İranın Ermənistandakı səfiri Mehdi Sobhani son günlər “Zəngəzur dəhlizi” ətrafında yaranmış gərginliyi şərh edərək bildirib ki, bölgədə heç bir məsələ zor gücü ilə həll olunmamalıdır və İran bu cür yanaşmaları qətiyyətlə rədd edir.
KONKRET.az “arminfo.info” saytına istinadən xəbər verir ki, iranlı diplomat Azərbaycanın və Türkiyənin Zəngəzur (Sünik) bölgəsindən keçən dəhliz ideyasını “təhlükəli və regionu qeyri-sabitliyə sürükləyən” təşəbbüs kimi qiymətləndirib:
“Nə Zəngəzur var, nə də belə bir dəhliz olacaq. Heç bir layihə zorla həyata keçirilə bilməz”.
Yeri gəlmişkən, İran və Azərbaycanın bu gün sona çatan birgə hərbi təlimi Mehdi Sobhaninin sərsəm açıqlaması fonunda diqqət çəkir. Hər iki ölkənin silahlı qüvvələri Araz çayı boyunca yerləşən sərhəd bölgəsində birgə manevrlər həyata keçiriblər. Təlimlər zamanı sərhədin təhlükəsizliyi, potensial təxribatlara qarşı birgə cavab və strateji əməkdaşlıq mövzularına xüsusi diqqət yetirilib. Bu təlim, İranın həm öz sərhəd təhlükəsizliyinə, həm də Azərbaycanla hərbi əməkdaşlığa önəm verdiyini göstərib. Analitiklər bu addımı, İranın Ermənistana ünvanladığı narazılıqlardan fərqli olaraq, Azərbaycanla münasibətlərini sabit saxlamaq istəyi kimi dəyərləndirirlər.
Bütün bu siyasi və hərbi dinamikalar fonunda İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri də simvolik məna daşıyır. Pezeşkian, Bakıda keçirdiyi görüşlər zamanı İran-Azərbaycan münasibətlərini “qardaşlıq və qonşuluq ruhu ilə” xarakterizə edib və ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Görüşlərdə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri əsas müzakirə mövzularından biri olub.
Səfər çərçivəsində keçirilən rəsmi ziyafətlərin birində Pezeşkian, Azərbaycanın mədəni irsinə olan hörmətini ifadə etmək üçün məşhur azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın şeirindən bir parça oxuyub. Onun səsləndirdiyi misralar diplomatik auditoriyada xüsusi təəssürat yaradıb və bu, həm mədəni, həm də emosional bir körpü kimi qarşılanıb.
Bu jest, İranın Azərbaycan xalqının mədəniyyətinə və dilinə hörmətini ifadə etməklə yanaşı, tərəflər arasında inamın bərqərar olmasına xidmət edən incə bir mesaj kimi qəbul olunub.
Beləliklə, bir tərəfdən İranın Ermənistana açıq mesajları, digər tərəfdən Azərbaycanla hərbi və siyasi koordinasiya, həm də Pezeşkianın poetik jesti Tehran-Bakı münasibətlərinin çoxşaxəli və balanslı məcrada inkişaf etdiyini nümayiş etdirir. Bu hadisələr fonunda bölgədə sabitliyin saxlanılması üçün tərəflər arasında diplomatik incəlik və qarşılıqlı etimadın önəmi bir daha özünü göstərir. Xatırladaq ki, Zəngəzur dəhlizi – Ermənistanın Zəngəzur (Sünik) vilayətinin ərazisindən keçən, təxminən 40 km uzunluğunda nəqliyyat dəhlizi layihəsidir. Bu marşrut Azərbaycanın qərb rayonları ilə onun eksklavı olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməli idi. Regionda nəqliyyat yollarının açılması, 2020-ci il 10 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulub.
Natiq Səlim,
KONKRET.az