“İpək yolu”nun qapanmış “Naxçıvan dəhlizi” – TƏHLİLbackend

“İpək yolu"nun qapanmış “Naxçıvan dəhlizi” - TƏHLİL

Dünən Naxçıvanın tarixi və strateji önəmindən, bu günə necə və hansı proseslərdən keçərək gəldiyindən bəhs etmişdik. Türkiyə-Naxçıvan-Azərbaycan xəttində və Xəzər ətrafında yaşana biləcək, gözlənilən bir hərəkətlilik sadəcə Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya üçün impuls ola bilər. Bu impuls Çindən Avropayadək uzanan “İpək yolu”nun orta qurşağına təsir edə biləcəkdir. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu və ona bağlı olan digər dəhlizlər birbaşa bu xəttin parçalarıdırlar. Bu xətt üzərindəki hər hansı bir dəyişiklik əsrlər boyu Avrasiyada rəqabət edən güclər kimi hərəkət edən ölkələri yaxından maraqlandırır.

Bu baxımdan, söhbət mövzusu olan layihələrə yönəlik addımlar atılarkən anlayışlar dünyası və əlaqələr şəbəkəsi çox həssaslıqla idarə edilməlidir. Qarabağda döyüşlər davam edərkən həm Türk Şurasının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olan türk dövlətlərinin yanaşmaları necə bir strategiya izlənməli olduğuna yönəlik ip ucu təşkil etməkdədir.

Yenə məhz belə bir proseslə qarşı-qarşıyayıq. Qarabağda anlaşma əldə edildikdən sonra Nəqliyyat naziri Adil Qaraismayıloğlu dedi ki, “Bakı-Tbilisi-Qars dəmir yolunun əsas xətlərindən biri olan Divriği-Kars xəttində daşıma həcmini 5 milyon tondan 20 milyon tona çıxaracağıq. Azərbaycanda baş verən yeni hadisələrdən sonra Naxçıvan tərəfinə bir dəmir yolu çəkməyi planlaşdırırıq”.

Bundan sonra Türkiyə ilə Azərbaycan arasında Naxçıvan vasitəsilə kəsintisiz nəqliyyatın təmin ediləcəyi iddia edildi.

Daha öncə, 2020-ci ilin fevral ayında Prezident Ərdoğan Azərbaycana getmiş və bir sıra anlaşmalar imzalamışdı. Onun Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz kəmərinin çəkiləcəyi açıqlanmışdı. Ərdoğan çıxışında belə demişdi: “Siyasi sahədə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir. Bir başqası isə Naxçıvandan, eyni qaydada İqdırdan sərhəddədək təbii qaz boru kəmərinin çəkilməsidir. Beləliklə, təqribən 160 km-lik boru xəttinin çəkilməsilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edə biləcəkdir”.

Naxçıvan dəmir yolu xətti, əslində, 2008-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun təməli atılarkən gündəliyə gələn və eskizləri ilk dəfə Binəli Yıldırımın nəqliyyat naziri olduğu dövrdə cızılan bir layihədir. O dövrdə Gürcüstanla bağlı bəzi problemlər yaransa da, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Yıldırımın təşəbbüsü ilə irəlilədilmişdi. Bu təməl üzərində Naxçıvanı da içinə alan anlaşma memorandumu təqribən 2 il sonra imzalanmış oldu.

Dəmir yolunun inkişaf etdirilməsi çərçivəsində, Nəqliyyat Nazirliyinin 2023-ci il hədəflərindən biri də “Uzaq Asiyadan Qərbi Avropayadək uzanacaq olan “Modern Dəmir İpək Yolu”nun inşa edilməsilə iki qitə arasındakı kəsintisiz dəmir yolu dəhlizinin yaradılması…” kimi nəzərdə tutulub.

