KONKRET.az bildirir ki, 16 gündən sonra sovet inqilabçısı və dövlət xadimi, bir zamanlar ölkəmizə rəhbərlik etmiş (1921-26) və ölkəmizdə adına şəhərlər, qəsəbələr, küçələr, məktəblər olan, paytaxtımızın ən hündür yerində abidəsi ucalan (30 il əvvəl sökülmüş) Sergey Mironoviç Kirovun (1886-1934) 48 yaşında qətlə yetirilməsinin 85-ci ildönümü olacaq.
Öldürülən zaman Leninqrad vilayətinin rəhbəri olan Kirovun ölümü haqqında çox yazılıb, filmlər çəkilib. İlk baxışdan ortada müəmmalı heç nə yoxdur. Artıq aydındır ki, Kirovun qətli sifarişli olub, Stalin tərəfindən sanksiyalaşdırılıb. SSRİ rəhbərinin baş mühafizəçisi olmuş Nikolay Vlasikin xatirələri əsasında çəkilmiş çoxseriyalı bədii filmdə Kirovun qətlinin qadın üstündə, qısqanclıq zəminində baş verdiyi göstərilsə də, daha mötəbər mənbələr bunun heç də belə olmadığını söyləyir. Qısqanc ər belindəki silahla Smolnıya sıza bilməzdi.
Belə mötəbər qaynaqlardan biri də həmin vaxt Moskva şəhərinə rəhbərlik edən, sonradan 11 il ərzində SSRİ-nin başçısı olmuş və bu işin araşdırılmasına rrəhbərlik etmiş Nikita Xruşovdur.
Xruşov həmin hadisəni və onunla bağlı aparılan təhqiqata dair öz memuarında geniş yer ayırıb.
Nikita Sergeyeviç yazır:
“1934-cü ildə partiyanın XVII qurultayı oldu – o zaman bunu qaliblər qurultayı adlandırırdılar. (Sonradan bu qurultay “Güllələnmişlərin qurultayı” adını alıb, çünki qurultay iştirakçılarının 70 faizi güllələnib – red). Artıq nə partiyada, nə də qurultayda heç bir müxalifət yox idi. Bu, Leninin ölümündən sonra müxalifətin olmadığı ilk qurultay idi. Leninin sağlığında həmişə müxalifət olmuşdu.
İndi bütün təfərrüatı xatırlamaq mənə çətindir. Dekabrın əvvəllərində bir axşam telefon zəngi səsləndi. Zəng edən Kaqanoviç idi: “Mən Siyasi Bürodan zəng edirəm, xahiş edirəm, təcili bura gələsiniz”. Kremlə getdim, zala daxil oldum. Məni Kaqanoviç qarşıladı. Onun görkəmi nəsə çox dəhşətli və ürküdücüydü. O, çox həyəcanlanmışdı və gözü yaşarmışdı. Kaqanoviç dedi: “Bədbəxtlik üz verib. Leninqradda Kirovu öldürüblər. Hazırda Siyasi Büro bu məsələni müzakirə edir. Ora nümayəndə heyətinin getməsi nəzərdə tutulur: Stalin, ola bilər, Voroşilov, Molotov, Moskva partiya təşkilatından şəxslər, bir də moskvalı fəhlələr, 60 nəfər. Moskva nümayəndə heyətinə sizin rəhbərlik etməyiniz lazımdır. Siz orada fəxri matəm qarovulunda duracaqsınız və cənazəni Leninqraddan Moskvaya müşayiət edəcəksiniz”.
Mən dərhal Moskva komitəsinə getdim. Öz nümayəndə heyətimizi müəyyənləşdirdik və həmin gün gecədən keçmiş Leninqrada çıxdıq. Stalini, Voroşilovu və Molotovu nə qatara minəndə, nə də ora çatanda görmədim, çünki onlar ayrıca, xüsusi vaqonda gedirdilər. Leninqrad dərin matəm içindəydi (hərçənd ola bilər, bu, mənim şəxsi yaşantımdır). Biz şəhər və vilayət partiya komitələrinin katiblərini, bir çox başqa insanları dərin hüzn içində gördük. Orada köhnə tanışlarla da görüşdüm. Xüsusilə də Leninqrad Vilayət Partiya Komitəsinin ikinci katibi Çudovla yaxşı münasibətlərim vardı. O, yaraşıqlı, simpatik, bütün yoldaşların hörmət etdiyi adam idi. Biz hamımız əllərimizi yana açırdıq, nə baş verdiyini bilmirdik. Təkcə onu bilirdik ki, Kirovu Leonid Nikolayev adlı bir şəxs öldürüb. Bizə danışdılar ki, Nikolayev ya partiyadan xaric edilibmiş, ya da Trotskinin tərəfdarı olan müxalifətdə iştirakla bağlı nəsə deyibmiş – ona görə də bu qətl trotskiçilərin işidir. Belə görünür ki, qətli onlar təşkil ediblər və bu, bizdə səmimi hiddət doğurdu.
