İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri və onun müavini, HDQ-nin kəşfiyyat idarəsinin rəhbəri Behnam Rezainin ləğv edildiyini rəsmən təsdiqləyib. Bu əməliyyat İranın dəniz strategiyasına və regional kəşfiyyat şəbəkəsinə vurulan ən ağır zərbələrdən biri hesab olunur.
KONKRET.az xəbər verir ki, Əlirza Tanqsiri ilə birlikdə öldürülən Behnam Rezai uzun illər SEPAH-ın dəniz kəşfiyyatına rəhbərlik edib və bu sahədə əsas fiqur sayılırdı.
O, vəzifədə olduğu müddətdə region ölkələri haqqında strateji məlumatların toplanması, dəniz kəşfiyyatı əməliyyatlarının planlaşdırılması və müxtəlif xarici kəşfiyyat strukturları ilə əməkdaşlığın idarə edilməsinə cavabdeh olub.
Ekspertlər bildirirlər ki, hər iki yüksək rütbəli hərbçinin eyni vaxtda sıradan çıxarılması İranın Fars körfəzi və Hörmüz boğazındakı hərbi dəniz əməliyyatlarının idarəetmə zəncirində ciddi boşluqlar yaradacaq. Rezai xüsusilə regional təhlükəsizlik dinamikasını dərindən bilən və SEPAH-ın dənizdəki gizli fəaliyyətlərini koordinasiya edən şəxs kimi tanınırdı. Bu ləğvetmə İsrailin İranın hərbi rəhbərliyinin hərəkətlərini yüksək dəqiqliklə izlədiyini bir daha nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az
