“Yay mövsümünün sonu və payızın əvvəlində kirayə mənzil bazarında qiymət artımı proqnozlaşdırılır”.
Bu fikri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə KONKRET.az-a açıqlamasında səsləndirib:
“Avqustun sonu və sentyabrın əvvəllərində kirayə qiymətlərində 50-100 manat aralığında artım gözlənilir. Bu artım əsasən yeni tədris ilinin başlanması ilə Bakıya axın edən tələbələrin sayının çoxalması ilə əlaqədardır”.
Ekspert qeyd edib ki, hazırda kirayə bazarında stabillik müşahidə olunur.
“Bir otaqlı mənzillər 300 manat, iki otaqlı mənzillər 400 manat, üç otaqlı mənzillər isə minimum 500 manat qiymətinə təklif edilir. Yeni tikililərdə isə bir kvadrat metrin qiyməti orta hesabla 8 manatdan başlayır. Metro stansiyalarına yaxın mənzillərdə isə qiymətlər təxminən 15-20 faiz daha yüksəkdir”.
Ramil Qasımzadə əlavə edib ki, qiymət artımı əsasən noyabr ayına qədər davam edəcək.
“Bu müddətdə bazara kütləvi şəkildə müştəri daxil olur ki, bu da qiymətlərin qalxmasına səbəb olur. Lakin noyabrdan etibarən kirayə qiymətlərində yenidən stabilləşmə gözlənilir”.
Aynurə İsmayıl
KONKRET.az