ABŞ-nin növbəti prezidenti olmağa hazırlaşan Donald Trampın keçmiş əməkdaşı eks-prezidentin məxfi sənədlərlə bağlı yolverilməz davranışından danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Trampın 5 nömrəli əməkdaşı” adlandırılan Brayan Batler məxfi sənədləri eks-prezidentin şəxsi təyyarəsinə yükləməsindən bəhs edib.
Batler bildirib ki, hadisə 2022-ci ilin iyununda baş verib. O, Trampın mühafizəçisi Uolt Nauta və istintaqa cəlb olunmuş başqa birinə məxfi sənədlərlə dolu qutuları Mar-a-Laqodan hava limanına daşımaqda kömək edib. Amma o zaman eks-prezidentin şəxsi təyyarəsinə yüklənən qutuların içində məxfi sənədlərin olduğundan xəbəri olmayıb.
Həmin vaxt Tramp federal müstəntiqlərlə görüşdə imiş və Nyu-Cersidəki kurorta getməyə hazırlaşırmış. Federal müstəntiqlər keçmiş prezidentin əlindəki məxfi materialların geri qaytarılmasını müzakirə etmək üçün Trampın yanına gəlməli olublar. Bu, Federal Təhlükəsizlik Bürosunun Mar-a-Laqoya basqın etməsindən iki ay və xüsusi prokuror Cek Smitin məxfi sənədlərlə yanlış rəftar edildiyi barədə iddia irəli sürməsindən bir il öncə baş verib.
Batler diqqətə çatdırıb ki, ittiham irəli sürüləndən bəri ən yaxşı dostu olmuş, bu işdə adı keçən Karlos De Oliveyra ilə danışmayıb. O, qeyd edib ki, 20 illik rəhbəri olan Trampın yenidən prezident seçilməsini istəmir və seçicilər nə baş verdiyini bilməlidirlər.
“Düşünürəm ki, Amerika xalqının faktları bilməyə haqqı var. Mən qorxu içində yaşamaq istəmirəm. Bu ölkə növbəti prezidentin kim olacağına qərar verməlidir”, – deyə Batler vurğulayıb.
Xatirə SADİQ,
KONKRET.az