İsrailin hücumu İran daxilində rejim əleyhdarlarının etiraz dalğasına başlayıb-başlamayacağı ilə bağlı məsələləri gündəmə gətirir. Bəs görəsən, indiyə qədər müxtəlif dönəmlərdə İran gündəmini zəbt edən insan hüquq və azadlıqları, eləcə də digər məsələlər yenidən müzakirə predmeti ola bilərmi? Yaxud müharibə şəraitində qadınların hüquqları və ictimai azadlıqlarının, o cümlədən hicabla bağlı qaydaların dəyişməsi mümkündürmü?
Mövzunu KONKRET.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu şərh edib:
“Görünən odur ki, İsrailin İrana hücumundan sonra rejim əleydarları və sosial narazı kütlə də hakimiyyətə dəstəyini ifadə edir. Doğrudur, kürd bölgəsində müəyyən təhdidlər var və bu, xarici faktorlarla əlaqəlidir. Amma bütövlükdə İsrailin hücumu və Netanyahunun İran xalqını hökumətə qarşı səsləməsi əks-effekt verib və bu, gözlənilən idi”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, hazırda qarşılqlı zərbələr davam edir və bu, ölkə daxilində də digər məsələləri arxa plana keçirib:
“Hazırda prioritet İsrailə qarşı hücumların davam etdirilməsi, hava hücumundan qorunmaq və ABŞ-nin prosesə qoşulma ehtimalları ilə bağlı tədbirlər görməkdir. Eyni zamanda İran rəhbərliyi həmçinin diplomatik kanalları açıq saxlamağa çalışır. Bu baxımdan hazırda insan hüquq və azadlıqları, hicabla bağlı qaydalar və digər məsələlər İsrailin hücuma başladığı andan aktuallığını itirib”.
Müşviq Tofiqoğlu
KONKRET.az