“Mövcud geosiyasi vəziyyət bir neçə mərkəzin manevr imkanlarını getdikcə azaldır. Qlobal oyunçular oyuna açıq kartlarla girirlər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Ayatsk” Analitik Mərkəzinin rəhbəri Karen Bekaryan deyib.
Onun sözlərinə görə, bu gün bir çox qlobal oyunçular Ermənistandan narazıdırlar. Qərb Ermənistanın iki stulda oturmasından narahatdır. Bunun nəticəsində razılaşmalar yerinə yetirilmir və ya qismən yerinə yetirilir. Bu səbəbdən indi tədricən açıq oyuna keçid yolu ilə manevr qabiliyyətinin sıfırlanması prosesi gedir.
Bekaryan hesab edir ki, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominin bəyanatı bu kontekstdə nəzərdən keçirilməlidir. Bekaryan bildirib ki, Qərb Nikol Paşinyanın Sankt-Peterburq sammitinə səfərinin qarşısını almaq istərdi: “Bu gün belə bir təəssürat formalaşıb ki, bizdən yalnız Rusiya narazıdır.
Amma bu narazılıq Qərbdə də var. Vəd vermək və yerinə yetirməmək artıq indiki hakimiyyətin iş metodudur. Biz bu iş üsullarını öz həyatımızda hiss edirik. Lakin xarici oyunçularla işləyərkən də bu metoddan istifadə olunur. Ona görə də bu gün Ermənistanla tərəfdaşlıq edən ölkələr Paşinyanın səmimiyyətinə inanmırlar”.
Vəli Həsənov,
KONKRET.az