Azərbaycanın sentyabrdan bəri aramsız raket atəşinə tutulan cəbhəyanı Tərtər rayonunun əhalisi artıq sözün əsl mənasında boğaza yığılıb. Münaqişənin siyasi həlli isə hələ də uzaq görünür…
Separatçıların nəzarətində olan Dağlıq Qarabağ kimi, bu tərəf, azərbaycanlıların yaşadığı şəhər və kəndlər də bombalanır. Biz istər buranın sakinlərində, istərsə də Stepanakert (Xankəndi – WM) və ya Martunidə (Xocavənd – WM) yaşayan ermənilərin simasında qorxu, təlaş görürük.
Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı olan Tərtər rayonunun kəndlərindən biri düşmənin artilleriya qurğularından cəmi 10 kilometrlik məsafədə yerləşir. 1990-cı illərin əvvəllərində 30000 insanın həyatına son qoymuş müharibənin yenidən alovlandığı 27 sentyabrdan bu yana bu kənd aramsız raket atəşinə tutulur. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, toqquşmalar yalnız ilk bir neçə həftədə hər iki tərəfdən ümumilikdə 5000 nəfərin həyatına son qoyub.
Bu bölgədə yaşayan əhalinin böyük hissəsi nisbətən şərqə – daha təhlükəsiz yerlərə köçməyə məcbur olub. Məsələ ondadır ki, “Amnesty International” təşkilatının da təsdiqlədiyi kimi, ermənilər Azərbaycan ərazilərini qadağan olunmuş kasetli bombalarla da atəşə tutur. Doğrudur, şəxsən biz belə bombaların izinə rast gəlmədik. Lakin buradan bir neçə kilometr aralıda yerləşən Bərdə şəhərinin mərkəzi meydanda Rusiya istehsalı olan 300 millimetr kalibrli güclü raketlərin qalıqlarını gördük. Bərdənin bu raketlərlə atəşə tutulması nəticəsində 20-dən çox mülki şəxs həlak olub. Bu, müharibənin yenidən alovlanmasından bu yana mülki əhaliyə ən miqyaslı hücumdur.
Tərtərdə bizi Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Rauf Babayev müşayiət edib. Babayev 90-cı illər müharibəsini tam xatırlamaq üçün çox gəncdir. Lakin Azərbaycan hakimiyyətinin bu tarixi yaddaşı daim təşviq etməsi sayəsində o, həmin dövrdə törədilmiş faciələrdən, soyqırımlardan xəbərdardır. Məsələn, Azərbaycan hər il fevralın 26-da Ermənistan ordusunun hələ 1992-ci ildə rus hərbi alayının dəstəyilə törətdiyi Xocalı soyqırımının qurbanlarını anır. Həmin soyqırım aktına nüfuzlu “Human Rights Watch” təşkilatı da şahidlik edib. Rəsmi rəqəmlərə görə, Xocalı qətliamı zamanı 613 mülki şəxs öldürülüb. Onlardan 106-sı qadın, 83-ü uşaqdır.
“Dağlıq Qarabağsız Azərbaycan ola bilməz”, – deyə professor Azərbaycanda məşhur olan fikri təkrarlayır: “Azərbaycan kimi müstəqil dövlətdən öz müqəddəratını təyin etmə bəhanəsilə ayrılmaq cəhdi beynəlxalq hüququn, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulmasıdır. Biz otuz ildir gözləyirik ki, Ermənistan bu əraziləri geri qaytarsın. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də tələb edir. Lakin bu istiqamətdə hələ də heç bir irəliləyiş yoxdur. Ötən əsrin son illərində 350000 azərbaycanlı Ermənistandan, 750000 nəfərsə separatçıların işğal etdiyi bölgədən qovulub. Onların çoxu hələ də qaçqın düşərgələrində yaşayırlar. Bu insanlar doğma evlərinə, torpaqlarına gedə, doğmalarının məzarlarını ziyarət edə bilmirlər. Dağlıq Qarabağ uzun illərdir bizim qanayan yaramızdır”.
