Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu görüşü keçirilib. Sərhədlərin dəqiqləşməsi fonunda Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarının taleyi ilə bağlı da məsələlər gündəmə gəlib. Eksklavların hansı şərtlər daxilində təhvil verilməsi, ora gediş-gəlişin necə olması aktuallığını qoruyur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı teleqraf.com-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov məsələnin fərqli rakursda həllinin mümkünlüyünə toxunub.
“Azərbaycanla Ermənistan arasındakı sərhəd xətlərinin dəqiqləşməsi və hər iki tərəfin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması başlıca şərtdir. Bunun ardınca hələ də Ermənistanın nəzarətində olan kəndlərin geri qaytarılması məsələsi həll olunacaq. Qazaxın 3, Naxçıvanın Kərki kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq”, – deyə o əlavə edib.
Komitə sədri tarixi Azərbaycan əraziləri olan bu kəndlərin məhz subyektiv səbəblərdən Ermənistanın nəzarətinə verildiyini bildirib:
“Tarixi sənədlərə istinad edilməklə bu məsələlər qaldırılmalıdır. Çünki Naxçıvanın Kərki kəndində heç vaxt ermənilər yaşamayıb. İndi Ermənistanın nəzarətində olsa da, o ərazilərdə tarixən azərbaycanlılar yaşayıb. Türkmənçay (1828-ci il) müqaviləsindən sonra bu ərazilərdə ermənilər məskunlaşdırılıb. Sonra isə azərbaycanlıların zorla deportasiyası nəticəsində ərazilərin erməniləşdirlməsi həyata keçirilib. Azərbaycanın eksklav kəndləri də bu şəraitdə yaranıb”.
Millət vəkilinə görə, sülh müqaviləsindən sonra eksklav kəndlərin Azərbaycana təhvil verilməsi mümkündür:
“1990-ci il hadisələrindən sonra ermənilər Kərki kəndinə hücum edib. Sədərək istiqamətində qanlı döyüşlər gedib. Mən də o döyüşlərin iştirakçısı olmuşam. Sonrakı proseslərdə isə Kərkidə insanların yaşaması çox çətin idi. Beləliklə, kənd sakinləri məcbur ərazini tərk edib. Nüvədi kəndinin də taleyi eyni cür olub. İki dəfə Nüvədidə olmuşam. Tarixi Azərbaycan kəndi olan Nüvədidə heç vaxt erməni yaşamayıb”.
Siyavuş Novruzov Kərki kəndinin strateji əhəmiyyətinə toxunub:
“Ermənistanın sənaye şəhərləri Kərki kəndinin ətrafında yerləşir. ABŞ-ın vəsaiti hesabına ermənilər Kərki kəndi yaxınlığnda metallurgiya zavodu inşa edir. İrəvana gedən strateji yollar belə bu kəndin yaxınlığından keçir. Kərki ilə İrəvan arasında top atəşi məsafəsi var”.