Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il oktyabrın 1-dək uzadılıb. Çoxları bu qərarı yalnız quru sərhədlərin bağlı qalması ilə əlaqələndirsə də, mövcud rejimin qüvvədə qalması dövlətə əlavə səlahiyyətlər də verir. Belə ki, bu müddət ərzində maska taxmaq, kütləvi toplantıları məhdudlaşdırmaq və ya distant təhsilə keçid kimi tədbirlərin tətbiqi mümkündür.
Bu qərar zəruridirmi? Quru sərhədlərin bağlı qalması şərtilə digər müddəalar ləğv edilə bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Aqil Abbas xatırladıb ki, quru sərhədlərin bağlanması təhlükəsizliklə əlaqəlidir:
“Bundan sonra maska taxmaq və ya distant təhsilə keçid kimi tədbirlərin tətbiq olunacağına inanmıram. Bu qərarın səbəbi koronavirus deyil, dünyada baş verən müharibələrdir. Əgər sərhədlər açıq olsaydı, bir çox qaçqınlar ölkəmizə gələcəkdi. Fikrimcə, sərhədlərin bağlı qalması ən doğru qərardır. Təhlükəsizlik hər şeydən öndədir”.
Deputat Elman Nəsirov bildirib ki, bəziləri pandemiyanın başa çatdığını əsas gətirərək karantin rejiminin tamamilə ləğvini tələb edirlər:
“Onlar müxtəlif suallar səsləndirirlər. Əgər pandemiya yoxdursa, nə üçün karantin rejimi tamamilə ləğv olunmur? Niyə quru sərhədlər bağlı qalır? Prezident İlham Əliyev postpandemiya dövründə dəfələrlə bu qərarın əsas səbəbinin təhlükəsizlik məsələləri olduğunu bəyan edib. Xüsusilə quru sərhədlərin bağlı qalmasının Azərbaycanı bir çox bəlalardan qoruduğunu vurğulayıb. Bu mövzuya fərqli yanaşanlar, alternativ arqumentlər gətirənlər artıq susublar. Çünki İsrail və İran arasında baş verən müharibə və onun fəsadları göstərdi ki, təhlükə realdır. Radiaktiv sızmalar, qaçqın axını və digər problemlər yarana bilərdi. Məsələn, hazırda Tehrandan olan insanların böyük qismi Türkiyə istiqamətində hərəkət edir. Azərbaycan isə bu problemdən kənardır”.
Millət vəkili qeyd edib ki, pandemiya rəsmi olaraq bitmiş sayılsa da, müxtəlif yoluxucu xəstəliklər hələ də yayılır:
“Bu baxımdan karantin rejimi maska taxılması və digər qoruyucu tədbirlər üçün hüquqi baza yaradır. Amma əsas səbəb məhz təhlükəsizlikdir”.