sıfır səviyyəsindədir. Mən, müsahibənin əvvəlində qeyd etdim ki, dəyişikliklər paralel getməlidir və islahatlar hər zaman medianın dəstəyini istəyir. İslahatlar daima maarifçilik, təbliğat, müzakirələri tələb edir. Çünki islahatın sualtı daşları, çətinlikləri çoxdur. İndiki şəraitdə islahat prosesi hələlik nə ictimai münasibətlərə, nə mətbuata, nə də QHT-lərə toxunmadan gedir. Üzdə bəzi dəyişikliklər var. Tutaq ki, nələrsə bərpa olunur, kimlərsə azadlığa buraxılır və s. Amma dərin mənada mediaya təsir etməyib. Mənə elə gəlir ki, ictimai münasibətlərdə dəyişikliklərin sonrakı mərhələyə saxlanılmasının özü islahatlara bir təhlükə yarada bilər. Bu səbəbdən də deyirəm ki, islahatlar paralel getməlidir. Yalnız paralelilik onun səmərəliliyini artıra bilər. Bu gün üçün mediada heç bir təsir yoxdur. Əksinə, mediada bir çaş-başlıq yaranıb ki, nə olacaq, necə olacaq…
Vaqif NƏSİBOV