Kiyevin meri Vitali Kliçko Rusiyanın infrastruktura hücumları davam edərsə, bu qış Ukrayna paytaxtında mümkün “apokalipsis” ssenarisi haqda xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kliçkonun sözlərinə görə, şəhər işıqsız, susuz və istiliksiz qala bilər.
“Hollywood filmlərində olduğu kimi, temperaturun aşağı olması səbəbindən evdə yaşamaq mümkün olmayanda apokalipsis baş verə bilər”, – deyə mer izah edib.
O, temperaturun -15 dərəcəyə enə biləcəyi təqdirdə şəhərin mərkəzi istiliksiz qala biləcəyi mümkün ssenari haqda danışıb.
“Əgər elektrik enerjisi olmasa və çöldəki temperatur aşağı olarsa, təəssüf ki, binalardan suyu boşaltmağa məcbur olacağıq. Əks halda, su donub bütün santexnika şəbəkəsini sıradan çıxara bilər və sonrakı istifadə üçün tamamilə yararsız hala düşə bilər”, – deyə Kliçko əlavə edib.
Eyni zamanda, o, sakinlərin hazırda təxliyəsinə ehtiyac olmadığını dilə gətirib.
Kliçko əmin edib ki, şəhər rəhbərliyi “bunun baş verməməsi üçün mübarizə aparır və mümkün olan hər şeyi edir”.
Bundan əvvəl Kliçko Kiyev sakinlərini elektrik enerjisinin planlaşdırılmış kəsilməsinə 30-40 dəqiqə qalmış liftlərdən istifadəni dayandırmağa çağırıb və kabinədə ilişib qalmaq təhlükəsi barədə xəbərdarlıq edib.
Günel Mikayılova,
KONKRET.az