İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün yeni dövlət proqramları HAZIRLANACAQbackend

İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün yeni dövlət proqramları HAZIRLANACAQ

Sosial rifahı yaxşılaşdırmaq üçün aparılan islahatlar, görülən tədbirlər öz bəhrəsini verməkdədir. Xüsusi layihələrin həyata keçirilməsi, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması inkişafı şərtləndirən əsas amillərdəndir. Qeyri-neft sektorunun davamlı inkişafı üçün aparılan islahatların nəticəsidir ki, ölkədə yeni biznes mühiti formalaşıb. Deməli, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları əhalinin yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Regionların sosial-iqdisadi inkişafı üçün qəbul edilən qanunlar və onların icrası sosial siyasətin uğurla yerinə yetirilməsinə hesablanıb. Bunun  nəticəsidir ki, əsasən kənd rayonlarında əhalinin məşğulluğunun artırılmasından ötəri dövlət proqramı həyata keçirilib. Özünəməşğulluq sahələrinə, ictimai işlərə cəlb olunanların sayı artdıqca ölkədə işsizliyin səviyyəsi aşağı düşüb. Qeyri-neft sektoruna qoyulan investisiyaların böyük bir hissəsi kənd təsərrüfatı sahəsinin payına düşür.

Dövlət proqramına uyğun olaraq bu sahədə işləyən, təsərrüfatla məşğul olan hər kəs dövlətin qayğısını duyur, hiss edir. Ayrılan subsidiyalar kənd təsərrüfatı sahəsində çalışan təbəqə üçün əlavə stimul yaradır. Bu sahədə çalışan vətəndaşlar dövlətin hərtərəfli qayğısını daim hiss edirlər. Vətəndaş məmnunluğu da ölkədə aparılan islahatlar nəticəsində mümkün olub. 11 il əvvəl fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN Xidmətin bu baxımdan xüsusi rolu var.

İndi ölkəmizin hər yerini əhatə edən ASAN xidmətdən yararlanan vətəndaşlar istədikləri məsələ ilə bağlı müraciət edə bilirlər. Keyfiyyətli və operativ xidmətdən hər kəs məmnundur. Müasir texnologiyaların inkişaf etdiyi, internet resurslarının geniş yayıldığı Azərbaycanda internet istifadəçilərinin sayı artmaqdadır. İndi ən ucqar kəndlərdə belə internet əlçatandır və Azərbaycanda internetdən istifadə tam sərbəstdir. Deməli, vətəndaşların internetdən yararlanması üçün hər cür imkan yaradılıb və insanlar da bundan maksimum istifadə etməyə çalışır. Regionların sosial-iqdisadi inkişafından söhbət düşəndə ilk olaraq turizm sektorunun yada düşməsi təsadüfi deyil.

Turizm ən çox inkişaf etmiş sahədir və geniş coğrafi ərazini əhatə edir. Böyük sərmayə yatırılan turizm sektorunda ciddi layihələr həyata keçirilir. Bu, həm əhalinin məşğulluğuna, həm də bu sektordan istifadə edən insanların rahat istirahətinə hesablanıb. Bununla da hər il yüz minlərlə insana xidmət edən turizm sektoru ildən-ilə böyüyür, inkişaf edir.

Dünyanın müxtəlif ölkələrindən Azərbaycana təşrif buyuran turistlərin də məmnun qaldığı sahə həm də iqtisadiyyatın şaxələnməsinə çox geniş fayda verir. Sosial-iqtisadi inkişafa təkan verən turizmin bir növü də kənd turizmidir. Regionlarda geniş yayılan bu sahənin inkişafı da diqqətdə saxlanılır və xeyli genişlənib.

Hər il turizm bölgələrinə üz tutan əhalinin müəyyən qismi məhz kənd turizmindən istifadə edir. Azərbaycanda infrastrukturun yenidən qurulması üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Yeni yolların çəkilməsi, təmiri, yol ötürücülərinin inşası, körpü tikintisi və digər sahələrdə görülən yüksək səviyyəli işlər regionların inkişafında önəmli rol oynayır. Son iyirmi ildə respublikamızda 19879 km yol yenidən qurulub və ya təmir edilib. Bu müddətdə birinci dərəcəli yolların uzunluğu 938 km-dək artıb. 499 ədəd körpü və yol ötürücüləri, 114 yerüstü və yeraltı piyada keçidləri inşa edilib. Regionların qazlaşması üçün dövlət proqramları icra edilib. İndi ən ucqar dağ kəndləri belə təbii qazla təmin edilir.

Regionlarda içməli su probleminin həlli üçün də layihələr həyata keçirilib. Eyni zamanda əhalinin suvarma suyu ilə təmin edilməsindən ötəri mütəmadi olaraq ya kanallar çəkilir, ya da artezian quyuları istismara verilir. Kənd təsərrüfatının inkişafı üçün lazım olan inrfastruktur yenidən qurulur. Emal sahələri yaradılır, soyuducu anbarlar inşa edilir, loqistik sistem yaradılır.

Azərbaycanda prioritet sahələrdən ən birincisi isə təhsildir. Xüsusi önəm verilən təhsil sektorunun təkmilləşdirilməsi üçün inkişaf etmiş ölkələrin təhsil sistemləri öyrənilir. Hər cür qayğı ilə əhatə olunan təhsil sektorunda aparılan islahatlar, görülən işlər, elm ocaqlarının yenidən qurulması gənc nəslin yeni ruhda böyüməsi üçün əlavə stimul verir.

Son illər Azərbaycanın müxtəlif şəhər və rayonlarında uşaq bağçalarının və ümumitəhsil məktəblərinin tikintisi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait xərclənib. Beləlilklə, Azərbaycanda dövlət proqramlarının icra olunduğu müddət ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artm müşahidə edilib.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyon daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradır.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*