Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada keçirdiyi brifinqdə Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələsinə münasibət bildirib.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Simonyanın sözlərinə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi sülh sazişi imzalandıqdan sonra da davam etdirilə bilər.
Simonyan əlavə edib ki, əgər tərəflər öz cəmiyyətlərini real dünyaya hazırlayırlarsa, vəziyyətin normallaşdırılmasında maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin həllinin təxirə salınması ssenarisi kifayət qədər məqbuldur. Bəzi xarici və yerli ekspertlər artıq aylardır ki, sülh müqaviləsinin, hətta çərçivə müqaviləsinin də tezliklə imzalanmasının daha vacib olduğunu bildirirlər. Bundan sonra da delimitasiya kifayət qədər uğurla həyata keçirilə bilər. Axı dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası proseslərinin, hətta etibarlı mehriban qonşuluq münasibətlərinə malik kifayət qədər yaxın dövlətlər arasında da illər boyu uzanması qeyri-adi hal deyil. Məsələn, Azərbaycanın İran və Rusiya ilə artıq tam aydın sərhədi var, lakin Gürcüstanla məsələlər tam həllini tapmayıb.
Gürcüstanlı diplomat və analitik Mamuka Qamkrelidze bildirib ki, iki ölkə arasında istənilən sülh müqaviləsi Azərbaycan və Ermənistan üçün sırf simvolik xarakter daşıyacaq: “Bununla belə, tərəflər iki mövqedən çıxış etməlidirlər. Pis sülh yaxşı müharibədən yaxşıdır və zaman hər şeyi sağaldır. Çox güman ki, hətta çərçivə sazişi də sonda “gözəl dostluğun başlanğıcına” çevriləcək. İlk növbədə müəyyən etməliyik ki, kimə nə qədər xeyir verir. Müqavilə Azərbaycan üçün faydalıdır, çünki o, öz məqsədlərinə nail olub və bu məqsədlərin qanuniləşdirilməsinə ehtiyac duyur. Paşinyana da razılaşma lazımdır. Vəziyyəti bir qədər qeyri-müəyyən olduğu üçün vətəndaşlarına əsl sülh təklif edə biləcək. Bu sənədin imzalanması Ermənistanı mənəvi öhdəliklərdən azad edəcək və Qərb istiqamətində irəliləmək imkanı verəcək. Müqavilə vasitəçi rolunu üzərinə götürən tərəf üçün də faydalı olacaq. Sülhməramlı obrazı indiki vaxtda xüsusilə qiymətlidir. Məsələ bu rolun Avropaya, yoxsa Rusiyaya verilməsidir”.
Sərhədlərin delimitasiyası prosesini şərh edən ekspert bildirib ki, bu, çox uzun prosesdir: “Düşünürəm ki, bu məsələni daha münasib vaxtlara qədər təxirə salmaq olar və ilk növbədə sülh bağlana bilər” – deyə Qamkrelidze bildirib.
Ukraynanın “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar isə qeyd edib ki, tərəflər sülh müqaviləsi imzalamağa hazırdırsa, o zaman bunu tezləşdirmək lazımdır: “Bunun 2023-cü ilin son günlərində baş verib-verməməsi o qədər də vacib deyil. Belə bir müqavilənin, daha doğrusu, çərçivə sazişinin prinsipləri əvvəllər müəyyən edilmişdi. Bura ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası daxildir. Delimitasiya, xüsusən də demarkasiya prosesi vaxt aparan məsələdir. Ona görə də “texnoloji ardıcıllıq” elədir ki, əvvəlcə çərçivə sülh müqaviləsi imzalanır, sonra onun ruhuna və hərfinə əsasən delimitasiya və demarkasiya işləri aparılır və son nəticədə mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş imzalanacaqdır”.
Digər tərəfdən sərhədlərin müəyyənləşdirilməsi və anklavların qaytarılması, Zəngəzur dəhlizinin açılması problem olaraq qalır: “Sülh sazişi imzalanacağı təqdirdə bu problemlərin aradan qalxmayacağını və sazişin bağlanması ilə tərəflərin yanaşmalarının avtomatik dəyişməsi ehtimalı azdır. İkinci Qarabağ Müharibəsinin bitməsindən 3 il keçməsinə baxmayaraq, ərazi demarkasiyası problemləri də mövcuddur ki, bu da köhnə şərtlərə əsaslanaraq həlli çətinləşdirir. Xəritələr köhnədir, reallıqlar isə yenidir və onlar təkcə son 35 ildə Ermənistan-Azərbaycan münaqişəsinin deyil, həm də 21-ci əsrdə regionda geoiqtisadi və geosiyasi reallıqların nəticəsidir. Xəzər nefti və qazı, enlik və meridional xarakterli yeni enerji və nəqliyyat dəhlizləri, qeyri-regional qlobal oyunçuların rəqabət maraqları, İran və Rusiyanın aqressivliyi, Çin ekspansionizmi, Avropanın zəifliyi regionda deosiyasi vəziyyəti dəyişir”.
Vəli Həsənov,
KONKRET.az