Babayevin sözlərinə görə, erməni təbliğatçıları, müxtəlif ölkələrdə yaşayan erməni diasporu uzun illər Dağlıq Qarabağ problemini dini münaqişə kimi qələmə verməyə çalışıb, onun guya xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında baş qaldırmış qarşıdurma olduğuna diqqət çəkib. Lakin bu, belə deyil. “Doğrudur, bizim əhalimizin əksəriyyəti müsəlmandır – 65% şiə, 33% sünni. Lakin Amerikanın nüfuzlu “Gallup” təşkilatı belə, Azərbaycanın dindar ölkə olmadığını təsdiqləyir. Bu qurumun versiyasına görə, dünyanın ən az dindar olan ölkələri sırasında Azərbaycan 13-cü sıradadır. Azərbaycanda müxtəlif dinlərdən olan insanlar, o cümlədən katoliklər, ortodokslar və yəhudilər birlikdə, sülh və əmin-amanlıq içərisində yaşayır”, – deyə professor qeyd edib: “Bu yerdə vaxtilə Bakıda çalışmış bir avropalı diplomatın sözlərini xatırlamaq yerinə düşər. O deyirdi ki, Azərbaycanda İslam tam fərqlidir. Burada spirtli içki içənləri də görə bilərsiniz, qısa yubka geymiş qadınları da”.
Moskva və Paris iddia edir ki, Türkiyə Azərbaycan tərəfdən vuruşmaları üçün Qarabağa suriyalı yaraqlılar göndərir. Lakin biz cəbhədə belə insanlara rast gəlmədik. Halbuki, bu iddia ilə yalnız Fransa ilə Rusiya çıxış etmir. Eyni fikirlərə 2011-ci ildən Suriya münaqişəsilə məşğul olan, iqamətgahı Koventridə yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin saytında da rast gəlinir. Mərkəz iddia edir ki, ön cəbhədə ermənilər tərəfindən öldürülmüş cihadçılar var.
“Makron Azərbaycanın Ordusunun beynəlxalq terrorçuluqla mübarizədə iştirak etdiyini unudur. Halbuki, bu, bizə neçə-neçə hərbçimizin ölümü hesabına başa gəlib. Bundan başqa, bizim ən müasir silahlarla təchiz olunmuş mükəmməl nizami ordumuz var. Odur ki, bir-iki kamikadzenin köməyinə qətiyyən ehtiyacımız yoxdur”, – deyə Babayev qeyd edib.
Bakıdan Tərtərə gedən yolda tez-tez Heydər Əliyevin portretlərinə, heykəllərinə rast gəlirik. O, Azərbaycan Respublikasının mənəvi atası hesab olunur. Heydər Əliyev 2003-cü ildən Azərbaycan Prezidenti olan İlham Əliyevin atasıdır. 1994-cü ildə Ermənistanla atəşkəs sazişini məhz o imzalamışdı. Bunun ardınca neft yataqlarının istismarına start verən Heydər Əliyev dərhal ordunun silahlandırılmasına başlamışdı.
Əgər Azərbaycan son illərdə gündəmə özünün iqtisadi inkişafı ilə gəlirdisə (yeri gəlmişkən, bizim əsas xam neft tədarükçümüz Azərbaycandır), bu gün onun cəbhədə qazandığı hərbi uğurlar da hər kəsə məlumdur. Azərbaycan Ordusu ermənilərin müdafiə xəttini yararaq, cəmi 1 ay ərzində 4 şəhəri, 200-ə yaxın kəndi işğaldan azad edib. İndi Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın rəmzi hesab olunan Şuşa şəhərinin bir neçə kilometrliyindədir. Şuşa ermənilər tərəfindən 1992-ci ildə ələ keçirilib. O, Azərbaycan strateqləri üçün hər zaman əsas hədəf olub. “Şuşa azad olunarsa, oradan Xankəndiyə mənzərə açılacaq”, – deyə Babayev bildirir.
Ordusunun məğlubiyyətini etiraf etməyən Ermənistanın baş naziri Nikol Paşinyan isə “Azərbaycanla Türkiyənin Dağlıq Qarabağa təcavüzünü” əsas gətirərək, Rusiyadan yardım istəyir. O, Rusiya prezidenti Vladimir Putinə müraciətində iki ölkə arasında hələ 1997-ci ildə “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” haqqında müqavilənin imzalandığını xatırladıb. Paşinyan bildirib ki, həmin müqaviləyə əsasən, müttəfiq ölkənin təhlükəsizliyinin təmini ilə bağlı təcili müzakirələrə başlanılmalıdır.
Kremlin müraciətə cavabı özünü çox gözlətməyib. Rusiya bəyan edib ki, o, Yerevana yalnız döyüşlərin Ermənistan ərazisinə keçəcəyi təqdirdə “lazımi dəstəyi” göstərməyə hazırdır.
Hələliksə Dağlıq Qarabağın taleyi dumanlı görünür. Görünən odur ki, bu müharibədə hələ çox qan töküləcək, çox iztirablar yaşanacaq.
Müəllif: Pietro del Re
Mənbə: La Repubblica
İtalyan dilindən tərcümə – WorldMedia