İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatı keçiriləcəkmi? – MÜƏMMAbackend

İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatı keçiriləcəkmi? - MÜƏMMA

44 günlük müharibədən sonra əldə olunan Böyük Qələbənin dadı hələ də damağımızdadır. Və yəqin ki, heç zaman da bu dadı unutmayacağıq. Çünki Böyük Qələbə hesabına təkcə ölkəmizin ərazi bütövlüyü təmin olunmadı, həm də şəhidlərimizin qanı yerdə qalmadı və 30 ildə Qarabağ həsrəti ilə  bu dünyadan köçənlərimizin ruhu şad oldu. Ən əsası dünyada məğlub və aciz xalq “yarlığı”ndan xilas olduq.

Böyük Qələbənin gətirdiyi mənəvi-psixoloji və sosial-iqtisadi dividentlər də var. Məsələn, insanlar nəhayət, öz dədə-baba ocaqlarına qayıdacağına inandılar. İnsanlarda şəhərin çirkli, bürkülü havasından və GMO məhsullardan qurtulmaq ümidi yarandı. Bu və digər amillər 30 il köçkünlük həyatı yaşayan insanlarda pozitiv assosiasiyalar yaratdı.

Hələ yerli soydaşlarımızı demirik. Onlar da Qarabağın və ətraf rayonların işğaldan azad olmasına həm də ona görə sevindilər ki, 1 milyon insan iri şəhərlərdən, xüsusən də Abşeron yarımadasından çəkilib gedəcək. Beləcə, şəhərlərin sosial yükü azalacaq, çox sayda boş iş yerləri yaranacaq, tıxaclar yoxa çıxacaq, mənzilləri məcburi köçkünlər tərəfindən zəbt olunmuş şəhər sakinləri nəhayət ki, öz mülkiyyət hüquqlarını bərpa edəcəkdilər və sair.

Bəli, insanlar bu və digər arzularla düz 1 il 8 aydır ki, yaşayır. Amma nədənsə hərənin ürəyində bəslədiyi vüsal günü uzandıqca-uzanır. Qarabağa və ətraf ərazilərə Böyük Qayıdış ləngiyir. Hələ də şuşalılar Şuşaya ən yaxşı halda turust kimi, digər rayonların sakinlərinin çox cüzi hissəsi isə qonaq kimi ata-baba ocaqlarına gedə bilirlər. Əksər məcburi köçkünlər isə hətta turist və qonaq kimi getmək imkanından məhrumdur.

Bütün bunlarsa təəssüf doğurur, acı ovqat yaradır.

Ədalət naminə deyək ki, son 1,6 ayda dövlət başçısının biləvasitə göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Qarabağ və ətraf ərazilərin siması dəyişir, canlanır. Zəngilanda, Şuşada və Ağdamda yeni yaşayış massivləri salınır. Bütün bunlar əladır, təqdir ediləsi haldır. Bəs, Cəbrayılda, Füzulidə, Qubadlıda, Xocavənddə, Kəlbəcərdə və digər ərazilərdə niyə sükut pozulmur?

Məsələn, Füzulidə yeni hava limanı istifadəyə verildi. Zəngilanda və Laçında isə hava limanlarının tikintisi davam etdirilir. Zəngilan hava limanı yaxın vaxtlarda, Laçın hava limanı isə 2024-cü ildə istifadəyə veriləcək. Amma bir məsələ açıq qalır. 2024-cü ilə qədər laçınlılar öz dədə-baba torpaqlarına qayıdacaqlarmı? İnanmırıq ki, kimsə bu suala konkret cavab versin. Bəs, elə isə külli miqdarda büdcə vəsaiti hesabına tikilən bu hava limanları hansı məqsədlə inşa edilir? Bakıdan Füzuliyə təyyarə bileti 50 manatdır. Bu bahalığa hansı vətəndaş uçmaq istəyəcək? Xarici turistlər üçün nəzərdə tutulursa, onda Zaqatala hava limanı niyə ağzı bağlı qalıb? Hələ Qəbələ və Lənkərandakı hava limanlarını demirik. Çünki ekoturizm üçün Qəbələ, Zaqatala və Lənkəran heç də Füzulidən və Zəngilandan geri qalmır. Amma mövcud hava limanlarının imkanlarından nə xarici turistlər, nə də ki, yerli sakinlər istifadə edə bilmir. Bəs, elə isə Zəngilan, Füzuli və Laçındakı hava limanlarının aqibətinin Zaqatala və digər hava limanlarının aqibəti ilə eyni olmayacağına kim təminat verə bilər?

Çox təəssüf ki, bu cür cavabsız suallar çoxdur. Məsələn, Murov dağının altından tunel atılmaqla Kəlbəcərə yol çəkilir. Amma Ağdərədən Kəlbəcərə qalxan dədə-baba yolu haqqında söhbət belə getmir. Ermənilərə Laçından dəhliz veririk, onlara yeni yol çəkirik. Bəs ermənilər bizə Ağdərədən niyə belə bir yol vermir?

Görünən odur ki, Qarabağın yenidən qurulmasında bəzi məmurlar və dölət qurumları korporativ maraqlardan çıxış edir. Daha iri büdcəli layihələri irəli sürürlər. Halbuki daha ucuz və daha vacib həllər var.

Axı, niyə fərdi adamların təşəbbüsləri öyrənilmir. Sirr deyil ki, məcburi köçkünlərin xeyli hissəsi böyük kapitala sahibdir. Və yaxşı haldır ki, həmin adamların böyük hissəsi öz dədə-baba ocaqlarında iş görmək, qurub-yaratmaq istəyir. Amma onların bu nəcib istəyinə kimlərsə qırmızı işıq yandırır. Soruşanda da deyirlər ki, “dövlətimizin hər cür imkanı var”. Əslində bu cür məntiq dövlətə sevgidən və sədaqətdən yox, korporativ maraqlardan irəli gəlir. İllər boyu dövlət büdcəsindən dotasiya alan qurumlar çox təəssüf ki, Qarabağın yenidən qurulmasında da çox “fəal”dır. Sizcə niyə?

Maraqlı məqamlardan biri də odur ki, məcburi köçkünlər yeni salınan yaşayış massivlərinə nə zaman qayıdacaqlar. Və ümumiyyətlə, hansı statusla qayıdacaqlar. Onlara getdikləri ərazilərdə qurub yaratmaq imkanı tanınacaqmı?! Yoxsa, məcburi köçkünlər üçün son illərdə salınan yaşayış məntəqələrində olduğu kimi 2-3 otaq və 4-5 sot torpaq sahəsi ilə kifayətlənməli olacaqlar?! Nəzərə alaq ki, 25 il əvvəl Azərbaycanda torpaq islahatı aparılıb. Bəlli səbəblərdən Qarabağ və ətraf ərazilərdən köçkün düşən insanlar pay torpaqları ala bilməyiblər. Bəs bu insanlar pay torpağı ala biləcəklərmi? Alla biləcəklərsə, bu nə zaman və hansı cür olacaq

Bəli, Böyük Qələbə şanımıza şan qatdı, şərəfimizi özümüzə qaytardı, lakin torpaqlarımız və dədə-baba ocaqlarımıza hələ də həsrət qalmışıq. Bəs bu həsrət nə zaman bitəcək? Sonsuz suallara nə zaman cavab tapılacaq?

KONKRET.az-ın Analitik qrupu

  • Namiq
    İyul 4, 2022 - 13:02

    Qardaş! Bir səbriniz olsun da. Qoy məmurlar pay – prüş etsinlər, yerdə nə qalsa bizə verərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*