İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ prezidenti Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı deyib: “ABŞ-ın prezidentinin bizim üçün kim olması önəmli deyil. Əsas odur ABŞ-ın İrana qarşı siyasətində köklü dəyişiklik olsun”.
KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kenani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
Razılaşma tərəflərinin öhdəliklərinə qayıtması halında nüvə sazişinin yenidən həyata keçirilməsinin mümkün olduğunu bildirən Kenani deyib ki, “İran müqavilədəki bütün öhdəliklərinə əməl edən tərəfdir və digər tərəflər də bu öhdəliklərə əməl etməlidir”.
Kenani ABŞ prezidenti Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı bunları qeyd edib:
“ABŞ-da hökumətlərin və ya şəxslərin gəlib-getməsi bizim üçün önəmli deyil. Burada həlledici olan ABŞ-ın İrana qarşı düşmənçilik siyasətidir. Bu siyasətlərdə köklü dəyişiklik münasibətlərin gedişatını dəyişə bilər”.
Mətbuat konfransında xarici işlər nazirinin müavini və İranın Ankaradakı keçmiş səfiri Əli Rıza Bigdeli də çıxış edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az