“Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ən yaxşı variant Türkiyədir”.
Bu sözləri Polşada yaşayan türkiyəli siyasi ekspert Oğuzhan Manioğlu KONKRET.az-a müsahibəsində deyib.
Ekspertlə müsahibəni təqdim edirik:
– Oğuzhan bəy, İsraildəki müharibəni necə dəyərləndirirsiniz?
– Hər şey HƏMAS-ın İsrailə qarşı son illərin ən genişmiqyaslı hücumuna keçməsi və İsrail ordusunun buna cavab verməsi ilə başladı. Bu hücum zamanı Qəzzadan İsrailə minlərlə raket atıldı və çox sayda terrorçu ölkəyə daxil oldu. Ardınca İsrailin Baş naziri Benyamin Netanyahu müharibədə olduqlarını açıqladı. Əslində illərdir davam edən gərginliyin pik həddə çatması hadisələri bu nöqtəyə gətirib çıxardı.
Ümumiyyətlə, İsrail və Fələstin arasında bir çox məsələlərdə fikir ayrılıqları var. İllərdir fələstinli qaçqınların taleyi, iki tərəfin də Qüdsü paylaşa bilməməsi və Fələstin dövlətinin qurulmaması kimi problemlər mövcuddur. Lakin bu problemlərin yaxın gələcəkdə həll olunması gözlənilmir.
ABŞ-ın sabiq prezidenti Donald Tramp adminstrasiyası tərəfindən hazırlanan sülh təklifini İsrailin Baş naziri Benyamin Netanyahu “əsrin razılaşması” adlandırmışdı. Lakin fələstinlilər bunu İsrailin lehinə olan təktərəfli razılaşma adlandırdı. Bu səbəbdən də sözügedən razılaşma heç vaxt həyata keçmədi. Mövcud vəziyyətdə İsrail və Fələstin arasında gələcəkdə hansısa razılaşmanın olması üçün hər iki tərəfin də iradə göstərməyi lazımdır.
– MOSSAD-ın terror hücumunu öncədən bilməməsi də müzakirələrə səbəb olub. Sizcə, nə üçün dünyanın ən yaxşı kəşfiyyatlarından biri olaraq göstərilən MOSSAD bu hücumu öncədən bilmədi?
– Həqiqətən də hazırkı vəziyyətdə ən çox soruşulan sual İsrail kəşfiyyatının nə üçün hücumu öncədən bilmədiyi oldu. ABŞ mediasında isə MOSSAD-ın baş verənləri öncədən hazırladığı iddia olundu.
Həmçinin, başqa iki ssenari də mövcuddur. Birincisi, İsrailin hücumun olacağını öncədən bildiyi və bunu bəhanə edərək Qəzzanı vurmaq üçün müdaxilə etmədiyi iddiasıdır. İkincisi isə İsrailin Baş naziri Benyamin Netanyahunun daxili siyasətdə sıxışdığı küncdən qurtulması üçün bunu qurduğudur. İddialara əsasən, iki ildir böyük etirazlarla qarşılaşan və ölkəni idarə etməkdə çətinlik çəkən Netanyahu bu hücumdan siyasi məqsədləri üçün istifadə edərək Vətən uğrunda hər kəsi ətrafına toplamağa çalışır. Eyni zamanda, burada HƏMAS-ın öz gücünü və potensialını da indiyə kimi gizlədə bildiyi gerçəyini qeyd etmək lazımdır.
– Necə düşünürsünüz, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hansı ölkədə imzalana bilər? Bu, Türkiyə ola bilərmi?
– Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ən yaxşı variant Türkiyədir. Sözügedən müqavilə paytaxt Ankarada imzalana bilər. Türkiyə ilə Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələri, müxtəlif sahələrdəki işbirlikləri və tərəflərin bölgədəki strateji mövqeləri də nəzərə alınmalıdır. Bütün bunlara görə daimi sülhün olması üçün Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin məhz Türkiyədə imzalanmasının faydalı olacağı qənaətindəyəm.
Onu da vurğulamaq lazımdır ki, Türkiyə proseslərin əvvəlindən bəri Azərbaycana dəstəyini elan etməkdən heç vaxt çəkinməyib. Türkiyə həm diplomatik, həm də hərbi cəhətdən Azərbaycanın yanında olduğunu açıqlayıb. Bununla yanaşı, rəsmi Ankara tərəflər arasındakı danışıqlar prosesində də iştirak etmək istədiyini dəfələrlə bəyan edib. Lakin Türkiyənin öz problemlərinə görə beynəlxalq siyasətdə yaşadığı çətinliklər bu məsələdə daha aktiv rol oynamasına əngəl törədib. Hətta Avropa İttifaqı tərəfindən Ankara hakimiyyətinin vasitəçilik təklifi tez-tez tənqid olunub.
– Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atılmağa davam edir. Ermənistan buna əngəl olmağa çalışsa da, qardaş Türkiyənin bu məsələdə böyük dəstəyini görürük. Sizcə, Zəngəzur dəhlizinin region üçün ən böyük üstünlükləri nələr olacaq?
– Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük zəfər qazanmasının ardından bölgədəki güc balansı yenidən formalaşdı. Müharibənin nəticəsinə və imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan təxminən 30 ildir işğal etdiyi ərazilərdən çəkilmək məcburiyyətində qaldı. Həmçinin, yeni kommunikasiya xətlərinin açılması istiqamətində də razılıq əldə olundu. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında əlaqənin təmin edilməsi razılaşmanın əsas maddələrindən biri idi. Sözügedən yolun olmaması Türkiyə ilə Azərbaycanın da quru yolla əlaqə qurmasını əngəlləyirdi.
Dəhlizin açılması uzun prosesdir. Amma bu, reallaşacağı təqdirdə, Avropa və Asiyadan keçəcək bir dəhliz formalaşacaq. Bununla da Türkiyənin sadəcə Azərbaycanla deyil, Yaxın Şərqlə də ticarət həcmi artacaq. Zəngəzur dəhlizi türk dövlətlərinin bir-birilə siyasi, iqtisadi və logistik əlaqələrini də gücləndirəcək.
Üstəlik, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Türkiyə bölgədə daha da təsirli güc halına gələcək. İranın da bu dəhlizə qarşı çıxmasının əsas səbəbi odur. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Türkiyə bölgənin yüksələn gücləri olaraq ön plana çıxır. Rəsmi Tehran da bu səbəbdən bölgədəki güc balansını əleyhinə çevriləcəyini gördüyü üçün bəyanatlarını sərtləşdirir.
Bundan başqa, Zəngəzur dəhlizinin açılması Rusiyaya da sərf edir. Çünki dəhlizə nəzarətin Rusiyada olması rəsmi Moskvanın regiondakı gücünü və üstünlüyünü artıracaq.
Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması bölgə ölkələri arasında əlaqələri gücləndirəcək, regionda sülh olacaq və gərginliklər işbirlikləri ilə əvəz olunacaq. Həmçinin, bunun bütün bölgə ölkələrinə fayda verəcəyi də olduqca açıqdır. Hesab edirəm ki, Zəngəzur türk dünyasının parıldayan ulduzu olma potensialına sahibdir. Bunun üçün qeyri-müəyyənliklərin aradan qalxması lazımdır. Tarixi türk torpağı olan Zəngəzurdan dəhlizin keçməsi bölgədə rifaha, sabitliyə, sülhə və tərəflər arasında əlaqələrin inkişaf etməsinə səbəb olacaq.
– Bəs hazırda Polşadakı vəziyyət necədir? Ölkə və xalq Ukrayna müharibəsinin ora da sıçramasından narahatdır? Həmçinin, Polşanın Ukraynaya silah yardımını dayandırması vətəndaşlar tərəfindən necə qarşılandı?
– Bəli, Polşa Ukraynaya silah yardımını dayandırdı və öz arsenalını gücləndirəcəyini bəyan etdi. Həmçinin, Polşa səlahiyyətliləri öz ordularını daha da inkişaf etdirmək üçün bu addımı atdıqlarından bəhs edirlər. Burada görürük ki, xüsusi günlərdə insanlar şəhər mərkəzlərinə toplanırlar və hərbi texnikaları izləyirlər. Həmçinin, simvolik olaraq atışlar da edilir.
Polşa sərhədlərini qorumaq üçün öz müdafiə imkanlarını gücləndirmək istəyir. Hətta bunun seçkiyə də təsir edəcək bir hərəkət olaraq edildiyini düşünürəm.
Təbii ki, xalq tərəfindən öz ordusuna qarşı böyük bir dəstək görürük. Amma vətəndaşlar Ukraynanı da dəstəkləməyə davam edirlər. Əslində Polşa Ukraynaya silah dəstəyini dayandırsa da, burada çox sayda yardım qurumları və hökumətdən kənar mərkəzlər Ukrayna üçün səfərbər edilib. Yəni silah yardımı olmasa da, bu tip dəstəklər davam edir. Lakin Ukrayna müharibəsinin hansı ölkələrə sıçrayacağı bəlli olmadığı üçün hər kəsdə narahatçılıq var. Bu səbəbdən də hər ölkə öz sərhədlərini qorumağa çalışır.
Elmir Kamal,
KONKRET.az