İranın dövlətə məxsus “Üfüq” telekanalında yayımlanan canlı efirdə Azərbaycana qarşı açıq hərbi hücum çağırışı edilib. Beynəlxalq məsələlər üzrə iranlı ekspert Mustafa Xoşçəçm çıxışı zamanı Tehranın Azərbaycan əleyhinə konkret hərbi addımlar atmalı olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, ekspert iddia edib ki, İsrail təyyarələri Təbrizə Azərbaycandan daxil olur və Azərbaycan İsrailə neft və yanacaq verir ki, bu təyyarələr “Qəzzə və Livanı bombalayıb daha sonra İrana hücum etsin”.
“Azərbaycanın neft kəməri çox yaxındadır. Qarşımızdakı variantlardan biri də budur ki, regiondakı neft və yanacaq infrastrukturunu hədəfə alaq”, – deyə Xoşçəçm təhdidedici şəkildə bildirib.
O həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunaraq qeyd edib:
“Azərbaycan Ermənistanın Sünik bölgəsi yaxınlığında hərbi təlimlər keçirməyə çalışır. Görür ki, bizim başımız qarışıqdır. Zəngəzur dəhlizinin açılması İranın geosiyasi boğulmasına və Şimal–Cənub dəhlizinin bağlanmasına səbəb ola bilər. Bu isə sadə məsələ deyil, buna ciddi yanaşmalıyıq”, – deyə iranlı ekspert əlavə edib.
Bu bəyanatlar İran dövlət televiziyasında səsləndirildiyindən, Tehranın rəsmi mövqeyinə yaxın ritorika kimi qiymətləndirilir və regionda gərginliyi daha da artıracağı ehtimal olunur.
Natiq Səlim,
KONKRET.az