“İrəvanın Moskva ilə ittifaqa alternativi yoxdur: Rusiyaya alternativ tək Türkiyədir”backend

"İrəvanın Moskva ilə ittifaqa alternativi yoxdur: Rusiyaya alternativ tək Türkiyədir"

“Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı həm ikitərəfli strateji tərəfdaşlıq formatında, həm də regional inteqrasiya çərçivəsində qaçılmazdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni iqtisadçı-ekspert, Avrasiya Ekspert Klubunun üzvü Tatul Manaseryan bildirib.

O, bunu “Zəmanəmizin təhdid və çağırışları qarşısında Ermənistan-Rusiya Strateji Birliyinin aktual məsələləri” adlı dəyirmi masa zamanı deyib. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində Rusiya ilə daha da yaxınlaşmalıdır.

“Ermənistan və Rusiya beynəlxalq münasibətlərin inkişaf dinamikasını və yeni dünya iqtisadi düzəninin qurulması ilə bağlı müasir dəyişiklikləri nəzərə alaraq, əldə olunanlarla kifayətlənməməlidir. Bunu Azərbaycanla Türkiyə arasındakı inteqrasiya meylləri də tələb edir. Bölgədəki hərbi və iqtisadi təhlükəsizlik üçün ümumi təhdidlər və qonşu ölkələrin iqtisadi maraqlarının dərinləşməsi bizi daha da birləşdirməlidir”, – deyə o bildirib.

Tatul Manaseryan vurğulayıb ki, Rusiya və Ermənistan Birlik Dövlətində iştirak etməlidir. Artıq bu məsələlər fəal şəkildə müzakirə olunur. Birlik Dövləti çərçivəsində Ermənistan öz suverenliyini qorumalıdır:

“Qeyd etmək vacibdir ki, Qarabağ uğrunda ikinci müharibədən bəri Ermənistanın siyasi elitasının nümayəndələri mütəmadi olaraq Rusiyaya getməyə başladılar. Rus və erməni ekspertlər hesab edirlər ki, Azərbaycanla imzalanan atəşkəs Ermənistanın tarixindəki ən pis siyasi böhrana gətirib çıxardı: müxalifət “inqilabçı” Nikol Paşinyanı günahlandıraraq onu devirməyə çalışır. İndi hər iki siyasi qüvvə respublikanın rifahı naminə Moskvanın dəstəyini almağa çalışır, çünki bu qüvvələrin özünə inam zəifləyib. 2018-2020-ci illər dövründən fərqli olaraq, bu gün Ermənistanda rusiyapərəst düşüncələr üstünlük təşkil edir, digər tərəfdən, cəmiyyət Rusiyadan Qarabağ uğrunda müharibədə daha çox iştirak etməsini gözləyirdi.

Bu baxımdan ideya cəmiyyətdə mübahisəli reaksiyalara səbəb olub. Ona görə də belə bir təşəbbüsün həyata keçirilməsinin çətin olduğunu etiraf etmək lazımdır, çünki Ermənistan hələ də Azərbaycanla kəskin hərbi-siyasi münaqişədədir. Digər tərəfdən, sərhəd delimitasiyası hələ başa çatmayıb. Nəhayət, geosiyasi vəziyyət və coğrafi mövqe, xüsusən də ölkələr arasında ortaq bir sərhədin olmaması Rusiya ilə daha sıx inteqrasiya yolunda əlavə çətinliklər yaradır”.

Onun sözlərinə görə, indi erməni cəmiyyəti dünyanın yeni mənzərəsi ilə tanış olmalı, təhlükəsizlik zəmanətlərini dərindən öyrənməlidir: “Əlbəttə, Moskva İrəvanın təhlükəsizliyinin qarantıdır və ön planda iki müstəqil dövlət arasındakı ikitərəfli münasibətlər dayanır. Ancaq sual budur ki, Rusiya buna ehtiyac duyurmu? Türkiyə müharibədə Azərbaycan tərəfində praktik olaraq açıq şəkildə iştirak etdi. Rusiya isə nədənsə gözləməyi üstün tutdu.

Ona görə də tam qətiyyətlə deyirəm ki, müharibə İrəvanın həqiqətən Moskva ilə ittifaqa alternativinin olmadığını açıq şəkildə nümayiş etdirdi. Əks təqdirdə gərək biz Türkiyə ilə ittifaq dövlət yaradaq. Bu fikri tənqid edənlər Ermənistanın öz suverenliyini itirə biləcəyini söyləyirlər. Ancaq belə bir nümunə var. Rusiya-Belarus Birlik Dövlətini xatırlatmaq istəyirəm.

Mövcud hökumətin səhvləri üzündən Ermənistan Azərbaycan və Türkiyəyə qarşı müharibəyə cəlb olunaraq, suverenliyinin əhəmiyyətli bir hissəsini itirdi. Artsaxdakı ermənilərin təhlükəsizliyi rus sülhməramlıları tərəfindən təmin edilir. Soydaşlarımızın Ermənistan ərazisində yaşaya biləcəkləri və ya mühacirət etməli olduqları onların yaxşı münasibətlərindən asılıdır. Ermənistan-Azərbaycan sərhədi boyunca isə partlayıcı vəziyyət yaranıb.

Qeyd edək ki, dəyirmi masa “İnteqrasiya və İnkişaf” tədqiqat və analitik ictimai təşkilatı və Avrasiya Ekspert Klubu tərəfindən təşkil edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*