Kapitan Xəyalın xəyalı – Qubadlıdan Xankəndiyə gedən yolbackend

Kapitan Xəyalın xəyalı - Qubadlıdan Xankəndiyə gedən yol

Hələ uşaq idi… Həyətin bir tərəfində tay-tuşları ilə tez-tez top-top oynayırdı… Yorulanda babasının düzəltdiyi taxta tüfəngi çiynindən asar, ayağını tut ağacından yonulmuş çomağın üstünə aşırıb, at çapırmış kimi hey aşağı-yuxarı qaçırdı…

Namərdlər qoymadı ki, uşaq qayğısız günlərini yaşasın. Ermənilər Qubadlıya hücum edəndə, anası əlindən tutub evdən zorla, ağlaya-ağlaya çıxartmışdı onu. (Heç kim bilmirdi ki, bu yol 30 il sonra gələcək şərəfli bir yolun başlanğıcı idi…) Hətta o vaxt özündən böyük taxta tüfəngini sinəsinə sıxaraq uşaq şıltaqlığı ilə evin bir küncündə gizlənmişdi ki, top-top oynadığı həyət-bacanı heç kimə verməsin. Ancaq…

Hıçqıra-hıçqıra “Topum qaldı!”, “Topum qaldı!”  – deyən bu uşağın səsi sanki qayalara dəyib əks-səda verirdi. QAZ-53 markalı maşın hərəkət etdikcə, onun top-top oynadığı həyət, dərələr, dağlar addım-addım geridə qalır, doğma torpaqlarımızın hər daşı-kəsəyi, buz bulaqları əsir düşürdü. Balaca Xəyal maşının yük yerində başını anasının dizlərinə söykəyib yuxulamışdı… Toppuş əli ilə taxta tüfəngini elə bərk-bərk sıxmışdı ki, barmaqlarını qoparmaq mümkün deyildi. Bir əlində isə nənəsinin elədiyi yağlı dürmək var idi…

İllər keçdi… Taxta tüfəngini əlindən yerə qoymayan bu uşaq bir gün böyüdü, dəmir tüfəngini götürüb, “dəmir atını” mündi. Zabit Mədədzadə Xəyal Həsən oğlu kimi tank belində geri döndü. Bölük komandiri yoldaşları ilə birlikdə odun-alovun içərisindən keçərək verilən döyüş tapşırıqlarını qəhrəmanlıqla, şərəflə yerinə yetirdi. Cəbrayılı, Füzulini, Zəngilanı düşmən tapdağında xilas etdi.

İllər əvvəl addım-addım geridə qalan doğma torpaqlarımız, buz bulaqlarımız, indi addım-addım yaxınlaşırdı. Qorxu bilməyən qəhrəman əsgərlərimiz dağları, daşları çırmaqlaya-cırmaqlaya Qubadlıya çatdı. Ağır döyüşlərdən sonra Qubadlı da işğaldan azad olundu.

Xəyal bir vaxtlar top-top oynadığı həyəti göz yaddaşı və uşaqlıq illərinin şirin xəyalları ilə axtarıb tapdı. Maraqlıdır, top elə həmin yerində idi… Ancaq bu top, uşaqların oynadığı rezin top deyil, böyüklərin “oynadığı” nəhəng, dəmir bir top idi…

Düşmən balaca Xəyalın vaxtılə top-top oynadığı həyətdə döyüş topu qurmuşdu. Uşaqlığını yaşaya bilməyən on minlərlə Xəyalların gəncliyinə, arzularına, xəyallarına tuşlanmışdı bu top… Üç metr aralıda isə kolun dibində tay-tuşları ilə 30 il əvvəl oynadığı rezin topun çürümüş qalıqları var idi. Təzada bir baxın, rezin topla dəmir top arasındaki üç metrlik məsafədə 30 illik bir həsrət dayanırdı. Bu topların biri xoşbəxtliyi, sevinci, biri isə ağrı-acını, anaların göz yaşını, naləsini yaşadırdı sinəsində…

…Qarşıda daha çətin və daha şərəfli iki tapşırığı var idi. Şuşa kimi incini düşməndən azad etmək və qızı balaca İnciyə Şuşanın düşməndən azad olunması haqqında raport vermək, onun dilindən “Atam erməniləri Şuşadan qovdu” – sözlərini eşitmək… Bunlardan birincisi Vətən qarşısında, şəhidlərimizin ruhu qarşısında əsgər borcu, ikincisi isə bir ata istəyi idi. Vətən qarşısında hər kəsin öz sahəsi üzrə borcu olmasına baxmayaraq, bu hissi ancaq Şuşanı azad edənlər, bu xəbəri övladları ilə bölüşən əsgərlər yaşaya bilər. Bəli, bu hissi yaşamaq üçün igid əsgərlərimiz keçilməz qayalardan, dağlardan çığır açdılar, ağır döyüşlərdən, odun-alovun içərisindən keçib, Şuşanı da erməni işğalçılarından azad etdilər.

İndi şəhid qanı tökülmüş keçilməz çığırlarda lalələr bitib. Neçə-neçə İncilər başlarını dik tutub atalarının qəhrəmanlığından danışır, “Atam erməniləri Şuşadan qovdu!”– deyir…
Allah bütün şəhidlərimizə rəhmət eləsin! İğid əsgərlərimizə isə torpaqlarımızın bütövlüyü uğrunda başladıqları bu müqəddəs yolun sonuna çatması üçün güc, qüvvət versin!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kapitanı Mədədzadə Xəyal Həsən oğlu Şuşada hərbi xidmətini davam etdirir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli  medalları ilə təltif edilib.

Kapitan Xəyal Mədədzadənin hər gün Şuşadan Xankəndiyə tərəf boylanarkən ürəyindən nələr keçdiyini anlamaq çətin deyildi. Xankəndini azad etmək, şəhid dostlarının qisasını almaq, onların ruhunu şad etmək, Xankəndi şəhərində şəhidlərimizin adını daşıyan küçələrdə gəzmək… Nə bilim, daha nələr, nələr…

Müzəffər Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə başladığı antiterror əməliyyatı zamanı düşmənin illərdir formalaşdırdığı terror yuvasını əsgərlərimiz qısa zamanda darmadağın etdi. Düşmən təslim oldu, ağ bayraq qaldırmaq məcburiyyətində qaldı. Xəyal Mədədzadə də silahdaşları ilə birlikdə Xankəndiyə daxil oldu. Həmin gün hamı kimi onun da arzularının reallaşdığı bir gün idi. İndi üçrəngli bayrağımız Xankəndi şəhərində və ətraf rayonlarda dalğalanmaqdadır.

30 ildən sonra Xan kəndinə qayıtdı…

Xankəndi Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Bu, bir eşq hekayəsidir  – Vətən eşqi… Xəyalın 30 il əvvəl Qubadlıdan başladığı şərəfli yol Xankəndiyə qədər uzandı. O, bu yolda oddan- alovdan keçdi, şəhid qardaşlarını, yaralı dostlarını qolları arasında, çiyinlərində daşıdı, əyilmədi, sınmadı, hər zaman başını dik tutdu. Addım-addım Vətənin bütövlüyünə doğru irəlilədi.

Vətənə bağlılıq onun üçün kol dibində qalan rezin topdan, babaların düzəltdiyi taxta tüfəngdən və  nənələrin yağlı dürməyindən başladı…

İndi dayandığın o küçə qoy bir şəhidin adını dünya durduqca yaşatsın, Cənab kapitan!

Rasim Mədəd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*