İstehlak kreditlərinə də limit qoyula bilər? – AÇIQLAMAbackend

İstehlak kreditlərinə də limit qoyula bilər? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. AMB-nin yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması, eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədilə aparıldığı bildirilib.

KONKRET.az xəbər verir ki, dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.

Belə halda adi istehlak kreditlərinə də limitlərin tətbiq olunması məsələsi gündəmə gəlir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, kredit kartlarına limitlərin tətbiqi əhalinin həddən artıq borclanmasının qarşısını almağa, eyni zamanda bankların dayanıqlı fəaliyyəti baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, borclanma artdıqca və borclanma çərçivəsində geri qaytarıla bilməyən borcların payı yüksəldikcə, bu bank sektoruna mənfi təsir göstərmək riski daşıyır.

“Xüsusilə istehlak kreditləri kimi, yerli istehsaldan daha çox idxalı stimullaşdıran kredit xətləri üzrə məhdudiyyətlərin tətbiqi bu baxımdan başa düşüləndir. Lakin əgər biz idxalı stimullaşdıran kreditləri məhdudlaşdırırıqsa, paralel olaraq daxili istehsalı təşviq edən kreditləri dəstəkləməliyik”.

İqtisadçı ekspert əlavə edib ki, bu məsələdə təkcə məhdudlaşdırıcı tədbirlərlə kifayətlənmək doğru olmaz:

“Eyni zamanda yerli istehsalı stimullaşdıran kredit xətlərinin dəstəklənməsi prosesi də həyata keçirilməlidir. Bunun üçün kredit siyasətində müvafiq sahələr üzrə yumşaldılmalar aparılmalı, yerli istehsala yönəlik investisiyaları təşviq edən kredit xətləri daha əlverişli, yəni yumşaq şərtlərlə təqdim edilməlidir”.

Sonda E.Məmmədov onu da qeyd edib ki, pul-kredit siyasəti kompleks, çoxşaxəli və sistemli yanaşma əsasında reallaşdırılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*