ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunan 14 günlük atəşkəs və bunun fonunda İranın ard-arda “qələbə” bəyanatları səsləndirməsi Yaxın Şərqdə yeni geosiyasi mənzərənin formalaşdığını göstərir. Müharibənin nəticələri ilə bağlı fərqli narrativlərin ortaya çıxması isə regionda güc balansının hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.
Bəs bu şəraitdə İranın mövqeyi nə qədər güclənir və Tehranın Hörmüz boğazı kimi strateji nöqtə üzərindən təzyiq rıçaqlarını işə salmaq ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İranın səsləndirdiyi qələbə bəyanatları təsadüfi xarakter daşımır:

“39 gün davam edən müharibə heç kimin gözləmədiyi şəkildə İran cəmiyyətində ciddi birlik və həmrəylik yaratdı. Bu isə hakimiyyətin müəyyən hədəflərinə çatmasına imkan verdi. Şübhəsiz ki, Tehran ciddi itkilərlə üzləşdi. Xüsusilə, ali dini liderin öldürülməsi ölkənin imicinə ağır zərbə vurdu. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, İran dünyanın əsas super gücü olan ABŞ və onun müttəfiqi İsrailə qarşı müqavimət göstərərək üstünlük əldə edib. Bu baxımdan rəsmi Tehranın qələbə bəyanatlarını səsləndirməsi başadüşüləndir.”
Şərhçi həmçinin Hörmüz boğazı ətrafında yaranan ehtimallara da münasibət bildirib. Onun sözlərinə görə, Tehranın bu strateji su yolunu tamamilə bağlaması real görünmür:
“Belə bir addım ilk növbədə İranın öz iqtisadiyyatına ciddi zərbə vurardı. Dünya neftinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır və bu tranzitdən əldə olunan gəlirlər İran üçün mühüm əhəmiyyət daşıyır. Bu marşrutun bağlanması faktiki olaraq ölkə iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər. Ona görə də bu ssenari real deyil.”
Cavanşir Abbaslı hesab edir ki, hazırkı danışıqlar mərhələsində əsas məqsəd gərginliyi azaltmaq və strateji kommunikasiya xətlərini bərpa etməkdir.
“Müharibənin əvvəlində məhdudlaşdırılan nəqliyyat imkanları, o cümlədən Hörmüz boğazı üzərindən hərəkət yaxın dövrdə tam bərpa oluna bilər.
İranın “qələbə” ritorikası daha çox siyasi və psixoloji təsir yaratmağa hesablanıb. Bununla yanaşı, real addımlar baxımından Tehran daha çox iqtisadi və geosiyasi balansı qorumağa üstünlük verəcək. Regionda isə nisbi sabitliyin taleyi qarşıdakı danışıqların nəticəsindən asılı olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
