SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş mayoru, 1980-ci ildə ABŞ-a qaçan Viktor Şeymovun uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişdiyi barədə informasiya yayılanda Rusiya mətbuatı xüsusi canfəşanlıqla onu satqınlıqda və Vətənə xəyanətdə ittiham etməklə yenidən yad etdi. Bəs əslində necə idi? O, doğrudanmı ölkəsini qəpik-quruşa satan əclaf idi? Yoxsa kommunizmə nifrət edən kəşfiyyatçı kimi yaddaşlarda xatırlanacaqdı?
SSRİ-nin o vaxtkı rəhbəri Yuri Andropovun əsas kriptoqrafı olan Şeymov 39 il öncə amerikalılar tərəfindən həyat yoldaşı və qızı ilə birlikdə gizli yolla Moskvadan qaçırılan sovet xüsusi xidmət orqanlarının ən peşəkar kadrlarından idi. Onun Amerika xüsusi təhlükəsizlik orqanlarının köməyi ilə SSRİ-dən ABŞ-a neçə qaçırılması hələ də bir sıra mətləbləri ilə gizli saxlanılır.
V.Şeymov hərbçi ailəsində dünyaya gəlmişdi. Orta məktəbi bitirdikdən sonra Moskva Ali Texniki Məktəbinə daxil olaraq burada kosmik texnologiyaların dizayneri kimi təhsil almışdı. 1990-cı illərdə ABŞ-da qələmə aldığı xatirələrinə görə, məzun olduqdan sonra bir müddət raket idarəetmə sistemlərinin işlənməsində iştirak edən qapalı tədqiqat institutlarından birində çalışmışdı.
Sonralar o, SSRİ DTK-sının 8-ci Baş İdarəsinin əməkdaşı kimi əsasən texniki əlaqələrin qorunması və şifrələrin yaradılmasına cavabdeh olub. Şeymov xaricdəki Sovet səfirliklərində və xarici DTK rezidensiyalarında texniki məlumatların qorunması sistemlərinin saxlanılması üzrə mütəxəssis idi.
Lakin 1979-cu ildə Varşavada işgüzar səfərdə olan Şeymov Amerika xüsusi xidmət orqanlarının nümayəndələri ilə işləməyə başladı. Onun amerikalılarla əməkdaşlığa qərar verməsi səbəbləri ilə bağlı fərqli fikirlər var. “Vaşinqton Post” qəzeti öz izahatında casusun 1990-cı ildə Qərbdə gizlədilməsindən sonra izlədiyi bir versiyaya istinad edirdi: guya Şeymov Sovet sistemindən narazı imiş və kommunizmə qarşı mübarizədə ABŞ-a kömək etmək qərarına gəlibmiş. Ancaq sonradan amerikalı jurnalistlər və ABŞ-ın xüsusi xidmət orqanlarının veteranları DTK mayorunun pula görə belə bir addım atdığını yazmağa başladılar.
Şeymovlar ailəsinin SSRİ-dən necə çıxarıldığı barədə də fərqli fikirlər mövcuddur. Bir versiyaya görə, onlar quru sərhədi boyunca qırmızı diplomatik nömrə ilə təchiz edilmiş avtomobillə ölkədən çıxarılıblar. Yəni Oleq Qordiyevski kimi Finlandiyaya gətirilib, oradan da ABŞ-a aparılıblar. Başqa bir versiyaya görə, Şeymov xüsusi hazırlanmış pilot kimi sərnişin təyyarələrindən birinin ekipaj üzvünün rəhbərliyi altına alınıb. Həyat yoldaşı və qızı isə yuxu həbləri verildikdən sonra xüsusi yük konteynerinə yerləşdiriliblər.
Beləcə 1980-ci ilin may ayında Şeymovlar ailəsi izsiz-tozsuz yoxa çıxdı və sözsüz ki, bu da DTK-da böyük təşvişə səbəb oldu.
1980-ci ilin sonlarında isə ölkədə Şeymovun qətlə yetirilməsi barədə məlumat yayıldı. Həmin ilin 26 dekabr tarixində SSRİ DTK katibliyi rəhbərinin müavini, mayor Vyaçeslav Afanasyevin metronun “Jdanovskaya” stansiyasında polis tərəfindən öldürülməsi ilə açılan cinayət işinin istintaqı zamanı guya Şeymovun da həmin hadisədə ailəsi ilə birlikdə qətlə yetirildiyi müttəhimlər tərəfindən etiraf olundu. Sonradan məlum oldu ki, müttəhimlər sadəcə ölüm cəzası ilə üzləşdikləri üçün belə ifadə vermişdilər.
Lakin Şeymov ailəsinin öldürülməsi versiyası faktlarla dəstəklənmədi və 1985-ci ilə qədər itkin düşdüyü deyilən Şeymovlar ailəsinin ABŞ-a qaçdığı barədə ilk məlumatlar ortaya çıxmağa başladı.
Nəhayət, 1988-ci ildə ABŞ xüsusi xidmət orqanlarında bir sovet agentinin olduğu təsdiqləndi: bu, rus casus Şeymov idi və o, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyirdi. Və iki il sonra amerikalılar bu faktı geniş ictimaiyyətə çatdırdılar.
Lakin on ildən sonra Şeymov amerikalıların nəzərində “kommunizmə qarşı mübarizə” adı altında mənfəət güdməkdən başqa heç nə düşünməyən bir iş adamına çevrildi. Bundan sonra Şeymov qabaqdangəlmişlik edərək MKİ əməkdaşlarının onu aldatdığını, ABŞ-da işə başladığı anda ona bir milyon dollar vəd edilsə də, cəmi 200 min dollar ödənildiyini və məhkəmə vasitəsilə MKİ-dən hər şeyi tələb edəcəyini dedi. O, həmçinin idarənin keçmiş rəhbəri Robert Ceyms Vulseyi də öz tərəfinə çəkdi. Nəticədə Amerika xüsusi xidmət orqanları bütün dünyanın diqqətini özünə çəkən kriptoqrafa əlavə pul ödədilər.
Bundan sonra Şeymov Vulseylə birlikdə məlumat ötürülməsi təhlükəsizliyinin texniki məsələləri üzrə ixtisaslaşmış Invicta Networks şirkətini yaratdı.
73 il ömür sürən və ağciyər xəstəliyindən dünyasını dəyişən Şeymov yaddaşlarda şərəfini və vicdanını pula satan insan kimi qaldı. Şəxsi rifahı naminə hər şeyi qurban verən bu insanın nə vaxtsa əməllərindən peşman olduğunu heç kəs söyləyə bilməzdi. Axirətdə isə onun bütün mənfurluqlarından peşmançılıq hissi keçirəcəyi mütləqdir.
TƏRCÜMƏ: KONKRET.az