Azərbaycanda boşanmış şəxslərin mülkiyyət hüquqları və paylarının bölüşdürülməsi barədə qanunvericilik mövcuddur. Belə ki, ər-arvad arasında mülkiyyətin paylaşılması zamanı həm şəxsi, həm də birgə əldə olunan əmlak nəzərə alınır. Bu vəziyyət ipoteka ilə alınan evlərə də aiddir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verib.
O bildirib ki, əgər ər və arvad evlənmə zamanı ipoteka ilə alınan evi birgə mülkiyyət kimi alıblarsa, bu halda boşanma zamanı evin bölüşdürülməsi məsələsi ortaya çıxır. Boşanma prosesində evin alındığı tarixdən və ödənişlərin kim tərəfindən həyata keçirildiyindən asılı olaraq qadın bu evin müəyyən hissəsinə sahib ola bilər. Əgər ev həyat yoldaşları arasında birgə əmlak kimi qəbul olunursa, qadının da müəyyən bir payı olması qanuni olaraq mümkün ola bilər.
“Ancaq bu mövzuda ən mühüm məqam ipoteka kreditinin ödənməsi prosesinin kim tərəfindən həyata keçirildiyidir. Məsələn, evin ipotekasını kişi təkbaşına ödəyibsə, bu, evin sahibliyi məsələsində müəyyən təsir göstərə bilər. Yəni, kişi bu evin tam mülkiyyətini təsdiqləyən faktordur.
Boşanma zaman ən asan çıxış yolu budur ki, məsələn ər bugünə kimi ödənilən pulun yarısını arvada ödəyir və ev kişiyə qalır. Təbii ki, kreditin qalan hissəsini də ər ödəyir. Yaxud da əksinə olur. Bu ərlə arvadın öz arasında razılığa gəldiyi variantdır. Əgər tərəflər razılığa gələ bilməsə, çıxış yolunu məhkəmə müəyyən edir. “.
Bəs ailənin uşağı da varsa, o zaman şərtlər dəyişirmi?
Boşanmadan sonra uşaq ana ilə qalırsa, o məhkəmədən tələb edə bilər ki, uşağın atası kredit üzrə aylıq məbləğin yarısını yox, 3-də iki hissəsini ödəsin. Həmçinin uşaq ata ilə qalarsa, o da oxşar tələb ilə çıxış edə bilər.