İslamda qadın AZAN oxuya bilərmi? – İki ilahiyyatçıdan əks fikirlərbackend

İslamda qadın AZAN oxuya bilərmi? - İki ilahiyyatçıdan əks fikirlər

“Azan insanları namaza dəvət etməkdir. Bu insanların içərisində qadın da var, kişi də. Yəni bir qadının azan oxumasının qarşısını ala biləcək heç bir haqq-hüquq yoxdur. Ümumiyyətlə, qadağa da yoxdur”.

Bu fikirləri KONKRET.AZ saytına ilahiyyatçı Elşad Miri deyib və İslama görə qadının azan oxumasında, səsinin ətrafa yayılmasında heç bir problemin olmadığını qeyd edib:

“Təəssüflər olsun ki, bu günləri dini patriarxal hala gətirdiklərinə görə, qadın səsinin haram olduğunu, onun azan verməsinin doğru olmadığını deyəcəklər. Bu, uydurulan dinçilərin ortaya atdıqları ifadədir. İslamda isə belə bir şey yoxdur. “Bəs niyə bu vaxta kimi heç bir qadının azan oxumasına təsadüf edilməyib?”, – deyə soruşsanız, bu günləri dünyada Quranı tərcümə eləyən 1-2 qadından başqa, Quran tərcüməçisinə də rast gələ bilmərik. Çünki kişilər bu məsələni elə monopoliyaya götürüblər ki, qadını həmişə alçaldıcı, ikinci dərəcəli, ərəb kültüründən gələn anlayışı dinlə birləşdirib təqdim ediblər”.

“İslama görə məsciddə bir qadının azan oxumasında nə kimi qüsur ola bilər?” sualını Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevə də ünvanladıq. O, İslamda azan oxumağın yalnız kişilərə tapşırıldığını və onların məsuliyyətində olan bir vəzifə olduğunu bildirib:

“Ümumiyyətlə, azan məscidlərdə oxunur. Bu da İslam baxımından qadına deyil, kişiyə tapşırılır. Azan oxuyarkən ətrafa səs ki yayılır, onu kişi icra etməlidir. Məsciddə müəzzin olan şəxs mütləq kişi olmalıdır. Amma məsciddə qadınlar hissəsi var. Orda qadın namaza rəhbərlik edirsə, kişilərin namazı yoxdursa, yaxud yalnız qadınlara məxsus məscid olsaydı, əlbəttə, özləri üçün azan oxuya bilərdilər. Amma belə bir fakt mövcud deyil. Dünyada belə bir praktika yoxdur. Hələ ki məscidlərimizdə qadın imamlarımızın olması sual altındadır və müzakirə olunur. Hələ də buna tam şəkildə qərar verilməyib.  

Bilirsiniz, burda incəlik nədən ibarətdi? Bu işi görən adamın boynunda böyük məsuliyyət var. Yəni bu məsuliyyət qadının boynunda qalmasın, ona görə də bu işi kişiyə tapşırırlar. Belə izah edək: ailənin rəhbəri kimdir? Onun maddi və mənəvi ehtiyaclarını ödəmək üçün yükünü kişi daşıyır. Ailəni kim dolandırmalıdır, kim yaşatmalıdır? Əlbəttə ki, kişi! Bu vəzifə kişinin boynunda durub. Amma qadın da bir işin, peşənin sahibi olub ailəyə kömək edə bilər.  Amma əsas kimi qınayarlar? Ailənin maddi ehtiyaclarını kimdən tələb edərlər? Əlbəttə ki, kişidən. Rəsmiyyət belədir.

Ümumiyyətlə, dünyanın heç bir yerində məscidlərdə imam xanım yoxdur. Məscidlərdə imam kişidir, birdən səhv, xəta olsa bu işə cavabdeh kişi olsun, o məsuliyyət daşısın, qadın deyil.

Bildiyimiz kimi 124 min peyğəmbərimiz olub. Sonuncu peyğəmbərimiz buyurub ki, mən 124000-ci peyğəmbərəm. Peyğəmbərlər arasında qadın yoxdur. Nəyə görə? Məgər bu qadına hörmətsizlikdir? Xeyr! İslam tarixində peyğəmbərlər olub ki, söyülüblər, döyülüblər, təhqir olunublar. Onlara elə vəzifələr yüklənib ki, qadının, ananın üzərinə yüklənə bilməzdi. Məsələn, elə peyğəmbər var onun paltarlarını yırtıblar, soyundurub küçələrdə gəzdirib rüsvay ediblər, ona daş atıblar. Elə Muhamməd Peyğəmbərin başına nələr gətiriblər, heyvanın bağırsaqlarını başına qoyublar, söyüblər. Amma anamız, bacımız, qadınlarımız belə olsaydı necə olardı? Allah bu iftiranı saxlayıb, məntiq budur. Allah tala qadının dəyərini yüksək tutub. İslamda qadının hörməti, dəyəri kişidən çox üstündür. Dinimizdə deyilir ki, qadın Allahın əmanətidir. Bu, qadını qorumaq məqsədiylədir. Hətta peyğəmbərin hədislərində var: vay o kişinin halına ki, ailəsiylə pis rəftar edə, onun üçün qəbir əzabı var. Bunu qadınlar üçün deyil, məhz kişilər üçün deyib”.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*