“Ümumiyyətlə, ölkədəki yeni tikililərdə olan idarəetmə fondlarının 99 faiz qanunlara zidd şəkildə fəaliyyət göstərir. Orta hesabla 2200 yeni binada təxminən 1 milyona yaxın mənzil sahibi bu problemdən əziyyət çəkir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a əmlak eksperti Elnur Azadov deyib.
O bildirib ki, hətta həmin müştərək cəmiyyətlərin bir çoxunun fəaliyyətində oxşar qanunsuzluqlar var:
“Komendant özbaşınalığı, yaşayış komplekslərində vəsaitlərin özbaşına toplanması, “yeyilməsi” və s. kimi faktları sadalamaq olar. İndiyədək təxminən 2200 yeni binada cəmi-cümlətanı 200-220-də müştərək cəmiyyətlər yaradılıb. Hətta həmin müştərək cəmiyyətlərin bir çoxunun fəaliyyətində qanunsuzluqlar var.
Adətən, vətəndaşlardan vəsait toplanılır və bu vəsait özlərinə qarşı istifadə olunur. Yəni bu vəsaitdən yalnız komendantlar və idarəçilər faydalanırlar. Bu problem təxminən 1 milyona yaxın mənzil sahibini əhatə etməkdədir.
Kommunal haqların ödənilməməsinə görə liftdən istifadənin məhdudlaşdırılması, blokun giriş qapısının bağlanması kimi sanksiya addımlar birbaşa bina komendantlarının özbaşınalığıdır. Axı kommunal haqları ödəməyən hansı şəxslərdir? O adamlar ki, bu kimi özbaşınalıqları qəbul etmirlər!
Misal üçün, blokların qapısına quraşdırılmış “domofon” (çağrı aparatı – red.) bütün yaşayış komplekslərində var. Məntiqlə bunu təhlükəsizliyə görə edirlər ki, oğrular binaya girməsin. Amma oğruya lazım olsa, blokun qapısında dayanacaq və min bir bəhanə ilə hansısa sakinlə birlikdə binaya girəcək”.
Elnur Azadov vurğulayıb ki, sakinlər onlara təklif olunan fərdi xidmətlərin seçilməsində azaddır:
“Mən şəxsən geniş şəkildə rastlaşdığım bir şeyi deyəcəm. Misal üçün, internet və kabel televiziyası. İstənilən provayder çoxmənzilli binaya daxil olub öz xidmətlərini vətəndaşlara təklif edə bilər. Təəssüf ki, yeni tikililərdə bu mümkün deyil. Bütün sakinlər məcburdur bir provayderdən istifadə etsin.
Ona görə ki, hər abonentdən aybaay komendant, yaxud idarəedici şirkət yararlanır. Konkret desək, komendant haqq alır.
Ümumiyyətlə, kooperativlərin, müştərək cəmiyyətlərin yaradılması düzgün aparılmır. İdarəetmə təşkilatçılığı yoxdur. Qanunla bu məsələ birbaşa vətəndaşların üzərinə düşür. Olmayan yerdə sosial rifahı təmin etmək üçün bu işi bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli idarəetmə qurumu olduğu üçün vətəndaşlar arasında təbliğat işi aparmalıdır. Onlar izah etməlidir ki, sakinlər müştərək cəmiyyətlər yaratsın. Amma bələdiyyələr özlərinə baş ağrısı olmasın deyə heç nə etmir. Ona görə də ölkədə yaşayış komplekslərinin 90 faizində müştərək cəmiyyət yaradılmayıb.
Bina tikən bunu öz biznesi kimi əlində saxlayır və bu, illər boyu davam edir. Qanunvericiliklə əgər sakin xidmət haqqını ödəmirsə, müştərək cəmiyyət ona qarşı müəyyən sanksiyalar tətbiq edə bilər. Yalnız müştərək cəmiyyət vətəndaşları məhkəməyə verə bilər. MTK yaxud hansısa qeyri-qanuni komendant yox”.