İsrail, Cənubi Kipr Rum Administrasiyası və Yunanıstanı birləşdirəcək “Böyük Dəniz İnterkonnektoru” adlı dənizaltı enerji layihəsi ciddi problemlərlə üzləşib.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” portalı məlumat yayıb.
Qeyd olunub ki, dünyanın ən dərin və uzun elektrik xətlərindən biri olması planlaşdırılan layihə Türkiyənin dəniz yurisdiksiyasını pozacağına dair etirazları, Cənubi Kiprin maliyyələşdirmə ilə bağlı tərəddüdləri və korrupsiya iddiaları səbəbilə dayandırılıb.
Cənubi Kipr lideri Nikos Kristodoulides Avropa İttifaqının Baş prokuroru Laura Kövesinin layihə ilə bağlı araşdırmaya başladığını təsdiqləyib. İstintaqın əsas istiqaməti layihənin tenderini elektrik sahəsində təcrübəsi olmayan bir şirkətin necə qazandığı və dövlət vəsaitlərinin şəxsi maraqlara yönləndirilməsi ilə bağlı iddialardır.
Layihənin gələcəyi sual altına düşdüyü halda Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında enerji bağlantısı layihəsi sürətlə irəliləyir. Aİ isə bu layihə üçün 657 milyon avro maliyyə ayırsa da, Kipr Rum tərəfi qərar verməkdə tərəddüd edir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, Kipr sualtı kabel layihəsi üçün əsl istəyini nümayiş etdirməlidir. Onun sözlərinə görə, ən çox fayda götürəcək tərəf Cənubi Kipr olsa da, bu ölkənin hələ də qəti mövqe ortaya qoymaması layihənin gələcəyini sual altına alır.