İran prezidenti Məsud Pezeşkian ölkə hökumətinin iclasında bir daha vurğulayıb ki, Tehranın əhali sıxlığı, su və elektrik qıtlığı, eləcə də ekoloji böhran səbəbindən yaşanmaz hala gəldiyi bir şəraitdə, paytaxtın köçürülməsi “zəruri və strateji” addımdır.
KONKRET.az xəbər verir ki, prezidentin fikrincə, Tehranın cənuba – Fars körfəzinə yaxın ərazilərə, xüsusilə də Makran bölgəsinə köçürülməsi ölkənin iqtisadi və ticarət imkanlarını genişləndirəcək, xammal və məhsul daşınmasını asanlaşdıracaq, həmçinin beynəlxalq sanksiyaların təsirini yumşaltmaqla İranın regional rəqabət qabiliyyətini artıracaq.
Bu, Pezeşkianın son bir il ərzində bu ideyanı ictimaiyyət qarşısında üçüncü dəfə dilə gətirməsidir. 2024-cü ilin sentyabrında o, bu məqsədlə layihə hazırlanmasına göstəriş vermiş, 2025-ci ilin əvvəlində isə prezidentin mətbuat katibi Fatemeh Mohacerani paytaxtın Makran bölgəsinə köçürülməsinin nəzərdən keçirildiyini açıqlamışdı.
Yeni paytaxtın tikintisi 100 milyard dollara başa gələ bilər
Bununla belə, Pezeşkianın təşəbbüsü həm ölkə daxilində, həm də xaricdəki iranlılar arasında kəskin tənqidlərə səbəb olub. Məclisin bəzi üzvləri qeyd edirlər ki, yeni hökumət binaları, yollar, mənzillər, nəqliyyat sistemləri və hava limanları da daxil olmaqla infrastrukturun qurulması təxminən 100 milyard dollara başa gələcək. Mövcud iqtisadi böhran, sanksiyalar və büdcə kəsiri bu layihənin həyata keçirilməsini mümkünsüz edir.
İranlı politoloq Əli Süleymani verdiyi açıqlamada qeyd edib ki, paytaxtın köçürülməsi ideyası əslində hazırkı rejimin böhranlardan diqqəti yayındırmaq cəhdidir. O hesab edir ki, Pezeşkianın bu avantürist planları, rejimin sosial narazılığın mərkəzinə çevrilmiş Tehrandan siyasi elitanı fiziki olaraq uzaqlaşdırmaq niyyətindən irəli gəlir.
Süleymani əlavə edib ki, prezidentin Makran bölgəsində “cənnət kimi” şəhər yaratmaq arzusu daha çox estetik və simvolik təəssürat bağışlayır və real vəziyyətdən uzaqdır. Təhlükəsizlik baxımından isə, o qeyd edir ki, Pezeşkian Oman körfəzi sahillərini riskli hesab etmir, çünki müasir müharibələrdə təhlükəsizlik meyarları dəyişib və bu, İsraillə son münaqişə fonunda daha aydın görünür.
Natiq Səlim,
KONKRET.az