İranda sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda etirazlar yenidən geniş vüsət alıb. Ölkənin 27 əyalətində, 88 şəhəri əhatə edən aksiyalar zamanı ölənlərin, xəsarət alanların və həbs edilənlərin olduğu bildirilir.
Baş verən proseslər regionda təhlükəsizlik risklərini artırmaqla yanaşı, İsrailin mümkün hərbi müdaxiləsi ilə bağlı sualları da gündəmə gətirib. Maraqlıdır, İranda etirazların yenidən alovlandığı bir mərhələdə İsrailin hərbi müdaxilə ehtimalı realdırmı?

Əli Mustafa
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, İranda baş verən etirazların əsas səbəbi daxili problemlərlə bağlıdır. Onun sözlərinə görə, idarəetmənin gerilikçi və korrupsioner xarakter daşıması, sanksiyaların yaratdığı ağır iqtisadi-sosial böhran və islahat təşəbbüslərinin dini rejim tərəfindən əngəllənməsi cəmiyyətdə narazılığı dərinləşdirib.
Politoloq qeyd edib ki, islahatçı düşərgənin nümayəndəsi kimi tanınan Pezeşkianın vaxtilə ABŞ və Avropa ilə anlaşmanın vacibliyini vurğulamasına baxmayaraq, bu istiqamətdə real addımlar atılmayıb. Nəticədə əhalinin maddi vəziyyəti daha da pisləşib, milli valyutanın dəyəri kəskin şəkildə aşağı düşüb.
Əli Mustafanın fikrincə, etirazlarda müəyyən xarici təsirlərin olması istisna edilmir, lakin əsas problem rejimin özündədir:
“Bu rejim artıq ölkəni effektiv şəkildə idarə edə bilmir. Problemlərin kökü də məhz buradan qaynaqlanır”.
İsrailin mümkün hərbi müdaxiləsinə toxunan politoloq bildirib ki, Təl-Əviv bu istiqamətdə hazırlıqlıdır. Onun sözlərinə görə, İsrail rəhbərliyinin ABŞ-a son səfərindən sonra Donald Trampla müəyyən məsələlərdə anlaşmaların əldə edildiyi iddia olunur. Eyni zamanda, ABŞ hərbi təyyarələrinin Almaniya və Böyük Britaniyaya cəlb olunması ilə bağlı yayılan məlumatlar da diqqət çəkir.
Bununla belə, Əli Mustafa hesab edir ki, hazırkı mərhələdə xarici müdaxilə etirazçıları rejim ətrafında birləşdirə bilər:
“Əgər İsrail və ABŞ-ın məqsədi etirazçıları rejimlə yaxınlaşdırmaq və hakimiyyətin ömrünü uzatmaqdırsa, müdaxilə mümkündür. Ancaq məqsəd rejim dəyişikliyidirsə, o zaman daha əlverişli vaxtın gözlənilməsi qaçılmazdır”.
Politoloqun fikrincə, yalnız xalqın açıq şəkildə kənar müdaxilə istədiyi bir mərhələdə atılacaq addım cəmiyyət tərəfindən dəstəklənə bilər. Hazırda isə gərginliyin bu həddə çatmadığını deyən Əli Mustafa vurğulayıb ki, erkən müdaxilə əks təsir göstərə bilər.
Sonda politoloq qeyd edib ki, İranın taleyi təkcə region üçün deyil, bütün dünya üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, İsrailin Rusiyanın vasitəçiliyi ilə İran rəhbərliyinə hücum niyyətinin olmadığı barədə mesaj göndərməsi ilə bağlı məlumatlar da mövcuddur. Lakin vəziyyətin gedişindən asılı olaraq istənilən ssenari istisna edilmir.
“İran da hərbi baxımdan ciddi şəkildə hazırlaşıb, ballistik raket potensialını artırıb. İsrailin mümkün addımları zamanı bunu nəzərə alacağı şübhəsizdir”, – deyə Əli Mustafa əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
