İslam dininin əsas qaynağı olan Qurani-Kərimdə sələm və sələmçilik haram və böyük günahlar sırasında göstərilir. Peyğəmbərimizin (s.ə.s) hədislərində faizlə pul almaq və vermək, bu işdə vasitəçilik etmək lənətlənib.
Bu barədə ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İslam aləmində son əsrlərə qədər faizlə borc vermək və sələmçilik ənənəvi hal almayıb:
“Kredit də sələmin bir növüdür. Lakin faizsiz kredit növləri var ki, bunlar sələm sayılmır. Məsələn, bank kreditləri faizsiz verilsə belə, başqa yollarla fayda götürülür. Xüsusilə, yüksək faizli kreditlər sələmin ən ağır formasıdır”, – deyə o, vurğulayıb.
Tural İrfan bildirib ki, sələmçilik ümumbəşəri nizamı pozan, insanlığı mənəvi və iqtisadi baxımdan əsir edən bir virus kimidir:
“Sələm insanın ömrünü istismar edən bir vasitədir. Lakin bu gün dünya sistemi belə qurulub və insanlar çarəsizlikdən, ehtiyac səbəbilə kredit götürməyə məcbur qalırlar. Hətta yüksək faizlərlə də olsa, bunu edirlər. Dinimizdə də çarəsiz vəziyyətdə haram olan bəzi şeylər müvəqqəti olaraq halal sayıla bilər. Məsələn, Quranda donuz əti haram hesab edilir, lakin insan ölməmək üçün çarəsiz qaldıqda yeyə bilər. Kredit də belədir, sələmdir, lakin zərurət qarşısında götürülən kredit haram sayılmır”, – ilahiyyatçı əlavə edib.
O, qeyd edib ki, varlanmaq və sərvətini artırmaq məqsədilə sələm vermək haramdır və bu yolla əldə olunan gəlir də halal sayılmır:
“Bank faizlərinin aşağı olması, onları müəyyən mənada sələmdən uzaqlaşdırır. Ancaq yüksək faizli, istismarçı banklardan kredit götürmək məqsədəuyğun deyil”
İlahiyyatçının sözlərinə görə, bu gün kredit artıq həyatın ayrılmaz bir parçasına çevrilib:
“İndi dövr elədir ki, kreditsiz yaşamaq demək olar ki, mümkünsüzdür. Bəzən telefon danışıq dəqiqələrimiz bitdikdə və üstümüzdə pul olmadıqda, kreditlə danışıq dəqiqəsi götürürük. Bu da sələmdir, amma zamanın, iqtisadiyyatın və sosial həyatın tələbinə çevrilib. Ona görə də kredit götürmək zərurət qarşısında icazəli hesab oluna bilər”, – ilahiyyatçı qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az