İsrail-İran müharibəsi necə bitəcək? – İLGİNC SSENARİbackend

İsrail-İran müharibəsi necə bitəcək? - İLGİNC SSENARİ

“Hazırda İsrail və İran arasında baş verən silahlı qarşıdurma klassik mənada müharibə kimi dəyərləndirilmir. Tərəflərin quru əməliyyatlar keçirməməsi və aralarında birbaşa sərhəd bağlantısının olmaması bu vəziyyəti fərqli formatlı münaqişəyə çevirir. Hazırda əsasən ballistik raketlər və hava zərbələri vasitəsilə qarşılıqlı hücumlar həyata keçirilir. Bu müharibə modelində konkret işğal və ya qələbə faktoru müşahidə olunmur, əsas hədəf bir-birini iqtisadi və siyasi baxımdan zəiflətməkdir. Tərəflər bəzən birbaşa mülki obyektləri hədəfə alır, bu da beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib:

Politoloq Turan Rzayev Qərbi azərbaycanlıların siyahıya alınmasının səbəblərini açıqladı

“İsrailin əsas məqsədi İranın öz ərazisinə zərbə endirməsinə nail olmaq idi. Son hücumlarda İsrailin İranın strateji hərbi obyektlərini və yüksək rütbəli şəxslərini hədəfə aldığı bildirilir. Bununla İsrail, İranın cavab olaraq onun mülki obyektlərinə zərbə endirməsinə şərait yaradıb. Paylaşılan bəzi görüntülər İsrailin də mülki infrastrukturunun hədəfə alındığını təsdiqləyir. İsrail bu vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyətdə İran rejiminə qarşı müdaxilə zərurəti barədə fikir formalaşdırmağa çalışır.

İran tərəfinin məqsədi isə daha aydındır, nüvə silahı əldə etmək. Bu məqsəd uğrunda İran beynəlxalq nüvə danışıqlarında üstün mövqedən çıxış etməyə çalışır. Lakin İsrailin hava hücumları və ABŞ-ın dolayı dəstəyi ilə bu mövqeyin zəiflədilməsi hədəflənib”.

Politoloq qeyd edir ki, ABŞ prezidenti Donald Tramp bu qarşıdurmada birbaşa müharibəyə girmək niyyətində deyil.

“Tramp administrasiyası daha çox ABŞ iqtisadiyyatının gücləndirilməsinə fokuslanıb. Müharibə xərclərinin çox yüksək olması səbəbilə ABŞ silahlı müdaxilədən çəkinir. Bununla belə, İsrailin İrana zərbə endirməsinə dolayı razılıq verilməsi, Vaşinqtonun İranın nüvə məsələsindəki sərt ritorikasını yumşaltmaq istəyi ilə əlaqəlidir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Trampa verdiyi siyasi dəstək qarşılığında belə bir imkan əldə edilib. İsrail-İran qarşıdurması həm də iki ölkə arasında “enerji boşalması” üçün bir fürsət kimi qiymətləndirilir”.

Ekspert qarşıdurmanın keçən ilki gərginliklərə bənzədiyini və bu dəfə daha uzunmüddətli və dağıdıcı ola biləcəyini bildirir.

“Hələlik İrana qarşı beynəlxalq miqyaslı hərbi müdaxilə gündəmdə deyil. Lakin mövcud İran rejiminin Qərbin maraqlarına uyğun gəlmədiyi səbəbilə, yaxın gələcəkdə rejim dəyişikliyi istiqamətində təzyiqlərin artacağı istisna olunmur.

Ən sonda isə müharibənin hər iki tərəfin iqtisadiyyatına və sosial sabitliyinə zərər vurması, ictimai narazılıqların artması səbəbilə ya birtərəfli şəkildə, ya da ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı, Türkiyə, Oman, hətta Azərbaycan kimi ölkələrdə təşkil olunacaq görüşlər vasitəsilə tərəflərin razılaşması gündəmə gələ bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*