İran mətbuatında ölkə prezidenti Məsud Pezeşkianın Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməməsinə dair növbəti çağırış edilib.
KONKRET.az xəbər verir ki, radikallığı ilə tanınan “Keyhan” qəzeti dövlət başçısının Bakıya gələcəyi təqdirdə tələyə düşəcəyini vurğulayıb.
Müəllif yazıb ki, İrandakı Qərbyönümlü dairələr İslam Respublikasının və şəxsən prezidentin şəxsiyyətinə ağır zərbə vuracaqlar:
“İsrail prezidenti İssak Hersoq da konfransa qatılacaq və Pezeşkianın onunla eyni sammitdə olmasına necə məhəl qoymamaq olar? Azərbaycanın müsəlman ölkə olaraq İsraili sammitə dəvət etməyə haqqı yoxdur. Bu, İslama və müsəlmanlara xəyanətdir. Biz Məsud Pezeşkiandan nəinki konfransda iştirakdan imtina etməsini, həm də Bakıya kəskin etirazını bildirməsini gözləyirik. Açıq-aydın görünür ki, Bakı sammitinə nə Pezeşkian, nə də İrandan heç bir nümayəndə heyəti qatılmamalıdır. İranın Qərbyönümlü siyasətçilərinin hansı motivlə Pezeşkianı Azərbaycanda keçiriləcək konfransda iştiraka sövq etmələri məlum deyil. Yəni onlar hələ də anlamırlar ki, İran prezidentinin və ya nümayəndə heyətinin Bakıda iştirakı İslam düşmənlərinin təhlükəli tələsinə düşmək deməkdir”.
Xatırladaq ki, İran Prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) üçün Azərbaycana gələcək və bir sıra görüşlər keçirəcək
Məlik,
KONKRET.az