Artıq Bakı-Tbilisi-Qars dəmir yolu və Marmaray/Boğaziçi Boru Keçidilə həmin dəmir yolu dəhlizi işlək hala gətirilmişdir. Ayrıca, uzaq vədədə Sivas xətti də daxil olmaqla, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsilə inteqrasiya edilməsi hədəflənmişdir.

Əgər planlaşdırıldığı kimi gedərsə, 2034-cü ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 3 milyon sərnişin və 17 milyon ton yük daşıma gücünə çatacaqdır.

Beləliklə, Türkiyə-Naxçıvan-Azərbaycan əməkdaşlığı Uzaq Şərq və Orta Asiyaya bağlanmış olacaqdır. Bütövlükdə ixracat potensialı artacaqdır. Türk Şurası da bölgənin dominant oyunçularından biri halına gələ biləcəkdir. Bakı, Aktau və Türkmənbaşı limanları arasındakı nəqliyyat da açılacaq dəhlizlə birlikdə bölgəyə qonşu olan bütün ölkələr üçün yeni bir ticarət potensialı meydana gətirəcəkdir.

Lakin o da nəzərə alınmalıdır ki, 2004- cü ildə əldə edilən bir anlaşmaya əsasən, Azərbaycan İran sərhəddində Astaradan bu bölgəyə qaz verir, əvəzində İran aldığı qazın 85%-ini Naxçıvana verir. Bu səbəblə, Türkiyənin Naxçıvana qaz xətti çəkməsi İran baxımından strateji önəm kəsb edir.

Ayrıca, son dövrlərdə Çinin Cənubi Qafqazda öz təsirini artırmağa çalışması məlumdur. Hələlik istədiyi sahəni tapa bilməsə də, Türkiyə və Rusiyadan sonra Azərbaycanın ən böyük idxalat ortağı halına gəlmişdir.

Naxçıvan yönündə inşa edilməsi gözlənilən dəmir yolu xəttinin yeri, məsafəsi və istifadə forması Cənubi Qafqazda iki və çoxtərəfli ticarətdən yük daşımaya, turizmdən bilet qiymətlərindək bütün işlək mexanizmi kökündən dəyişdirə bilər. Gələn il Azərbaycan, Ermənistan və Gürcüstanda, infeksiyanın da təsirilə, 3-5%-lik iqtisadi daralma gözlənilir. Əgər anlaşmanın digər şərtlərini nəzərə almasaq, “Naxçıvan dəhlizi” bölgədə uzun illər ərzində davam edən, müəyyən mənada, müharibə iqtisadiyyatından sülh və əməkdaşlıq iqtisadiyyatına yönələn açar ola bilər. Məsələn, Naxçıvana açılacaq quru yolu Bakı ilə Naxçıvan arasındakı məsafəni 581 km-dən 403 km-ə düşürəcək. Ayrıca, bu xətt geniş olacağına görə, Azərbaycanla Türkiyə arasındakı məsafə 343 km azalacaq. Bu dəhliz sadəcə Azərbaycan və Türkiyə deyil, İran və Ermənistan baxımından da yeni imkanları ortaya çıxaracaq.

İlk baxışda qulağa xoş gələn bu tablonun ancaq yeni bir iqlimin və müəyyən bir paradiqma dəyişikliyinin təmin edilməsilə işlək və davamlı ola biləcəyini vurğulamaq lazımdır. Çünki Naxçıvan sadəcə “Türk qapısı” olmaqdan əlavə, Qafqazda sülh və hüzuru təsis edəcək, kök salmış düşmənçilikləri iqtisadi asılılıq təməlində təxirə salacaq bir məzmuna sahibdir.

Dolayısilə, mərkəzində Rusiyanın yer aldığı 9 maddəlik anlaşma mətni bu fürsət və təhdidlərlə birlikdə dəyərləndirildikdə, yuxarıda göstərilən potensialın açılmasını poza biləcək ciddi qeyri-müəyyənliklər ortaya çıxır. (Strateq.az)

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*