Komandirini xilas edərkən şəhidlik zirvəsinə ucalan qəhrəman – FOTOLARbackend

Komandirini xilas edərkən şəhidlik zirvəsinə ucalan qəhrəman - FOTOLAR

44 günlük Vətən Müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. Bu haqq savaşında qələbə qazandığımıza görə şəhidlərimizə və qazilərimizə borcluyuq.

Bu dəfə o şəhidlərdən birindən, Vətən Müharibəsi zamanı düşmənə gözdağı verən Məmmədov Zəbiyulla Şahin oğlundan danışacağıq.

KONKRET.az xəbər verir ki, Zəbiyulla Məmmədov 2000-ci il aprel ayının 14-də Bakıda anadan olub. 2006-2015-ci illlərdə Nizami rayonu Y.Kovalyov adına 229 saylı tam orta məktəbində təhsil alıb. Həmçinin 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisasıına yiyələnib. 2015 – 2019-cu illərdə Asəf Zeynallı adına musiqi kollecininin tar ixtisasında oxuyub. Təhsil aldığı illərdə tədbirlərdə iştirak edib və bir neçə əsər bəstələyib.

Qeyd edək ki, Zəbiyulla kolleci bitirəndən sonra 2019-cu il oktyabr ayının 2-dən hərbi xidmətə yollanıb. Karantini Ballıqayada keçirdikdən sonra öz istəyi ilə kəşfiyyatçı olub. Karantindən sonra Goran, daha sonra isə Goranboyda hərbi qulluğunu davam etdirib. Vətən Müharibəsi başlayandan Ağdərə, Talış kəndi, Suqovuşan istiqamətlərində qəhrəmanlıqla döyüşüb.

Komandirinin sözlərinə görə, şəhidlik zirvəsinə ucalmazdan öncə Zəbiyullanın boynundakı ağrılar səbəbindən onu  tibb məntəqəsinə aparıb və üç gün orda qalacağını deyib. Lakin səhəri gün Zəbiyulla Məmmədovu əsgərlər üçün ayrılan otaqda gördükdə təəccüblənib. Niyə burada olduğunu soruşduqda belə cavab verib: “Sizi tək buraxmaram, mən də sizinlə gedirəm”.

Komandiri deyir ki, otaq bir nəfər üçün nəzərdə tutulduğundan ondan harada yatdığını soruşub, Zəbiyulla isə cavabında “Biz iki qardaş qucaqlaşıb yatmışıq”, – deyə bildirib. Bu, onun son gecəsi olub. Səhəri gün əsgərlərdən 90 nəfər dağa qalxıb. Komandiri Zəbiyullaya “Mən əsgərləri mövqelərə yerləşdirim, gələcəm”, – deyərək gedib. Elə bu an komandirin yanında minamyot partlayıb və onu bir neçə metr kənara atır. Zəbiyulla komandirini bu vəziyyətdə görüb, öz  mövqeyini ataraq köməyə qaçıb. Bu an onun özü də minamyot zərbəsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb. Zəbiyullanın əsgər yoldaşları onun nəşini 12 km çiyinlərində hərbi hissəyə qədər daşıyıblar. Komandiri onun çox şücaəətlərinin olduğunu deyib və dövlət tərəfindən ordenlə təltif olunacağını bildirib.

Zəbiyulla hərbi xidmətə gedərkən atası ona zarafatla “iki erməni öldürüb gələrsən” deyibmiş. Müharibənin ilk günlərində Zəbiyulla atasına zəng vuraraq, “Ata, sən mənə nə demişdin, yerinə yetirdim onu!”, – deyib.

Qeyd edək ki, Məmmədov Zəbiyulla Şahin oğlu müharibənin 39-cu günü, yəni oktyabr ayının 4-də yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Müşfiq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*