İsmayıl Şıxlı niyə “indi rahat ölə bilərəm” demişdi? – 10 faktbackend

İsmayıl Şıxlı niyə “indi rahat ölə bilərəm” demişdi? - 10 fakt

Bu gün görkəmli nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlının doğum günüdür.

KONKRET.az İsmayıl Şıxlı ilə bağlı 10 faktı təqdim edir:

1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb.

2. İsmayıl Şıxlı Kosalar kəndində yeddiillik ibtidai məktəbi 4 ilə bitirir, Qazax pedaqoji məktəbinə hazırlaşır. Lakin yaşı az olduğu üçün buna icazə verilmir. Buna görə də o, doğum tarixini dəyişdirir.

3. 1937-ci ildə qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qura bilir. Çünki həm qızın atası, həm də İkinci Dünya müharibəsinin başlaması bu məsələni gecikdirir. İşmayıl Şıxlının bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlir.

4. İsmayıl Şıxlı İkinci Dünya müharibəsi dövründə Sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, Belarus və Şərqi Prussiya istiqamətində) könüllü olaraq döyüşüb.

5. İ.Şıxlının nəşr olunan ilk şeiri “Quşlar”dır, 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Həmin gün şair deyib: “Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, şeirim çıxıb. Kədərlənirəm ki, bir də şeir yazmayacam”.

6. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

7. Yazıçının ən sevilən əsərlərindən olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təziqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.

8. İsmayıl Şıxlı ictimai işlərdə də fəal çalışıb. 1986-cı ildə Yazıçılar İttifaqına sədr seçilib. Lakin 1987-ci ildə öz ərizəsi ilə sədrlikdən ayrılıb. Səbəb olaraq isə deyib: “Yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm”.

9. Şəkər xəstəliyindən gözləri tutulan yazıçı “Ölən dünyam” əsərini həyat yoldaşına diktə edərək yazdırıb. Daha sonra əsərini üzündən oxudaraq deyib: “Artıq rahat ölə bilərəm”.

10. 28 yanvar 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

kult.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*