İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq – Razılığa gəldilərbackend

İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq - Razılığa gəldilər

İsveçrə Özbəkistanla mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya qarşı çirkli pulların yuyulması istintaqı çərçivəsində müsadirə olunan əmlakın Özbəkistana qaytarılacağı şərtləri barədə razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Swissinfo nəşri yayıb.

İki ölkənin imzaladığı müqaviləyə əsasən, Gülnara Kərimovanın 2012-ci ildə saxladığı İsveçrə hesablarından çıxarılan 131 milyon dollar (119 milyon İsveçrə frankı) dəyərində vəsait Özbəkistana qaytarılacaq.

İsveçrə hökuməti Özbəkistandan bu pulu “Özbəkistan xalqının yaşayış şərtlərini yaxşılaşdırmaq üçün” istifadə etməsini, davamlı layihələrə investisiya qoymağı və şəffaf monitorinqi təmin etməsini tələb edəcək.

Kərimovadan ələ keçirilən 650 milyon İsveçrə frankı (715 milyon dollar) prezidentin qızına qarşı davam edən cinayət işi çərçivəsində İsveçrədə dondurulmuş vəziyyətdə qalır.

2019-cu ilin iyul ayında İsveçrə Baş Prokurorluğu Gülnarə Kərimova ilə bağlı çirkli pulların yuyulması ittihamı ilə bağlı uzun sürən istintaqdan sonra verilmiş hökmün ardından Özbəkistana 130 milyon dollar qaytarılacağını bildirib.

İsveçrə Baş Prokurorluğu açıqlayıb ki, Gülnarə Kərimovanın yaxınlarından biri Özbəkistanda iş görmək və xaricdə, ilk növbədə İsveçrədə çirkli pulların yuyulmasında maraqlı olan şirkətlərdən pulların qanunsuz ələ keçirilməsinə qatıldığına görə İsveçrə Ali Məhkəməsi tərəfindən mühakimə olunub.

Bundan əvvəl, bu ilin may ayında Ədliyyə Nazirliyi və Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovanın 10 milyon dollar dəyərində olan vəsaitini Fransadan qaytardıqlarını bildirmişdi.

Özbəkistanın ilk Prezidenti İslam Kərimovun 2017-ci ildə ölümündən qısa müddət sonra böyük qızı Gülnarə Kərimova Özbəkistanda vergidən yayınma, mənimsəmə, pul tələb etmə və ofşor şirkətlərinin sənədlərini məhv etməkdə günahkar bilinərək 10 il həbs cəzasına məhkum edilib. Özbəkistanda Kərimovaya qarşı iş ABŞ və bir sıra AB ölkələrinin səlahiyyətliləri onu çirkli pulların yuyulması və rüşvət almaqda günahlandırdıqdan sonra açılıb.

İlk hökmdən sonra Kərimova bir müddət ev dustaqlığında yaşayıb, lakin 2019-cu ilin martında həbs şərtlərini pozmaqda günahlandırılaraq Daşkənd bölgəsindəki bir koloniyaya göndərilib. Kərimova özü və qızı həbs müddətini pozmadığını iddia ediblər. Az sonra ona qarşı ikinci cinayət işi açılıb.

Üçüncü cinayət işində Kərimova 13 il dörd ay həbs cəzasına məhkum edilib. O və bir sıra digər şəxslər cinayətkar cəmiyyətin bir hissəsi olaraq xarici ölkələrdə qəsb, büdcə vəsaitlərinin mənimsənilməsi və cinayət gəlirlərinin leqallaşdırılması ilə bağlı cinayətlər törətməkdə günahlandırılıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*