“Ötən həftə Qarabağda başlayan antiterror tədbirləri cəmi bir sutka çəkdi və nəticədə qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Bundan sonra məlum oldu ki, bəzi qruplar təslim olmaqdan boyun qaçırır və mübarizəni davam etdirmək niyyətindədir. Bunlar haqqında da tədbirlər görülür və həmin dəstələr də silahlarını təhvil verirlər. İndi ordumuz Qarabağ ərazisinə tam şəkildə nəzarət edir və erməni quldurlarının ərazidə saxladığı silah-sursat Azərbaycan tərəfinə təhvil verilir”.
Bunu KONKRET.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, antiterror tədbirlərindən sonra erməni separatçılarına aid strukturlar demontaj edilir:
“Ərazidə mövcud olan erməni silahlılarının tərksilah prosesi kifayət qədər sürətlə aparılır. Eyni zamanda, Azərbaycanda yaşamaq istəməyən ermənilərin təhlükəsiz şəkildə və rusların müşayiəti ilə Azərbaycan ərazilərindən yola salınması həyata keçirilir. Kifayət qədər yaşayış məntəqəsi artıq Azərbaycanın nəzarətindədir. Bu məntəqələrdə çox sayda silah, sursat və hərbi texnikalar qənimət kimi Azərbaycan tərəfindən nəzarətə götürülüb. Bir məsələni də diqqətinizə çatdırım ki, Azərbaycan tərəfindən Qarabağdakı ermənilərə yardım olaraq göndərilən yanacaq ərazini tərk edən ermənilərə verilmir”.
Ekspert əlavə edib ki, bütün hallarda proseslər Azərbaycanın dövlət və milli maraqları çərçivəsində sürətlə davam etməkdədir.
Vəli Həsənov,
KONKRET.az