Hamı harasa tələsir. Bir yandan həyatın qalıcılığını istəyirlər, digər tərəfdən tələsirlər. Bəli, böyük bir təzad var.
KONKRET.az xəbər verir ki, bu gün Bakı-Quba yolunda ağır qəza baş verib. Alma daşıyan “Qazel” KAMAZ ilə toqquşub. Qəzaya səbəb kimi “Qazel”in qarşı yola çıxması göstərilir. Lakin təqdim etdiyimiz videodan da göründüyü kimi, toqquşmadan əvvəl başqa bir yük maşını yol hərəkəti qaydasını pozub və qəza şəraiti yaradıb. Nəticədə iki yük maşını toqquşub. İlkin məlumata görə ölən yoxdur. “Qazel” və KAMAZ avtomobillərinin sol tərəfi zədələnib.
Çörəkpulu yarışında ötüşməyin sonu ölümdür.
Bugünlərdə iki maşının toqquşması ikisi azyaşlı olmaqla 3 nəfərin həyatına son qoydu. Uşaqların anası reanimasiyaya yerləşdirilmişdi. Vurulan avtomobili idarə edən ölüb. Qəza cavan oğlanın qarşı yola çıxmasına görə yaşanıb. Səbəb fasiləsiz taksi xidməti göstərən vətəndaşın yuxusuz olmasıdır. Toplam 30-40 min dəyərində olan avtomobillərin yararsız hala düşməsi əsas problem deyil. İki ailə fəlakəti yaşandı:
– Təqsirlinin həbsindən sonra onun övladı təxminən 10 il atasını evdə görməyəcək;
– Digər yanda isə bir evin iki azyaşlı balası erkən vəfat etdi.
Əlbəttə, taleh, əcəl, sürücü məsuliyyətsizliyi kimi minbir səbəblər gətirilir. İşin qayəsində isə yuxuya haram qatıb çörəkpulu qazanmaq cəhdi dayanır. Bu isə normal məvacibli iş yerlərinin azlığı və ya yoxluğu deməkdir ki, insanlar gündəlik tələbatlarını ödəmək naminə gecə-gündüz “taksovatlıq” edir.
Hər birimizin öyrəşdiyi “Prius” qəzaları, daha səmimi olsaq, bütün avtomobil markalı taksilərin törətdiyi yol nəqliyyat hadisələri də pula görə baş verir. Çünki taksi sürücüsü daha çox qazanmaq üçün daha çox sifariş əldə etmək istəyir. Bunun üçün isə icra etdiyi sifarişi tez bitirməli, sərnişini mənzil başına sürətli şəkildə çatdırmalıdır. Bakının sovetdənqalma sıxlıqda olan yollarında isə sürət və diqqətsizlik ölümə bərabərdir. Sanki insanlar acından ölməmək üçün başqalarının həyatına yaratdığı ölüm təhlükəsinə göz yumurlar. Camaatda haqlı sual yaranır:
“Bu SOSİAL FƏLAKƏT deyil, bəs nədir?”.
Məsələn, Qərb köhnə qitəyə miqrant axınını sosial fəlakət adlandırır. Yəqin həmin miqrantların çıxdığı vətənlərində də sosial səadət olmayıb ki, qayıqda batmağı gözə alıblar. Azərbaycanda da əhalinin orta yaşayan hissəsi övladlarının Avropada ali təhsilinə çalışır ki, balaları yaşamaq üçün yurdlarına qayıtmasınlar. Əhalinin kasıb yaşayan hissəsinin belə şansları məhduddur. Amma yenə də cəhd edirlər. Ən yaxşı halda, ruscası olanlar Moskvaya, yaxud Polşa vizası ilə Almaniyaya üz tuturlar ki, bolqar-rumın adı ilə olsa da, qaçaq işləyib Bakıdakı ailələrinə 1 500-2 000AZN yollaya bilsinlər. Çünki burada təkcə sıradan ərzağın xərci 400 manatı vurur. Bəs artan vergilər? Dərman, xəstəxana? İctimai nəqliyyat xərcləri, xeyir-şər? Bunları kim ödəsin?
Azərbaycanda bir ayı qəpiyə-qəpik, başabaş ötüşdürmək çətindir. Yəni minimum əməkhaqqının 50 manat artırılması şahid olduğumuz inflyasiyanın fəsadlarını aradan qaldırmır. Olduğu kimi qalması da daha ciddi problemlərə səbəb ola bilər. XX əsrin 90-larının ilk 3 ili sosial fəlakət dolu olmasaydı, o vaxtı vətəndaş müharibələri baş verməzdi. Amma ötən əsrki sosial fəlakətə məğlub olduğumuz I Qarabağ savaşının da, o vaxtkı hakimiyyətsizliyin də təsiri az olmayıb. II Qarabağ müharibəsindəki qələbədən sonra güclü hökumətə malik Azərbaycan bütün riskləri nəzərə alır və aradan qaldırılması üçün addımlar atır. Sadəcə, hələ kadr islahatları mərhələsindəyik.
KONKRET.az-ın Araşdırma Qrupu