Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.
Rövşən İsmayılov bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil:
“Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Hər hansı əlavə tarif elementlərinin tətbiqi tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılmasıdır. Məsələn, 2 abonent var və onlardan 1-nin 1, digərinin 2 mənzili var. Amma istehlak həcmi eynidir və eyni həcmdə ödəniş edir. Üç mənzilin infrastruktur xərcləri 2 abonent arasında bölünür. Bunu daha ədalətli etmək üçün sabit tarifə keçməyi zəruri görürük. Sayğacla bağlı xərclər hətta istehlak olmasa belə həmin abonentin istehlak xərclərinə aid edilmiş olacaq. Bu beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur”.