“Biz keçmiş qaçqın və köçkünlərimizi Qarabağa həm də ruhən və mənən bağlamalıyıq. 30 il ərzində onlar yaxınlarını dədə-baba yurdundan kənarda dəfn ediblər. Təklif edirəm ki, Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.
“İnsan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur.
Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu, Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhfə verəcək.
İşğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş qaçqın və köçkünlər dədə-baba yurdlarına qaytarılır. Bunlara rəğmən, bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.
Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastruktur yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin.
Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən evlərin yarı qiymətinə vətəndaş özü ev tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.