Rusiyada baş verənlər, xüsusən də Priqojinin çevriliş cəhdi hələ də geniş müzakirə mövzusudur. Bir çox ekspertlər bu çevriliş haqda fərqli fikirlər səsləndirirlər. Kimisi hadisələri düşünülmüş ssenari adlandırır, kimisi də Priqojinin Putini sadəcə olaraq devirə bilmədiyinə diqqət çəkir. “Vaqner” rəhbərinin Belarusa getməsi də ən çox sual doğuran mövzular sırasında yer alıb. İndi hər kəsi bir suual düşündürür: Görəsən, bu hadisə düşünülmüş ssenari idi? Əgər dogrudan da sözügedən planı Putin və Priqojin hazırlamışdısa, o zaman bu cür oyun təşkil etmək Kreml rəhbərinə niyə lazım idi? Yəni Putin bunu təşkil etməklə nə qazandı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Priqojin uzun zamandır Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi haqda təhqiramiz fikirlər səsləndirirdi. Sergey Şoyqunu, Baş Qərargah rəisi Gerasimovu sobatajda günahlandırırdı:
“Priqojin sistemin özünə qarşı iddialar irəli sürürdü. “Vaqner”in yaxşı döyüşdüyünü, lakin onların təchizatının lazımı səviyyədə təmin olunmadığını vurğulayırdı. Odur ki, hərbi-siyasi şəraitdə böhran konturları müəyyən olunanda bu cür hadisələr yaşanır. Çünki ikitirəlik yaranır, rəqabət baş verir və sənaye-maliyyə qurpları arasında gərginliklər ortaya çıxır. Rusiyanın reallığında biz bu məsələlərin işartılarını görürük. Həqiqətən də Priqojin məsələsi yeni trend kimi ortaya çıxır və güclənirdi. Artıq o, Rostovu aldığını və Moskvaya doğru irəlilədiyini açıqlayanda Rusiyanın siyasi rəhbərliyində təzadların və əksikliklərin xeyli sayda olduğu üzə çıxdı. Təsadüfi deyil ki, bundan sonra bəzi yüksək rütbəli məmurlar ölkəni tərk etmək məcburiyyətində qaldılar”.
“Bundan sonra nə baş verə bilər?” sualına isə politoloq belə cavab verib:
“Türkiyədəki 15 iyun çevrilişinin elementlərini müəyyən mənada biz Rusiyada müşahidə edirik. Bundan sonra yalnız təmizləmələr həyata keçiriləcək. Necə deyərlər, “iri baş”lar vurulacaq, xeyli struktur dəyişiklikləri olacaq. Doğrudur, Priqojin özünü Belarusa təxliyə etdi. Aleksandr Lukaşenko özünü yenidən vasitəçi kimi göstərdi. Biz Minsk və Moskva arasında sövdələşmələrin olduğunu görürük. Bunlar ittifaq dövlətidir. Bu prosesdə Putinin imicinə çox böyük zərbə dəydi. Çünki o, faktiki olaraq üçüncü qüvvənin iştirakı ilə prosesi tənzimlədi. Amma bundan sonra qazancı ola bilər. Yəni Putin geniş bir təmizləmə işlərinə start verəcək. Çox güman ki, Silahlı Qüvvələrin sıralarında rəhbər vəzifə tutanların dəyişdirilməsi baş verəcək. Bir çox generallar, regionların rəhbərləri və Priqojinin tərəfini tutanlar cəzalandırılacaq. Bir sözlə, Rusiyada hazırda ictimai-siyasi böhran yaşanır. Bu böhrandan çıxmaq üçün Putinin mexanizm tapıb-tapmayacağını isə yaxın zamanda görə biləcəyik”.
Mövzunu saytımıza şərh edən politoloq Oqtay Qasımov bildirib ki, bu hadisənin Putin və Priqojinin ssenarisi olduğunu düşünmür:
“Belə bir hadisə qiyama cəhd idi. Priqojin özü də Müdafiə Nazirliyinə tabe olmayacağını açıqlayırdı. Priqojin bu addımı atmaqla Rusiyanın imicinə güclü zərbə vurdu. Sadəcə olaraq Priqojinin Lukaşenko ilə danışıqlardan sonra Belarusa keçməsi daha çox düşündürücüdür və sualın cavabı kifayət qədər mürəkkəbdir. Priqojin artıq beynəlxalq səviyyəli bir terror təşkilatının rəhbəri kimi tanınır. Çünki “Vaqner” bir çox sifarişli qətllərin həyata keçirilməsində mühüm rol oynayıb. Hesab edirəm ki, bu, razılaşdırılan ssenaridən daha çox Rusiyada baş verən bəzi hadisələrlə bağlı idi. Çox güman ki, Priqojinə müəyyən vədlər verərək onu bu işə məcbur edən siyasi və hərbi elita son anda “Vaqner” rəhbərini açıq şəkildə dəstəkləməkdən imtina etdi. Buna görə də, priqojin sonrakı yürüşü dayandırdı və Lukaşenko ilə danışıqların ardınca Belarus ərazisinə keçdi. Ona görə də, baş verənlərin danışılmış ssenari olduğunu zənn etmirəm”.
Müşviq Tofiqoğlu,
KONKRET.az