İsrail İran generallarını süni intellektlə belə hədəfə alıb – bunu hər kəs bilməlibackend

İsrail İran generallarını süni intellektlə belə hədəfə alıb – Bunu hər kəs bilməli

İsrailin müasir döyüş və kəşfiyyat texnologiyalarında süni intellektdən istifadə etdiyi artıq sirr deyil.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış texnobloger Fərid Pərdəşünasın analizində qeyd olunur ki, İsrailin əlində üç əsas süni intellekt sistemindən ibarət fövqəladə güclü platforma var: Gospel, Lavender və Dədən haradadır? (“Where is Daddy?”).

Fərid Pərdəşünas

Fərid Pərdəşünas

Bu sistemlər İran və regiondakı digər düşmən hədəflərinə qarşı apardığı hədəfli əməliyyatların arxasında əsas texnoloji baza kimi göstərilir.

1. Gospel – Yerin üstündə nə varsa, izləyir

“Gospel” sistemi infrastruktur analizinə fokuslanır. Peyk və dronlar vasitəsilə toplanan görüntülər, siqnal kəşfiyyatı və digər texniki məlumatlar bu sistemə ötürülür. Süni intellekt burada öz-özünə inkişaf edən məlumat bazası qurur, hərbi obyektləri təhlil edərək potensial zərbə nöqtələrini seçir.

Gospel-in qərarları hələlik insan analitiklər tərəfindən təsdiqlənir, lakin prosesin böyük hissəsi avtomatlaşdırılıb.

2. Lavender – Kim kimlə danışırsa, hədəfə düşə bilər

“Lavender” daha çox insan yönümlü süni intellektdir. Sistem mobil telefon danışıqları, kontakt siyahıları, GPS məlumatları və şəxsi internet-trafiki təhlil edir. Nəticədə, şəxsin terror təşkilatları ilə əlaqə ehtimalı müəyyən olunur.

Lavender istifadəçiyə 100 ballıq risk reytinqi verir. Maraqlı cəhət ondan ibarətdir ki, bəzi hallarda bu sistemin çıxardığı nəticələrə insan müdaxiləsi olmadan hədəf seçimi verilir.

3. Dədən haradadır? – Evə qayıtmağın qiyməti

Ən çox tənqid edilən və eyni zamanda ən dəqiq zərbə mexanizmi isə “Dədən haradadır?” adlı süni intellekt sistemidir. Bu proqram Lavenderdən gələn informasiyalar əsasında konkret hədəf müəyyən edir və həmin şəxsin evə nə vaxt qayıtdığını təyin edir.

Sistem hədəf şəxsin ailə üzvləri ilə birlikdə evdə olduğu anı gözləyir və hücumun zamanlamasını bu məqama uyğunlaşdırır. Bu üsul həm zərbənin “effektivliyini” artırır, həm də siyasi və etik narahatlıqlar doğurur.

Beynəlxalq insan hüquqları təşkilatları xüsusilə Lavender və “Dədən haradadır?” sistemlərini şəffaflıq və məsuliyyət baxımından sərt tənqid edir. Mülki şəxslərin həyatına birbaşa təhlükə, məsuliyyətin süni intellektə ötürülməsi və etik sərhədlərin pozulması Qəzza və regiondakı əməliyyatlarda artıq real fəsadlara yol açıb.

Məlumata görə, bu sistemlər vasitəsilə icra edilən bəzi hücumlar nəticəsində onlarla mülki şəxsin həlak olduğu təsdiqlənib.

Bu süni intellekt sistemləri müasir döyüş texnologiyalarında yeni bir mərhələni təmsil etsə də, etik və hüquqi məsuliyyətləri ilə bağlı geniş müzakirələr doğurur. Hərbi zərbə ilə sivil həyat arasındakı sərhəd artıq kod və alqoritmlərlə müəyyən olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*