İşğaldan azad olunmuş ərazilərdəki evləri kirayə vermək olar? – RƏYbackend

İşğaldan azad olunmuş ərazilərdəki evləri kirayə vermək olar? - RƏY

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanmış evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə məsələyə belə münasibət bildirib:

“Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq komitənin səlahiyyətində deyil”.

İddia edilir ki, sözügedən addımı atan şəxslərə verilən əmlaklar geri alınacaq.

Maraqlıdır, belə olan halda keçmiş məcburi köçkünün mülkiyyət hüququ pozulurmu?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşunal məsələyə aydınlıq gətirib:

“İşğaldan azad olunmuş ərazilərə insanların köçürülməsi Dövlət Proqramı əsasında baş tutur. Orada daimi məskunlaşmanı, o cümlədən əhalinin məşğuliyyətini təmin etmək üçün hökumət müəyyən həvəsləndirici addımlar atır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşayan vətəndaşların komunal xərcləri qarşılanır və orada çalışan şəxslərə vergi güzəştləri tətbiq olunur. Sözügedən bölgələrdə daimi məskunlaşmanı təmin etmək üçün vətəndaş üzərinə öhdəlik götürür”.

Hüquqşunas bildirib ki, keçmiş məcburi köçkünlər evlərini yalnız bir halda kirayəyə verə bilərlər:

“Vətəndaşın istifadə etdiyi evi kirayəyə vermək kimi ixtiyarı yoxdur. Ölkə ərazisində icarə müqaviləsi şərtdir. Həmin şəxslərə verilən evlər onların şəxsi mülkiyyəti olmadığından qarşı tərəflə rəsmi sənəd imzalaya bilməz.

Yalnız bir halda bu məsələyə razılıq verilə bilər. Məsələn, Şuşa rayonu işğal edilməmişdən əvvəl vətəndaşın yaşadığı ev onun şəxsi əmlakı sayılırdısa və hazırda dövlət həmin ərazi üzrə köçürülmə aparırsa, o zaman razılaşdırılmış qaydada vətəndaş öz evini kirayəyə verə bilər. Bununla bağlı hüquqlar qeydiyyata alınmalıdır və xüsusi mülkiyyət hüquqlarının təsdiqinə dair reyestrdən çıxarış təqdim olunmalıdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*