İndi Leninqradda neçə gün qaldığımızı xatırlamıram. Leninqradlılar Kirovun nəşi ilə vidalaşanda biz qarovulda durmuşduq, məncə, bir neçə dəfə orada olduq. Sonra cəsəd Moskvaya gətirildi və dəfn edildi. Stalinin və Siyasi Büronun digər üzvlərinin Kirovun ölümünə dair yaşantıları necə oldu, deyə bilmərəm. Gördüyüm qədəri ilə Kaqanoviç sarsılmışdı, məncə, hətta qorxmuşdu. Mən Stalini Leninqradda qarovulda dayanan zaman gördüm. Ancaq o, özünü idarə etməyi bacarırdı və üzü tamamilə sakit idi. Həmin vaxt mən onun Kirovun ölümüylə bağlı üzüntüdən başqa nələrsə düşünə biləcəyini ağlıma gətirmirdim.
Mən Kirovla o qədər də yaxından tanış deyildim. Bir dəfə Moskvada kiminsə dəfnində çıxış etmişdik. Kimi dəfn edirdik, yadımda deyil. O zaman Kaqanoviç mənə dedi: “Sizin çıxış etməyiniz lazımdır, ancaq nəzərə alın ki, Kirov da orada çıxış edəcək. Kirov çox yaxşı natiqdir, ona görə də siz yaxşı-yaxşı düşünün, yoxsa barənizdə təəssüratlar xoş olmaya bilər”. Mən cavab verdim ki, bacardığımdan artıq heç nə edə bilmərəm, Kirovla da yarışası deyiləm, bəlkə kimsə başqası çıxış etsin? “Yox, göstəriş veriblər ki, siz çıxış edəsiniz”. Beləcə, çıxış etdim. Çıxışımdan dərhal sonra Kaqanoviç mənə yaxınlaşdı: “Əla, parlaq çıxış etdiniz. Bu, Stalin tərəfindən qeyd edildi. O dedi ki, Kirovla yanaşı çıxış etmək çox çətindir, amma Xruşov yaxşı çıxış etdi”.
… Məişətdə Kirov çox danışan adam deyildi, amma insanların önündə natiq idi. Mənim onunla birbaşa təmaslarım olmamışdı, sonradan Mikoyandan Kirov barədə soruşdum. Mikoyan Kirovu yaxşı yanıyırdı. O mənə dedi: “İndi sənə necə cavab verim? İclaslarda o, bir dəfə də olsun, hansısa məsələ barədə çıxış etmirdi. Eləcə, susurdu. Hətta bilmirəm ki, bu, nə məna verir”.
Eşitmişdim ki, Kirov hətta ac adamlarla da dil tapa bilirmiş. 1919-cu ildə o, Həştərxana gedib, yeməyə heç nə yox imiş, amma o, ac kütlənin qarşısında çıxış edəndə adamlar aclıqlarını unudaraq ona qulaq asıblar. O, əlbəttə ki, ağıllı adam idi, nə danışmaq lazım olduğunu bilirdi. Bəli, o, əsl natiq idi! Mən ona partiyanın qurultayında qulaq asmışdım. O, hazır mətn olmadan və məşq edilmiş əl-qol hərəkətlərinə yol vermədən danışırdı.
Partiyanın XX qurultayından sonra biz günahsız yerə mühakimə olunmuş şəxslərin işini təfərrüatlı şəkildə yoxlamaq üçün komissiya yaratdıq. Komissiya sədrliyinə Nikolay Şvernik təsdiqləndi. Mən komissiyanın tərkibinə Olqa Şatunovskayanın daxil edilməsini təklif etdim. O özü 16 il həbs cəzası çəkmişdi və mənim gözümdə partiyaya sadiq olan dürüst biri idi. Komissiyaya təxminən 20 il həbs cəzası çəkmiş daha bir yoldaşı da cəlb etdik. Məsuliyyətli bir komissiya yaradıldı. Bu komissiya məsələləri araşdırmalı və öz yekun rəyini bildirməliydi: Stalin dövründə bu qədər dürüst insanın “xalq düşməni” kimi həlak olması necə baş verib?
