ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının uzanması regionda gərginliyi daha da artırmaqla yanaşı, beynəlxalq güclərin bu prosesdəki rolu ilə bağlı müzakirələri də intensivləşdirib.
Bəs mövcud şəraitdə İran bu müqaviməti hansı beynəlxalq və regional güclərin dəstəyi ilə davam etdirə bilir?
Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırkı mərhələdə İran faktiki olaraq döyüş meydanında tək qalıb.

Ədalət Verdiyev
“Rəsmi Tehranın əsas müttəfiqləri sırasında Çin, Rusiya, Venesuela və Şimali Koreya yer alsa da, bu dövlətlərin dəstəyi daha çox məhdud xarakter daşıyır. Bu ölkələr müəyyən səviyyədə siyasi və iqtisadi dəstək göstərməyə çalışırlar. Lakin İranın həm dəniz, həm quru sərhədləri, həm də hava məkanı faktiki olaraq nəzarət altındadır. Bu isə xaricdən hərbi və ya texniki yardımların çatdırılmasını ciddi şəkildə çətinləşdirir.”
Ekspert qeyd edib ki, mövcud şəraitdə İranın müharibədən müsbət nəticə ilə çıxması real görünmür:
“İran artıq bu müharibəni uduzub. Hazırda ölkəyə bağlı olan silahlı qruplaşmalar, o cümlədən Hizbullah və digər qüvvələrin zərərsizləşdirilməsi prosesi gedir. Paralel olaraq SEPAH-a məxsus infrastruktur da sıradan çıxarılır.”
Ədalət Verdiyevin fikrincə, İranın mövcud təzyiqlərə davam gətirmə imkanları da məhduddur:
“Bu templə davam edərsə, İran maksimum iki həftə ərzində müqavimət göstərə biləcək. Bundan sonra isə ölkə daxilində tamamilə fərqli mənzərə ilə qarşılaşa bilərik. Əgər Tehran ABŞ-ın tələblərini qəbul etməzsə, daha ağır kapitulyasiya şərtləri ilə üzləşməsi qaçılmaz olacaq.”
Mütəxəssis hesab edir ki, proseslərin inkişafı yalnız hərbi deyil, həm də diplomatik masada veriləcək qərarlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