Təbii ki, ilk növbədə Kirovun qatili Nikolayevin kimliyi və onu buna sövq edən səbəbləri araşdırmağa başladıq. İşlə tanış olmağa başlayarkən məlum oldu ki, Kirovun öldürülməsindən bir qədər əvvəl Nikolayev çekist təşkilatı tərəfindən Smolnı binasının yaxınlığında, yəni Kirovun çalışdığı təsisatın önündə saxlanılıb. Nikolayev nəyə görəsə mühafizədə şübhə doğurub və onu saxlayaraq, üstünü axtarıblar. Ondan revolver tapılıb. Bu əşyayi-dəlilə (o zamanlar buna olduqca ciddi yanaşılırdı), eləcə də onun xüsusi mühafizə olunan, Siyasi Büro üzvlərinin və Leninqrad vilayət və şəhər partiya komitələrinin bütün rəhbərliyinin gəlib-getdiyi rayonda saxlanmasına baxmayaraq, Nikolayev sərbəst buraxılıb – komissiya bizə bu cür məruzə edirdi. Üstündən bir müddət keçəndən sonra isə Nikolayev Kirovu öldürür. Bütün bu faktlar komissiyanı da, bizi də əndişələndirdi.
Axı Nikolayev Kirovu meydanda güllələməmişdi. Xeyr! O, Smolnıya keçmiş, yalnız Kirovun istifadə etdiyi girişə daxil olmuş və onu pilləkənlə yuxarı qalxarkən öldürmüşdü. Bu, dərhal şübhə doğururdu ki, Nikolayev oraya kimlərsə tərəfindən terror aktı törətmək üçün göndərilib. Buna qədər Nikolayev öz davranışı ilə şübhəli görünmüş və onu saxlamışdılar, ancaq yuxarıdan verilən göstərişə əsasən azad olunmuşdu. Bundan başqa, Nikolayev daha sonra Smolnıya giriş imkanı qazanmış, Kirovun işlədiyi vilayət partiya komitəsinin pilləkənində onu qarşılamış və güllələmişdi. Əlində hakimiyyət olan şəxsin köməyi olmadan bunu etmək, ümumiyyətlə, mümkün deyildi. Çünki Smolnının bütün girişləri mühafizə olunurdu, Kirovun istifadə etdiyi giriş isə xüsusi sayıqlıqla qorunurdu. Bunu yalnız həmin girişə əli çatan adamlar təşkil edə bilərdi.
Biz hamımız sarsılmışdıq. Araşdırmanı davam etdirdik. Bəlkə iştirakçılardan kimsə bu işin bütün təfərrüatlarını əvvəlcədən bilirmiş, amma indi susur. Əlbəttə, şübhəsiz ki, Stalinlə birlikdə Leninqrada gedən Molotov və Voroşilov bəzi şeyləri bilirdilər. Komissiya məruzə etdi ki, Nikolayevi şəxsən Stalinin özünün sorğu-suala tutduğuna dair məlumat əldə edib. Bu barədə köhnə bolşeviklərdən kimsə danışıb, ancaq təbii ki, bu barədə heç bir sənəd ola bilməzdi. Guya ki, iş belə olub: Nikolayevi Stalinin yanına gətirəndə o, düz çöküb və deyib ki, bunu partiyanın adından kiminsə “tapşırığı əsasında” edib. Qeyd etmək lazımdır ki, Stalinlə danışmazdan əvvəl Nikolayev müstəntiqlərin suallarına cavab verməkdən boyun qaçırıb və tələb edib ki, onu Birləşmiş Dövlət Siyasi İdarəsinin mərkəzi aparatına təhvil versinlər. O, iddia edib ki, heç bir günahı yoxdur, nəyə görə belə hərəkət etdiyini Moskvada bilirlər. Ona “tapşırıq” verilmişdi, ya verilməmişdi, mənə mühakimə etmək çətindir. Əgər tapşırıq olubsa, o zaman o, tapşırığı yerinə yetirmişdi. Ancaq bu, kimin tapşırığı ola bilərdi?
(Ardı var)